“Aydın yol” məşhur İsveç yazıçısı Astrid Lindqrenin (1907–2002) hekayəsini təqdim edir.
BÖYÜK BACI, BALACA QARDAŞ
(hekayə)
– İndi, – böyük bacı balaca qardaşına dedi, – sənə bir nağıl danışacağam, bəlkə, bir müddət dəcəllikdən əl çəkdin.
Balaca qardaş baş barmağını divardakı zəngli saatın içinə soxub, dayanıb-dayanmayacağını yoxlamaq istəyirdi. Axır ki, məqsədinə çatdı, saat dayandı. Sonra mısmırığını sallayıb bacısına çəmkirdi:
– Söylə görək.
– Bilirsən? – böyük bacı nağılına başladı. Biri var idi, biri yox idi, bir padşah var idi. O, başında tac taxtda əyləşmişdi. Padşahın bir oğlu var idi. Günlərin birində padşah oğluna dedi ki, ağır xəstələnib, özünü pis hiss edir.
– Padşah haradan bilirdi ki, şahzadə özünü pis hiss edir? – balaca qardaş masanın üstünə dırmaşaraq soruşdu.
– Şahzadənin yox, padşahın halı pis idi, – böyük bacı hövsələsiz halda cavab verdi.
– Bunu bayaqdan de də, – balaca qardaş suallarını davam etdirdi. – O, qurd yağı içirdi?
– Kim, padşah?
– Əlbəttə, padşah, – balaca qardaş dedi. – Əgər xəstə o idisə, özünü o, pis hiss edirdirsə, onda qurd yağını şahzadəyə vermək axmaqlıq olardı.
– Sən nə gic-gic danışırsan! – böyük bacı balaca qardaşın üstünə qışqırdı. – Nağılda qurd yağından söhbət belə getmir.
– Belə de, – balaca qardaş tavanın ortasından asılmış çilçırağı yırğalamağa başladı.
– Bu, ədalətsizlikdir axı, mən xəstələnəndə qurd yağı içməliyəm.
– Padşah bərk xəstələndiyinə görə oğluna dedi ki, o, alma dalınca uzaq ölkəyə getməlidir, – böyük bacı nağıla davam etmək istədi.
– Ancaq padşah ağıllı hərəkət etmir, özünü pis hiss eləyirsə, alma üçün uzaq bir ölkəyə getmək nəyə lazımdır axı? – balaca qardaş soruşdu.
– Sən məni dəli edəcəksən, – böyük bacı deyindi. – Səfərə şahzadə çıxmalıdır, alma dalınca o getməlidir.
– Onda belə de də, – balaca qardaş çilçırağı daha bərk yellətməyə çalışırdı. – Amma nəyə görə mütləq uzaq bir ölkəyə getməli idi? Məgər yaxınlıqda alma ağacı yox idi?
– O, adi alma deyildi, başa düşürsən? Sehrli alma idi. Xəstələr onu iyləyən kimi sağalırdılar.
– Əminəm ki, onun xəstəliyi qurd yağı ilə də sağala bilərdi. Biletə bir ətək pul verib almaya görə uzaq ölkəyə getməyə ehtiyac da olmazdı, – balaca qardaş barmağı ilə corabındakı deşiyi dartışdıraraq daha da böyütməyə çalışdı.
– Şahzadə qatara minmirdi, – böyük bacı dedi.
– Eləmi? – balaca qardaş təəccübləndi. – Gəmi ilə getmək də o qədər ucuz başa gəlmir.
– O nə gəmi ilə, nə də qatarla getdi. Uçdu!
Nəhayət, nağıl, az da olsa, balaca qardaşa maraqlı görünməyə başladı.
– “Boinq”lə? – o, corabını yırtmaqdan bir anlığa əl çəkdi.
– “Boinq”lə uçmadı, – böyük bacı könülsüz halda cavab verdi. – Xalçanın üstündə uçdu…
– Dayan, dayan! – balaca qardaş onun sözünü kəsdi. – Elə bilirsən, sənin dediklərinin hamısına inanıram?
– Ancaq hər şey danışdığım kimi olub, – böyük bacı etiraz etdi. – Şahzadə xalçanın üstündə oturub: “Uç, uzaq ölkəyə uç”, – deyir. Xalça da dərhal göyün yeddinci qatına qalxaraq dərələrin, təpələrin, dənizin üzəri ilə uçmağa başlayır.
– Sən də buna inandın! – balaca qardaş təmkinini pozmadı. – İndi sənə xalça-təyyarəni göstərərəm! – o, masadan aşağı tullanıb sobanın qarşısına sərilmiş balaca palazın üstündə oturdu. – Uç, dənizin o tayına, uzaq ölkələrə uç! – dedi, ancaq xalça tərpənmədi. – Görürsən? Mən belə də bilirdim! Palazın üstündə dənizin o tərəfindəki ölkələr bir yana, heç Sedertelyeyədək də uçmaq olmaz!
– Belə kütbeyin olduğun üçün sənə daha nağıl danışmayacağam, – böyük bacı incik halda dilləndi. – Başa düşmürsən ki, o, adi xalça deyildi, hind rəmmalının toxuduğu əsl sehrli xalça idi.
– O xalçanı hind dəllalının, ya gonbul isveçlinin toxumasının nə fərqi var? – balaca qardaş mızıldandı.
– Səfeh suallarına son qoy! – böyük bacı incidi. – Mən dəllal yox, rəmmal dedim. Rəmmal sehrkardır. Şahzadə isə xalçanın üstündə uçur, vəssalam. O uçdu, uçdu, hey uçdu…
– Nə yaman zəhlətökənsən! Elə uzun-uzadı danışırsan ki, şahzadə alma ilə qayıdanacan padşah yüz dəfə ölüb-dirilər, – balaca qardaş səsləndi. – Ümumiyyətlə, mənə elə gəlir ki, şahzadə yolda almanı özü yeyəcək.
– Elə deyil! – böyük bacı etiraz etdi. – O, ağıllı şahzadə idi, sənin kimi sarsaq deyildi. Almanı əldə etməkdən öncə böyük divə qalib gəlməli idi.
– Neçə turda? – balaca qardaş maraqlandı.
– Sən nə haqda danışırsan! Onlar üçün tur-filan yox idi!
– Necə yəni yox idi? Belə çıxır ki, şahzadə divi bir yumruğu ilə nokauta salıb?
– Sən mənə qulaq asacaqsan, ya yox? – böyük bacı hirslənsə də, nağılına davam etdi. – Div şahzadəni görən kimi dedi: “Ha-ha! İndi burada xristian qanı töküləcək!”
– Xristian qanı nə olan şeydir? – balaca qardaş təəccübləndi. – Burundan gələn qandır? Mən şahzadənin yerinə olsaydım, divə elə vurardım ki, burnu sınsın! Ona xristian qanının nə olduğunu göstərərdim! Elə hay-küy salardım ki!
– Hə, sənə nağıl danışmaq asan iş deyil, – böyük bacı dedi.
– Məncə, nağıl çox maraqlıdır! – balaca qardaş etiraz etdi.
– Qulaq as, nəhayət, şahzadə divi öldürəndən sonra almanı götürüb sinəsinə basdı.
– Div almanı sinəsinə basdı? – balaca qardaş təəccübləndi. – Axı şahzadə onu artıq öldürüb!
– Vay! – böyük bacı qışqırdı. – Vay-vay-vay!!! Şahzadə almanı sinəsinə basıb demək istəyirdim.
– Şahzadə almanı divin sinəsinə basdı? Nə üçün? Almanı götürüb üstünə yarpaqlar atsaydı, bəs edərdi!
– Sən məni dəli edəcəksən! – böyük bacı qışqırdı. – Şahzadə divi sıxdı… Yox, mən nə danışıram? Almanı sıxdı…eeeh, məni gic-gic suallarınla lap çaşbaş saldın.
– Narahat olma, indi sənə danışaram, hər şey necə olub, – balaca qardaş böyük bacını sakitləşdirməyə çalışdı. – Birinci şahzadə almanı divin alnına sıxır, sonra div uçan xalçanı şahzadənin alnına sıxıb deyir: “Uç, uç dənizin o tayına, uç uzaq ölkələrə!” Bu zaman şahzadə almanın üstündə oturub Sedertelyeyə uçur, div boynunda xalça onun arxasınca qaçır. Div o qədər kök olur ki, adam onu iyləyən kimi sağalır! Sənin uzun-uzadı, darıxdırıcı nağılından təngə gəlmiş padşah isə divi görən kimi onu şahzadənin sinəsinə sıxır, xalça almanı yeyir və onlar, şükür, şad-xürrəm ömür sürürlər!
– Bir də sənə heç vaxt nağıl danışmayacağam, – böyük bacı dedi.
– Doğrudan? – balaca qardaş sevincək soruşdu.
Tərcümə edən: Nəriman Əbdülrəhmanlı