Elektron ədəbiyyat və sənət portalı

“Məzarına baxıb dedim, Şuşadan gəlirəm, ata”

Bölmə: Müsahibələr 26.09.2024

“Aydın yol” tanınmış dirijor, Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovla müsahibəni təqdim edir

Proloq

Şuşa azad olunandan sonra ilk dəfə keçirilən “Xarı bülbül” festivalında maestro Yalçın Adıgözəlovun idarə etdiyi orkestr atası Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasını ifa edirdi...

Musiqinin sədaları altında maestro izaholunmaz hisslərlə dirijor çubuğunun ahənginin axarına düşmüşdü. Başı yuxarı, üzü göylərə...

 Buludlardan aşağıda, Şuşanın göylərində bir qartal süzürdü, qanadları havanın və musiqinin ahənginə uyğun səmaya pərvazlanırdı. Düz orkestrin üstündən, Yalçın Adıgözəlovun gözləri qarşısından süzüb keçəndə qartal onlara xas qətiyyətlə qanad çaldı və göylərin ənginliklərində gözdən itdi...

 

Musiqi ilahi qüvvədir, illərlə fərqinə belə varmadığın bir melodiya bir anın içində səni qanadlarına alıb elə müdhiş gözəlliklər aləminə apara bilər ki, qayıdanda o aləmin təsirinə bir daha düşmək üçün nələr eləməyə hazır olmazsan, amma alınmaz. İki dəfə bu hissi yaşamışam. Bir dəfə Qədir Rüstəmovun “Sona bülbülər”ini, Allah bilir, neçənci dəfə dinləyəndə. Elə bildim, ilk dəfədir eşidirəm, heyrətləndim ki, bu musiqini indiyə qədər niyə belə yaşamamışam...

İkinci dəfə Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, dirijor Yalçın Adıgözəlovun idarə etdiyi orkestrin ifasını dinləyərkən anladım ki, onun konserti necə idarə etdiyini görənə qədər dirijorluq sənətini düzgün dəyərləndirməmişəm. O gün sehrlənmişdim. O gün anlamışdım ki, Azərbaycan musiqisi və bu sahənin  sənətkarları dünyada hələ qədərincə dəyərləndirilməyiblər. Bir də onu anlamışdım ki, orkestri idarə etmək üçün gərək çox böyük sənətkar olasan...

İnsanı ecazkar aləmə aparan musiqi adlı sənətin daşıyıcılarından biri, Xalq artisti, “Şöhrət” ordenli, Bakı Musiqi Akademiyasının professoru,  Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Yalçın Adıgözəlovdan bəhs edirəm.

O, məşhur bir şəcərənin nümayəndəsidir. Babası xanəndə Zülfü Adıgözəlov muğam bilicisi, təsnif və xalq mahnılarının təbliğatçısı, atası Vasif Adıgözəlov bəstəkar, Xalq artisti, professor, əmisi Rauf Adıgözəlov skripkaçı, müğənni, Əməkdar incəsənət xadimi olub.

Yalçın Adıgözəlov 1959-cu ildə Bakıda, babası Zülfü Adıgözəlovun evində anadan olub. Atası Vasif Adıgözəlov da həmin evdə dünyaya gəlib. Zülfü Adıgözəlov isə Ağcabədinin Qaradolaq, Üzeyir bəyin kəndində doğulub. Zülfü Adıgözəlovun Bakıya köçməsinin səbəbkarı da Üzeyir bəy olub. 1925-ci ildə Şuşa toylarından birində səsini eşidən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edib.  Zülfü bəyin onda 27 yaşı varmış. Həmin toyda Fikrət Əmirovun atası Məşədi Cəmil də olub. Beləliklə, Zülfü Adıgözəlov gəlir Bakıya, Üzeyir bəy onu dinləyir və filarmoniyaya solist götürür. Bütün bunları Yalçın Adıgözəlov çox böyük qürurla danışır:

 

“Məhəlləmizdə hamının evindən səhərə qədər musiqi səsi gəlirdi”

 

“Babam Zülfü Adıgözəlov 62 yaşında rəhmətə gedəndə mənim üç yaşım vardı. Amma dəfni yaxşı yadımdadır. Onu filarmoniyadan son mənzilə yola salırdılar. Çoxlu qara geyimli insan vardı. Qadınlar ağlayırdı, kişilər qəmgin idi. O vaxt atamın 30 yaşı vardı.

Bir nəfər oturub kamançada ifa edirdi, sonralar bildim ki, bu, Habil Əliyevdir. Şəkillərdə Xan Şuşinski, Əbülfət Əliyev, Sara Qədimova, Şövkət Ələkbərova fəxri qarovulda dayanıblar.

Bəli, adlarını sadaladığım sənətkarlar mənim mühitim idi. Odur ki, başqa seçimim olmamalı idi. Gözümü açıb evimizdə rəssamları, yazıçıları, musiqiçiləri görmüşəm. Bəstəkarlar evində böyümüşəm, qonşumuz Niyazi olub. Süleyman Ələsgərov, Arif Məlikov, Tofiq Quliyev, Ramiz Mustafayev, Oqtay Zülfüqarov, Əşrəf Abbasov bizimlə bir binada yaşayırdı. Üzümü hansı tərəfə tuturdumsa, musiqiçi görürdüm, başqa seçim istəmirdim də. Çünki ən böyük həzz elə musiqidir”.

 

Atası bəstəkar Vasif Adıgözəlov gecə-gündüz musiqi ilə nəfəs alırdı: gündüzlər Bəstəkarlar İttifaqındakı işləri, uzun illər direktoru olduğu Asəf Zeynallı adına Musiqi Məktəbinin qayğısı, yaradıcılığı... Radio və televiziyada məsul vəzifələrdə çalışıb. Yaradıcılığa yalnız gecələr, yuxusu bahasına vaxt tapırdı. Bütün bunlar balaca Yalçının gözləri qarşısında baş verirdi. Hüsü Hacıyev küçəsində yaşayan o böyük insanlar onun ilk sənət, həm də həyat müəllimləri olublar.

“Yaxşı musiqiçi olmaq üçün çox çalışmaq lazımdır. Mən bunu atamın həyat tərzindən anlamışdım. 15-16 yaşımda saatlarla fortepiano arxasında əyləşirdim. Oxuduğum musiqi məktəbində heç kimin məni üstələməsinə razı ola bilmirdim. Atam deyirdi, Yalçın, gecdir, yat, deyirdim yox, məşq etməliyəm. Gecə qonşulara mane olmayım deyə Bülbül adına Musiqi məktəbində qalıb səhərə qədər ifamı təkmilləşdirirdim. Əslində, bizim məhəllədə hamının evindən səhərə qədər musiqi səsi gəlirdi”. 

 

“Üzeyir bəy Allahın Azərbaycana lütfüdür”

Belə bir mühitdə yetişən yeniyetmə Yalçın Adıgözəlov Bülbül adına Musiqi Məktəbini bitirəndə müəllimi Boris Qusertsev təklif edib ki, Moskva Dövlət Konservatoriyasının Fortepiano sinfinə qəbul üçün cəhd eləsin. O, məktəbi pianoçu kimi yaxşı qiymətlərlə bitirmişdi. Müəllimi həm də məsləhət görüb ki, əgər Bakı Musiqi Akademiyasını seçsən, mütləq Rauf Atakişiyevin sinfinə qəbul olunmağa çalış: 

“Müəllimim özü də onun tələbəsi idi. Rauf Atakişiyev böyük musiqiçi idi – həm vokal, həm də fortepiano kafedrasına rəhbərlik edirdi. Moskva Dövlət Konservatoriyasının iki fakültəsini bitirmişdi. Gəldim Rauf Atakişiyevin yanına, ifamı dinləyib soruşdu ki, məqsədin nədir? Dedim, dirijor olmaq istəyirəm. Dedi ki, fortepianoda ifandan hiss elədim ki, artıq dirijor kimi idarə edirsən. Əlbəttə, Niyazi ilə qonşu olmaq, onun mühitində yetişməyin təsiri az deyildi. Onun xarizmasının, əllərinin vurğunu idim. Niyazi olmasa, bəlkə də, Azərbaycan dirijorluq məktəbi olmazdı. Niyazi ilk idi. Üzeyir bəyin nəslinin nümayəndəsi, yəni o genin daşıyıcısı olmaqla bərabər, həm də musiqimizin şahı idi.

Üzeyir bəyin ardınca maestro Niyazi, Fikrət Əmirov və Qara Qarayev Azərbaycan musiqisini dünyaya tanıtdıran isimlərdir. Üzeyir bəy isə Allahın Azərbaycana lütfüdür”.

 

“Fəxr ediləsi çox şeylər var”

Bu sənətə ilk addımlarını atan bir gənc kimi musiqidə Adıgözəlovlar soyadının ucaldığı zirvəni qorumaq Yalçın Adıgözəlovun mənəvi borcu idi. Muğam sənətinin ən sevilən isimlərindən olan Zülfü Adıgözəlova xanəndə yox, rəssam deyirdilər. “Segah”da, “Rast”da hələ də onun dərinliklərinə çatan olmayıb. Vasif Adıgözəlov sənətində ən ali mükafatları alıb:

“Babama əcəl aman vermədi, tez köçdü dünyadan, 62 yaşında. Əmim Rauf da 62 yaşında vəfat etdi. Atam “Şöhrət”, “İstiqlal” ordeni aldı, Xalq artisti Dövlət Mükafatı Laureatı oldu. Yaşayan əsərləri var. O çox xoşbəxt bəstəkardır, heç bir əsəri masanın üstündə qalmadı. Bəstələnən kimi ifa edildi, səhnəyə qoyuldu. O yüksəkliyi saxlamaq mənim müqəddəs borcumdur”.

Yalçın Adıgözəlov 1989-cu ildə Sankt-Peterburq Dövlət  Konservatoriyasını bitirərək Azərbaycan Dövlət Simfonik orkestrində çalışmağa başlayır. Bir neçə ay sonra Bakıda 1990-cı ilin 20 yanvar faciəsi baş verir:

“Həyatımız büsbütün dəyişdi. O vaxt hələ gənc olsam da, elə çətin bir dövrdə Avstriya dövlətinin Rusiyadakı səfiri ilə birlikdə “Motsart festival”ı təşkil etdim. 3 il o festivalı keçirdik. Sonra səfir mənə dedi ki, sən Moskva Konservatoriyasında dirijorluq məktəbinin patriarxı Musinin tələbəsi kimi Avropada təcrübə keçməlisən və məni göndərdi Vyanaya. İl yarım Vyana Musiqi Akademiyasında ilk azərbaycanlı kimi təcrübə keçdim. Filarmoniyanın baş dirijoru Rauf Abdullayev gedəndən sonra ovaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu mənə zəng elədi ki, tez gəl, səni Filarmoniyaya baş dirijor təyin edirəm. Beləliklə, keçmiş Sovetlər birliyində simfonik orkestrin ən gənc baş dirijoru oldum”.

 

Vyanada təcrübəsini başa vuran musiqiçi 1998-ci ilə qədər orkestrə rəhbərlik etdiyi dövrdə ilk kompakt diskini yazdırır, “Azerbaijan International” jurnalının baş redaktoru, Azərbaycan sevdalısı  Betti Bleyerin köməkliyi ilə Amerikada “Azərbaycan musiqisi antologiyası”nı  çap etdirir.  Simfonik orkestrin tarixində ilk dəfə xarici qastrola çıxmağı da Yalçın Adıgözəlovun dövrünə təsadüf edir:  

 

“Verdinin “Rekviyem” əsərini 1990-cı ilin payızında Bakıda Filarmoniyada ifa etmişəm. Bayırda sovet tankları dayanmışdı. Bu ifa ilə işğalçıya qarşı nifrətimizi, etirazımızı  bəyan edirdik. “Rekviyem” müqəddəs ruhlar üçün duadır. Filarmoniyada anşlaq idi. Sənət silahdır. Mənim silahım o nazik dirijor çubuğudur. Azərbaycanı dünyaya mən də belə tanıtdıra bilirəm. Xalq yalnız mədəniyyəti ilə dünyaya çıxa bilər.

Sovet vaxtı Moskva imkan vermirdi, Azərbaycan musiqisi dünyaya yayılsın. Niyazi indi yaşasaydı, haraları fəth etməzdi?! 40-dan çox ölkədə olmuşam. Niyazi İstanbula getmək üçün buradan Moskvaya yollanırdı, oradan da yanına bir DTK nümayəndəsi qoşulurdu. 1984-cü ildə o, İstanbulda opera səhnəsində çıxış etmişdi, Moskvanın müşayiəti ilə. İndi mən buradan birbaşa gedib o operada çıxış edib, qayıdıram. Londonda Niyazi dirijorluq etmişdi, tarix yazmışdı, amma sovet musiqisinin adına. Bu gün hamı gedə bilər, amma Niyazi səviyyəsində kim var? Rusiyanın Dövlət Simfonik Orkestrini idarə etmişəm, solist də azərbaycanlı idi. İkimiz orada Azərbaycanı təmsil edirdik. Anşlaq idi. Axırda o qədər gül verdilər ki, orkestrin bütün üzvlərinə payladıq. Heydər Əliyev Fondu bizi  dəstəkləyir, Moskva operasının solisti Dinara Əliyeva çox böyük işlər görür. Elçin Əzizov Böyük teatrın ilk azərbaycanlı solistidir, Əvəz Abdulla Almaniya operasının solistidir. Bunlar o vaxt mümkün deyildi. Yatsam yuxuma da girməzdi ki, mən “Arena De Verona”da çıxış edəcəm. İki saat yalnız Azərbaycan musiqisini ifa etmişik. On min italyan və turist o konserti dinləyib. Bunun hamısını Heydər Əliyev Fondu təşkil edir. Bundan da çox tanınmalıdır Azərbaycan. Fəxr ediləsi çox işlər var.

 

Ailədə iki uşaq olmuşuq. Mən və qardaşım Toğrul. Toğrul həkimdir. Ana tərəfimizin çoxu filoloqdur – anam, xalam, anamın dayısı akademik Orucov, Nəzakət xanım – Həsən bəy Ağayevin qızı, Sevda xanım Pepinova, hamısı dilçidir. Anamın ata qohumları isə həkimdir. Anam əlli il Tibb Universitetində fransız dilindən dərs deyib. Toğrul indi Azərbaycanda tanınmış həkimdir. Bacardığı qədər atamın ömrünü uzatdı,  mən isə ona mənəvi şəfa verirdim. Bütün əsərlərini mənə həvalə edirdi. Deyirdi, əsərlərimi Yalçın qədər heç kim hiss edə bilməz. Bu, qan məsələsidir. “Natəvan”ı yazanda hətta mənimlə məsləhətləşirdi və hesablaşırdı”.

Bu gün Xalq artisti Şöhrət ordenli Yalçın Adıgözəlov Bakı Musiqi Akademiyasının professoru, Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijorudur.

Şəcərə isə davam edir. Zülfü Adıgözəlovun nəticəsi, Vasif Adıgözəlovun nəvəsi, Yalçın Adıgözəlovun sonbeşik oğlu yeniyetmə Tamerlan Adıgözəlov da pianoçudur. Hələlik, pianoçu…

 

Epiloq

“Atam demişdi, “Qarabağ şikəstəsi” oratoriyasını mütləq Şuşada səsləndirərsən. İnanırdı ki, o gün gələcək, deyirdi, Şuşa azad ediləcək və “Xarıbülbül” festivalı bərpa olunacaq.

Festivaldan qayıdan kimi getdim atamın məzarı üstünə, onu ziyarət etdim. Məzarına baxıb dedim, Şuşadan gəlirəm, ata. Çox kövrəldim. Kaş ki, o da qayıda biləydi Şuşaya. Yaxşı ki, ölməz əsəri qayıtdı, Şuşada səsləndi. Atam qayıda bilmədi, amma nə yaxşı ki, “Qarabağ şikəstəsi” oratoriyası vətəninə döndü”.

 

Ramilə QURBANLI