“Aydın yol” məşhur Amerika yazıçısı Şervud Andersonun (1876–1941) hekayəsini təqdim edir.
Deyilməmiş yalan
(hekayə)
Rey Pierson və Hel Vinterz Vaynzburqdan üç mil şimalda yerləşən fermanın fəhlələri idi. Onlar şənbə axşamları şəhərə gəlir və buradakı dostları ilə küçələri gəzib-dolaşırdılar.
Əlliyaşlı Rey təbiətcə sakit, amma daxilən əsəbi adam idi. Saqqalı qəhvəyi rəngə çalırdı və çox işləməkdən çiyinləri əyilmişdi. Hel Vinterzlə dost olsalar da, xasiyyətcə bir-birilərinə tamam zidd adamlar idilər.
Həyat Reyi çox ciddi adam eləmişdi. Sərtxasiyyətli, acıdil bir arvadı var idi. Onlar can-cüssəsiz uşaqları ilə birgə Reyin işlədiyi Vilz fermasının arxasından axan çayın sahilindəki köhnə, uçuq-sökük daxmada yaşayırdılar.
İş yoldaşı Hel Vinterz cavan oğlan idi. Vaynzburqda xüsusi hörməti olan Ned Vinterzin ailəsi ilə heç bir qohumluğu yox idi. Altı mil uzaqlıqdakı Yunionvildə dəyirmanı olan atası Vindpeter Vinterzi Vaynzburqda hamı əxlaqsız və pis adam kimi tanıyırdı.
Vaynzburqun yerləşdiyi Şimali Ohayoda Vindpeterin qeyri-adi və faciəli ölümünü bilməyən yox idi. Bir axşam içib sərxoş olduqdan sonra o, dəmiryolunun içi ilə Yunionvildəki evinə gedirmiş. Yolda onu görən qəssab Henri Brattenberq bir azdan buradan qatarın keçəcəyini deyib. Amma sərxoşluqdan nə etdiyini bilməyən Vindpeter qamçıyla onu vuraraq sözünü axıracan deməyə belə imkan verməyib. Qatar onu və faytonuna qoşulmuş iki atı vuranda yoldan keçən bir fermerlə arvadı hadisəni görmüşdü. Onlar danışırdılar ki, Vindpeter üstünə gələn qatarı görəndə nə edəcəyini bilmədən qışqırmağa və qışqıra-qışqıra ağzına gələn söyüşləri deməyə başlayıb. Dəhşətdən çaşbaş qalmış atlar isə dəmir yolundan çəkilmək əvəzinə birbaş parovozun üstünə qaçıblar. Corc Villard və Ses Riçmond kimi cavanlar bu hadisəni yaxşı xatırlayırdılar və Vaynzburqda hamı Vindpeterdən canlarını qurtardıqlarını, dünyadan bir pis insanın azaldığını deyərək çox üzülməsələr də, o vaxt hələ yeniyetməliyə təzə qədəm qoyan oğlan uşaqları Vindpeterin bu hərəkəti qəsdən, bilə-bilə etdiyini düşünərək cəsarətinə heyran qalmışdılar. Onların çoxu Vaynzburqda cansıxıcı həyata davam edib, mağazada satıcı işləməkdənsə bu cür şöhrətli ölümü arzulayırdılar.
Əslində, bu hekayəmiz nə Vindpeter Vinterz, nə də Rey Piersonla birgə Vilz fermasında işləyən oğlu Hel Vinterz haqqındadır. Amma bu hekayəni yaxşı anlamağınız üçün Hel haqqında da bəzi şeyləri bilməlisiniz.
Hel çox pis adam idi. Bunu hamı bilirdi. Qardaşları Corc və Edvard da xasiyyətcə ona oxşamışdı. Üçü də ataları Vindpeter kimi canlı-cüssəli, yekəpər, dalaşqan və arvadbaz idi.
Hel üç qardaşdan ən pisi idi. Bir dəfə atasının dəyirmanındakı taxtalarını oğurlayıb satmışdı. Qazandığı pula isə ucuz, amma yaraşıqlı paltarlar almış və yaxşıca içib keflənmişdi. Atası oğlunu söyə-söyə qəsəbəyə gələndə yolda bir-biriylə rastlaşmış və yumruq savaşına çıxmışdılar. Sonra polis hər ikisini tutub həbsxanaya salmışdı.
Helin Vilz dəyirmanında işləməyinin səbəbi vurulduğu müəllimənin o tərəflərdə yaşaması idi. Həmin vaxt Helin iyirmi iki yaşı var idi. O vaxta qədər Hel neçə qızla sevgili olub onları aldatmış və bu işlərinə görə Vaynzburqda əməlli-başlı ad çıxarmışdı.
Onun həmin məktəb müəlliməsinə vurulduğunu eşidən kimi, hamı bu məsələnin nə ilə qurtaracağını əvvəlcədən təsəvvüründə canlandırmışdı. “Yazıq qızın başına, Allah bilir, nə oyunlar açacaq” – deyə düşünmüşdülər.
Oktyabrın axırlarında Rey və Hel yenə tarlada işləyirdi. Onlar qarğıdalının qabığını çıxara-çıxara söhbət edir, hərdən deyib-gülürdülər. Söhbətləri kəsiləndən sonra araya sakitlik çökdü. Həddən artıq həssas adam olan Rey yorulduğunu hiss elədi. Əllərini bir-birinə vuraraq pencəyinin ciblərinə qoydu. Başını qaldırıb tarlaya göz gəzdirdi. Həmin gün kəndin gözəlliyi ona çox təsir eləmişdi. Əgər siz də payızın o çağında Vaynzburqda olsaydınız, uzaqlara səpələnmiş sarı-qırmızı təpəcikləri görsəydiniz, Reyin nə hisslər keçirdiyini yaxşı anlayardınız.
Gənclik illəri, atası ilə birgə yaşadığı vaxtlar, sonra Vaynzburqda bir çörəkçi ilə eyni evi bölüşdüyü zamanlar yadına düşmüşdü. Həmin günlər qoz-fındıq yığmaq, dovşan ovlamaq üçün hər gün necə həvəslə meşəyə yollandığını, bəzən hər şeydən yorulub, sadəcə, siqaretini çəkə-çəkə yaşıl ağacların sırayla düzüldüyü yamyaşıl meşədə gəzdiyini xatırlayırdı. Elə həmin vaxt, gəzintilərin birində başına gələn hadisə nəticəsində də evlənmişdi. Atasının mağazasında gördüyü bir qızla tanış olmuş və qızı başdan çıxarıb görüşə razı salmışdı. İndi gözləri önündə həmin axşam yenidən canlanırdı və bütün həyatının həmin günə görə necə dəyişdiyini acı-acı düşünür, içində hər şeyə qarşı bir qəzəb oyanırdı. Rey yanında dayanan Heli unutmuşdu və öz-özünə danışmağa başlamışdı. “Mən necə aldandım, İlahi, həyat məni necə aldatdı, necə axmaqlıq elədim,” – asta səslə deyirdi.
Həmin an sanki onun fikirlərini oxuyurmuş kimi Hel Vinterz səhərdən Reyə demək istədiyi sözləri, nəhayət ki, dilinə gətirdi:
– Hə, Rey, bir de görüm neyləyim. Nə deyirsən, səncə, o qızla evlənməyimə dəyər? – gülümsəyə-gülümsəyə sözə başladı.
Üzündə təbəssüm olsa da, Hel çox ciddi soruşurdu:
– Səncə, dəyər evlənməyə, ömür boyu bu boyda yükü daşımağa?
Hel sualına cavab gözləmədən ayağa qalxıb yerə qalaqlanmış qarğıdalıların arasından keçərək var-gəl etməyə başladı. O, get-gedə həyəcanlanırdı. Aşağı əyilib yerdən bir qarğıdalı götürdü və gücü gəldikcə hasar tərəfə tulladı:
– O qızın başını bəlaya salmışam, eşidirsən? – dedi. – Nel Qanseri deyirəm, heç kimə deməyəsən, bircə sənə açıram bu sirri.
Rey ayağa qalxıb Helə sarı gəldi. Hel, əlini boyca özündən böyük olan Reyin çiyinlərinə qoydu. Kənardan onları bu cür görən olsaydı, ətrafına qırmızı və sarı təpəciklərin səpələndiyi bomboş düzün ortasında, qarğıdalı qalaqlarının önündə dayanan bu adamların bir-birini anlayan iki yaxın dost olduğunu düşünərdi.
– Hə, mənim müdrik dostum, – Hel yöndəmsiz-yöndəmsiz dedi, – mənə bir məsləhət ver görüm. O qızla neyləyim? Bəlkə, sənin də başına nə vaxtsa belə bir şey gəlib. Kimdən soruşsam, deyəcək evlənim. Bəs sən nə deyirsən? Evlənim? Mən də hamı kimi bu yükü götürüm çiynimə? Hə, nə deyirsən, Rey? Sən məni yaxşı tanıyırsan, bilirsən ki, özümdən başqa heç kim məni heç nəyə məcbur edə bilməz. De görüm neyləyim? Evlənim, yoxsa canımı qurtarım o qızdan? Bax sən nə desən, onu da eləyəcəm.
Rey cavab verməyib Helin əllərini çiynindən götürdü və dönüb samanlığa tərəf addımlamağa başladı. Rey çox kövrək adam idi, gözləri dolmuşdu. Rey bilirdi ki, Helə cəmi bircə kəlmə söz demək lazımdır və bilirdi ki, onun bu sözü, əslində, elə hamının ürəyindən keçən sözdür. Amma Rey bu sözü heç özü üçün deyə bilməmişdi. Artıq çox gec idi və heyif ki, vaxtında ona bu sözləri deyən olmamışdı.
Axşamüstü saat beşin yarısında arvadı gəlib onu çağıranda Rey hələ də veyil-veyil dolaşırdı. Hellə söhbətdən sonra tarlaya qayıtmamışdı. Axşama nə işi vardısa, hamısını görüb qurtarmışdı. Helin həmişəki kef məclisi üçün tarladan çıxmağa hazırlaşdığını görəndə özü də yavaş-yavaş evinə tərəf üz tutdu. Arvadı qabaqda, özü arxada idi. Gedə-gedə düşünür, gözlərini yerdən ayırmırdı. Ona nə olduğunu başa düşə bilmirdi. Hər dəfə gözlərini qaldırıb günəşin öləziyən işığı altındakı kəndin gözəlliyini görəndə əvvəllər etmədiyi bir şeyi etmək, qışqırmaq, ulamaq, arvadını döymək, ya da nəsə bu cür qəfil və dəhşətli bir şey etmək istəyirdi. Başını qaşıya-qaşıya düşünür, bu hissin nə olduğunu anlamağa çalışırdı. Hər şeyin qaydasında olduğunu bilmək üçün gözlərini qaldırıb bir də ətrafa baxdı. Uzaqda qalmış tarlanın da, yanlarından axan çayın da, hər gün gedib-gəldiyi bu yolun da, arvadının çiyinlərinə tökülən saçlarının da, hər şeyin, hər şeyin əvvəlki kimi olduğunu, heç nəyin dəyişmədiyini gördü.
Arvadı bazarlıq üçün Reyi şəhərə göndərmək istəyirdi. Təzəcə evə çatmışdılar ki, həmişəki kimi Reyi danlamağa başladı:
– Nədi, yenə boş-boş avaralanırsan? Tez ol, evdə yeməyə heç nə yoxdur, get nəsə al, özü də tez qayıt gəl.
Rey içəri girib qapının ardındakı asılqandan pencəyini götürdü. Pencəyinin cibləri cırılmışdı və çox geyilməkdən yaxalığı parıldayırdı. Arvadı yataq otağından çıxıb bir əlində çirkli əsgi, bir əlində də üç gümüş dollarla ona sarı gəldi. Həmin an evin harasındasa bir uşaq ağladı və sobanın yanında yatan it oyanıb əsnəməyə başladı. Sonra Rey yenə arvadının danlaqlarını dinləməyə məcbur oldu:
– Uşaqlar ağlamasın, neyləsin? Neyləsin yazıqlar? Sən axı işini qurtarandan sonra niyə evə gəlmirsən, niyə veyillənirsən oralarda? Bilirsən ki, evdə yeməyə bir şey yoxdur.
Rey evdən çıxdı, hasarı aşıb tarla tərəfə üz tutdu. Artıq hava qaralmışdı və Reyin gözləri önündəki mənzərə, həqiqətən də, valehedici idi. Balaca təpəciklərin üstünə sanki göydən nəsə sehrli rənglər çilənmişdi. Hətta hasarların dibindəki kol-kos da bu füsunkar mənzərəyə əlavə gözəllik qatırdı. Bütün dünya, bütün kənd indi Reyə elə doğma, elə məhrəm görünürdü ki, saatlar öncə tarlada üzbəüz dayanıb söhbət etdiyi Heli anladığı kimi, bu otların, bu torpağın, qarşıdakı təpəciklərin də dilini anladığını hiss edirdi.
Amma o axşam Rey Vaynzburqun gözəlliyinə çox davam gətirə bilmədi. Bu gözəlliyə baxdıqca ürəyində yaranan əzablı duyğulara daha dözə bilmədi və qəfildən kim olduğunu, nəçi olduğunu unudaraq hara getdiyini, nə etdiyini düşünmədən əynindəki pencəyi yerə atıb tarla boyu qaçmağa başladı və qaçdıqca da içində vulkan kimi qaynayan sözlərlə öz həyatını, bütün dünyanı və onun ömrünü zəhərə çevirən hər şeyi var səsiylə lənətləməyə başladı:
– Heç kim verdiyi sözün üstündə durmur, – önündəki bomboş düzlərə səsləndi, – Mən Minniyə heç bir vəd verməmişdim. Hel də o qıza heç bir vəd verməyib. Bilirəm, bilirəm ki, Hel ona heç nə deməyib. Əgər qız istəməsəydi, Hel ona toxunmazdı. O özü istədiyi üçün Hellə meşəyə gedib. Helin istədiyini o da istəyirdi. Bunun cəzasını niyə Hel çəkməlidir? Niyə bunun cəzasını mən çəkməliyəm? Niyə kimsə buna görə zülm çəkməlidir? Niyə? Yox, istəmirəm ki, Hel də mənim kimi bədbəxt olsun. Ona hər şeyi bir-bir deyəcəyəm. Onu evlənməyə qoymayacağam. Şəhərə getməmiş Heli tapıb ona hər şeyi başa salacağam.
Sonra səndələyib yerə yıxıldı. “Heli tapıb mütləq onunla danışmalıyam,” düşündü və ayağa qalxıb nəfəsi kəsilə-kəsilə yenə qaçmağa başladı.
Bu vaxt illər boyu heç vaxt düşünmədiyi şeyləri bir-bir xatırladı. Evlənməzdən əvvəl nə xəyallar qurmuşdu?! Qərbə köçüb Portlənddəki əmisi ilə birgə yaşamağı necə də arzulayırdı! Fermada nə vaxtsa fəhlə işləyəcəyi Reyin ağlına da gəlmirdi. Rey heç vaxt fermada fəhlə işləmək istəməzdi. Qərbə köçdükdən sonra dənizçi olacağını, ya da haradasa Oraqondakı heyvandarlıq fermalarının birində iş tapacağını, gecələr ağ atına minib kəndin küçələrində qayğısız-qayğısız, gülə-gülə evlərdəki insanları yuxudan oyadaraq gəzəcəyini necə böyük ümidlə xəyal edirdi! Sonra indiki həyatını və uşaqlarını xatırladı. Qəfildən ona elə gəldi ki, uşaqlarının balaca əlləri onun qolundan möhkəm-möhkəm yapışıb. Sonra hiss etdi ki, o əllər bayaqdan bəri haqqında düşündüyü Helin də qollarından tutub:
– Yox, onlar həyatın bədbəxt təsadüfləridir, – Rey qışqırdı, – onlar mənim deyil, onlar sənin deyil. Onlara görə mən günahkar deyiləm!
Rey Piersonun qaçdığı bomboş tarla yavaş-yavaş qaranlığa qərq olurdu. Hıçqıra-hıçqıra hasar tərəfə gəlib nəfəsini dərdi. Siqaret çəkə-çəkə ona yaxınlaşan şıq paltarlı Heli görəndə hiss etdi ki, bayaqdan bəri demək istədiyi sözlərin birini də deyə bilməyəcək.
Rey özünü itirdi və sanki bayaqdan keçirdiyi hisslər Heli görən kimi bitdi. Əlini hasara dayayıb gözünü qarşıdan gələn Helə zilləyəndə artıq hər tərəf, demək olar ki, tamam qaralmışdı. Hel Vinterz arxı adladı, Reyə yaxınlaşaraq əli cibində təbəssümlə onun üzünə baxdı. Elə bil tarlada Reydən məsləhət almaq istəyən bayaqkı narahat adam deyildi. Sonra Hel güclü əllərini Reyin çiyninə qoyub sanki onu yuxudan ayıltmağa çalışırmış kimi möhkəmcə silkələdi.
– Mənə sözün var, Rey? – soruşdu, – yaxşı, özünü yorma. Mən qorxaq deyiləm. Nə edəcəyimi artıq özüm bilirəm, – Hel yenidən gülümsədi və sözünü tamamladı, – Bilirsən, Nel, əslində, çox ağıllı qızdır. Özü mənə evliliklə bağlı heç nə deməyib. Məndən heç nə ummur. Amma mən onunla evlənmək istəyirəm. Hə, düz eşitdin, mən də istəyirəm evlənim, qəşəng bir evim olsun, bir ailəm olsun. Hə, bir də çoxlu uşaqlarımız olsun.
Rey də gülümsədi və hiss etdi ki, əslində, öz həyatına və bütün dünyaya gülür.
Hel Vinterzin qara kölgəsi Vaynzburqun qaranlığında gözdən itəndən sonra Rey geri çevrilib bayaq köhnə pencəyini tulladığı yerə tərəf yorğun-yorğun addımladı və çayın qırağındakı kasıb daxmasında arıq, çəlimsiz uşaqları ilə keçirdiyi xoş günləri yadına saldı:
– Yaxşı ki ona heç nə demədim. Onsuz da, desəydim də, yalan demiş olacaqdım, – Rey yazıq-yazıq, sakit-sakit mızıldandı və sonra o da yol boyu tarlanın səssiz və tənha qaranlığına qarışıb gözdən itdi.
Tərcümə edən: Təvəkgül ZEYNALLI