Elektron ədəbiyyat və sənət portalı

Səfir Kristofer Berroteran: “Zəngin Azərbaycan ədəbiyyatının Venesuelada tanıdılmasına çalışacağıq”.

Bölmə: Xəbər 18.09.2024

Venesuela Bolivar Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Kristofer Alberto Martinez Berroteran Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub.

Görüş zamanı Venesuela ədəbiyyatının Azərbaycanda, Azərbaycan ədəbiyyatının Venesuelada tanıdılması istiqamətində həyata keçirilən, eləcə də nəzərdə tutulan tərcümə və nəşr layihələrindən söz açılıb. Ölkələrarası ədəbi əlaqələrin genişləndirilməsi üzrə Mərkəzlə Səfirliyin birgə əməkdaşlığı çərçivəsində görüləcək işlər, tanıtım və yayım tədbirləri ətrafında fikir mübadiləsi aparılıb, əsərləri Mərkəz tərəfindən tərcümə və nəşr olunmuş məşhur Venesuela şairi Anna Mariya Oviedo Palomaresin “Söyüd krallığı” kitabının bu il oktyabrın əvvəllərində IX Bakı Beynəlxalq Kitab Sərgisində keçiriləcək təqdimatı ilə bağlı təşkilati məsələlər müzakirə olunub.

Ədəbiyyatın xalqları bir-birinə yaxınlaşdıran ən etibarlı körpü olduğunu bildirən səfir gələn ilin may ayında Azərbaycanda və Venesuelada qeyd olunacaq Venesuela-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyinə məşhur Venesuela nasiri Migel Otero Silvanın kitabının Mərkəzlə əməkdaşlıq çərçivəsində tərcümə və nəşr olunması təklifini irəli sürərək Azərbaycan dilində ilk dəfə işıq üzü görəcək kitabın ölkələrarası dostluq və anlaşmaya, münasibətlərin daha da möhkəmlənməsinə əlamətdar töhfə olacağını bildirib.