Almaniyanın populyar "Reimemaschine" ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin alman dilinə tərcümə edilmiş "Ey həq əhli, yəqin imiş bu xəbər" şeirinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin alman dilinə tərcümə müəllifi tanınmış alman tərcüməçisi Martin Remanedir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Volfqanq Höte, Fridrix Şiller, Emili Dikinson, Ceyn Ostin, Pablo Neruda kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır.
Nəsimi
(1369-1417)
· İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369-cu ildə Azərbaycanın qədim şəhəri olan Şamaxıda anadan olmuş və ədəbi irsinin böyük bir hissəsini, demək olar ki, ana dilində yazmışdır;
· "İmadəddin Nəsimi" adı ilə məşhurdur;
· ilk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir;
· Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir;
· 2019-cu ildə Azərbaycanda "Nəsimi ili" elan edilmişdir;
· UNESKO-nun qərarı ilə Nəsiminin 600 illik yubileyi bütün dünyada qeyd edilmişdir.