İlk Azərbaycan sovet bədii filmlərinin ideya (“Qız qalası haqqında əfsanə”), sinfi mübarizə (“Bayquş”) və estetik (“Neftçi-mədənçi istirahətdə və müalicədə”, “Göz-gözə”) cəhətdən yüksək səviyyədə olmaması mövcud siyasi-ideoloji sistemin kinematoqrafiyanın qarşısında qoyduğu tələblərin və milli kino kadrlarının yoxluğunun nəticəsi idi. İlk milli kino kadrlarımızdan biri də məşhur teatr aktyoru və rejissoru Abbas Mirzə Şərifzadə idi.
A.M.Şərifzadə kinoya hədsiz marağı nəticəsində 1925-ci ildə Azərbaycan Dövlət Türk Teatr Məktəbinin kino şöbəsini bitirmiş, ilk azərbaycanlı peşəkar kinorejissor olmaq hüququ qazanmışdı. Artıq bu dövrdə o, kinoda ilk rolunu oynamışdı. 1924-cü ildə rejissor G.Kravçenkonun lentə aldığı “Bayquş” filmində baş rolu ifa edən sənətçi çəkiliş meydançasında uğurla sınaqdan keçdi. O, yaratdığı Xan obrazının özünəxas cizgilərini tapmaq, onu ekranda canlı və real canlandırmaq üçün bütün yaradıcılıq imkanlarından istifadə etmişdi. Həmin filmin ən maraqlı və aktyor oyunu cəhətdən yaddaqalan bütöv epizodları da məhz A.M.Şərifzadənin adı ilə bağlıdır. Lakin film ideya-bədii səviyyə baxımından çıxdaş edildiyindən və ekrana buraxılmadığından aktyorun yaradıcılığında dərin iz qoymadı.
İstehsal etdiyi bədii filmlərin uğursuzluğunu görən Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) rəhbərliyi tərəfindən dəvət edilmiş R.Blyaxinə yeni ekran əsərinin ssenarisini yazmaq tapşırıldı. Həmin filmin quruluşçu rejissoru olmaq üçün isə AFKİ-nin sədri Ş.Mahmudbəyov A.M.Şərifzadəni dilə tuta bilmişdi. “Bismillah” adlanan yeni ekran əsəri (çəkiliş müddətində film “Şaxsey-vaxsey”, “Allah naminə”, “Şəfqətli Allah naminə” kimi müxtəlif şərti adlar daşımışdı) Azərbaycan sovet kinosunda yeni mərhələnin başlanğıcını qoymalı idi. Lentin quruluşçu operatoru və ikinci rejissoru A.Yalovoy, rəssamları A.Plaksin və K.Yevseyev təyin olunmuşdular. A.M.Şərifzadə əsas rollara M.Mərdanovu (Qulu), M.A.Əliyevi (Molla), İbrahim Azərini (Cəfər), K.Vzyaznovanı (Zeynəb), M.S.Kirmanşahlını (mülkədar) dəvət etmişdi. Epizodik rollarda S.Ruhulla, M.Sənani, H.Qafqazlı, ilk milli kino aktrisamız Sona Hacıyeva, K.Ziya, T.Vişnevskaya və başqaları çəkilirdilər.
Filmin natura səhnələri Mərdəkanda lentə alınırdı. A.M.Şərifzadə ozamankı ideoloji çərçivənin hüdudlarını gözləyir, din əleyhinə bədii təbliğat əsəri yaratmaqla yanaşı, sənət ölçülərini də qorumağa can atırdı. Ekranda “yalançı mollaların törətdiyi cinayətlər”, “şəhvət düşkünü olan mollanın din pərdəsi altında dilsiz-ağızsız, yoxsul kəndli qadınların başına gətirdiyi rüsvayçılığın acı nəticələri”, “öz xeyirləri üçün “din xadimləri”nə tərəfdar çıxan yerli mülkədarların mürtəce rolu” göstərilməklə yanaşı, o, estetik dəyərlərə sadiq qalmalı, eyni zamanda real həyat həqiqətlərindən uzaqlaşmamalı idi.
Rejissorun qarşısında məqsəd kimi dini fanatikliyin, mövhumatçılığın inqilabi dalğa ilə əvəzlənməsini ekrana gətirmək dururdu. Əsas qayə isə “xalq kütlələrinin yeni quruluş uğrunda sinfi mübarizəsini ekranda canlandırmaqdan” ibarət idi. Əlbəttə, burada həqiqətdən söhbət gedə bilməzdi: hər şey “mollaların, bəylərin, xanların eybəcərliyini, yoxsul kütlələrin inqilabi dəyişiklik nəticəsində qalib gəlməsini” qabartmağa yönəldilmişdi. A.M.Şərifzadə ciddi ideoloji nəzarət altında çəkilən yeni ekran əsərini ancaq peşəkarlıq sarıdan xilas edə bilərdi: düzgün aktyor seçimi, orijinal rejissor görümü, texniki və estetik cəhətdən yüksək səviyyəli operator və rəssam işi, savadlı montaj filmin baxımlı alınmasını təmin edə bilərdi. O, məhz bu cəhətdən özünəxas qabiliyyətə və duyuma malik olduğunu sübut etdi.
A.M.Şərifzadənin seçdiyi aktyor ansamblı rejissor traktovkasının ifadəsi üçün əvəzedilməz idi: M.A.Əliyevin ifasında molla şübhə, həyasızlıq, bəzən qorxu keçirən, yeri düşəndə mülkədara arxalanan, dövrünün “güclü” adamlarına xidmət göstərən, 1910–1920-ci illərin münaqişəli vaxtlarından istifadə edən “təmkinli fırıldaqçıdır”.
Aktyor oynadığı obrazın simasını tədricən açır, onun mənəviyyatındakı və hərəkətindəki eybəcərlikləri epizoddan epizoda qatılaşdırırdı. M.A.Əliyev səhnədən çəkiliş meydançasına ilk dəfə çıxsa da, ifasında teatr elementləri, demək olar ki, duyulmurdu. O, kinematoqrafik detallardan ustalıqla istifadə edir, obrazın xarakterini açmaq üçün daha çox təbiiliyə üstünlük verirdi.
M.Mərdanovun oynadığı Qulu və İ.Azərinin ifa etdiyi Cəfər bir ailədə doğulmalarına, bir kənddə, bir damın altında böyümələrinə baxmayaraq xarakter etibarilə müxtəlif insanlardır. Bu kino obrazlarında ayrı-ayrı xarakterlərin əlamətləri bütün aydınlığı ilə hiss olunur. M.Mərdanov qəhrəmanının təkamülünü – avam, sadəlövh, dindar və qətiyyətsiz Qulunun tədricən din xadiminə və Allaha qarşı çıxan bir fərdə çevrilməsini ustalıqla tamaşaçıya çatdırır. İ.Azərinin oynadığı Cəfər isə artıq formalaşmış xarakter sahibidir. O, inqilabi çarpışmalarda bərkimiş, neft mədənlərində zəngin həyat məktəbi keçmiş sağlam, zəhmətkeş, iradəli bir gəncdir, öz hərəkətləri və dünyabaxışı ilə Qulu kimilərini daim irəliyə, sinfi mübarizəyə səsləyir. Rejissorun traktovkasında və İ.Azərinin ifasında Cəfər yeni həyat yaradan inqilabi kütlələrin ümumiləşdirilmiş obrazıdır.
A.M.Şərifzadə ideoloji qadağalar səbəbindən filmin məzmununa və obrazların mahiyyətinə çevik müdaxilələr etmək imkanından məhrum olduğundan əsas diqqəti sırf bədii və texniki tapıntılara yönəltmişdi. O, obrazların xarakterini və hadisələrin mahiyyətini tamaşaçılara çatdırmaq üçün rəmzi ifadə elementlərindən bacarıqla istifadə edirdi. Operator İ.Tartakovskinin şəhadətinə görə, onunla işləyən rejissorlar onun tapdığı orijinal kinodetallara heyran olurdu.
Kinonun səssiz dövrünün qüdrətli ifadə vasitələrindən olan belə detallardan A.M.Şərifzadə “Bismillah” filmində məharətlə istifadə etmişdi. Bunu rejissor tərəfindən uğurla qurulmuş, aktyorların təbii və inandırıcı oynadığı “şaxsey-vaxsey” epizodundan da görmək mümkündür. A.M.Şərifzadə həmin epizodu montaj edib qısametrajlı sənədli film yaratmış, müəyyən hissələrini bədii lentə daxil etmişdi.
“Bismillah” filmi AM.Şərifzadənin kino fəaliyyətində, eləcə də Azərbaycan sovet kinosunda, bütünlükdə sovet kinematoqrafiyasında əhəmiyyətli sənət əsəri kimi qəbul olundu. Aktyorların düşünülmüş oyunu təbliğatçılıq xarakteri daşıyan bu filmin təsirini daha da artırır, bədii dəyərini xeyli qüvvətləndirirdi. Burada bədii obrazlar, münaqişəli xarakterlər qabarır, plakatçılıq geridə qalırdı ki, bu da əsəri, ümumiyyətlə, 20-ci illərin filmlərindən fərqləndirirdi. Film SSRİ Baş Kinolaşdırma İdarəsi tərəfindən yüksək qiymətləndirilərək Ümumittifaq ekranlarına buraxılmış, bir sıra Şərq ölkələrində nümayiş etdirilmişdi. “Bismillah”, hətta ölkədə qonaq olan Qərbi Avropa nümayəndələrinə də göstərilmiş, onlar tərəfindən müsbət dəyərləndirilmişdi.
Abbas Mirzə Şərifzadə teatrda yaradıcılığına davam etməklə yanaşı, şəxsi kino təhsili üzərində çalışırdı. Hətta filmlərinin montajını da özü edirdi. Boş vaxtlarında kino mətbuatını müntəzəm izləyir, rəssamlığı öyrənir, muzeylərə gedir, yeni film çəkməyi arzulayırdı. O zaman 1927-ci ildə AK(b)P-nın katibi R.Axundovun rəhbərliyi ilə keçirilən, T.Şahbazi, C.Məmmədquluzadə, Q.Musabəyov, H.Sultanov, C.Cabbarlı, Ş.Mahmudbəyov, M.Əliyev, A.M.Şərifzadə, S.Ruhulla, H.Abbasovun iştirak etdiyi müşavirədə böyük Azərbaycan dramaturqu M.F.Axundovun vəfatının 50 illiyi ilə əlaqədar “Hacı Qara” pyesinin ekranlaşdırılması barədə göstəriş verildi. Film dramaturqun növbəti ildə keçiriləcək xatirə gecəsində göstərilməli idi. Yeni ekran əsərinin ssenarisini yazmaq istedadlı dramaturq C.Cabbarlıya, quruluşunu vermək isə A.M.Şərifzadəyə həvalə edildi. Çəkilişlərə bədii rəhbərliyi həyata keçirmək üçün Moskvadan məşhur rejissor V.Pudovkini dəvət etmək nəzərdə tutulmuşdu.
Əslində, bu göstəriş A.M.Şərifzadə və C.Cabbarlının çoxdan fikirləşdikləri yaradıcılıq planlarının rəsmiləşdirilməsi idi. Çünki film üzərində hazırlıq işi artıq 1927-ci ilin əvvəlində başlanmışdı. Ssenarinin ilk variantının oxunuşu 1928-ci il oktyabrın 3-də oldu və bir neçə həftədən sonra çəkilişlər başlandı. Natura çəkilişləri Şuşada (Xəlfədərədə və Daşaltıda), Ağdamın Muradbəyli məhəlləsində, Batumidə, pavilyon çəkilişləri isə Bakıda aparılırdı. Rejissor əsas rollara M.Əliyevi (Hacı Qara), M.Mərdanovu (Kərəməli), M.Qayıbovu (Heydər bəy), M.Davudovanı (Tükəz), K.Vyaznovanı (Sona), H.Abbasovu (Sonanın atası), Y.Hacıqasımovu (Səfərəli), Ə.Məmmədovanı (Gülsüm), S.Ruhullanı (Əliyar bəy), epizodik rollara isə R.Kazımovu, N.Həsənovu, A.Mirzəyevi və başqalarını dəvət etmişdi. Filmi lentə almaq operator İ.Tartakovskiyə, rəssamlıq işləri isə A.Qonçarskiyə tapşırılmışdı.
A.M.Şərifzadə bu ekran əsərinə olduqca ciddi yanaşır, aktyorlardan da bunu tələb edir, obrazların şarja çevrilməsinə yol vermirdi. Rejissor qəhrəmanlarda milli xüsusiyyətlər axtarır, həmin xüsusiyyətlərin təbii və canlı detallarla canlandırılmasına çalışırdı. O, istədiyini alana qədər epizodları təkrar-təkrar lentə köçürür, qabaqcadan montaj üçün lazım olan kadrları səhvsiz müəyyənləşdirirdi.
1928-ci il dekabrın 25-də Azərbaycan Dövlət Dram Teatrında A.M.Şərifzadənin səhnə fəaliyyətinin 20 illik yubileyinə həsr olunmuş gecədə ilk dəfə göstərilən “Hacı Qara” filmi rejissor və aktyor işi, eləcə də rəssam işi cəhətdən müsbət qarşılandı və 1929-cu ildən kütləvi nümayişə buraxıldı. Həmin gecədə Ş.Mahmudbəyovun imzaladığı «Azərbaycan kino işçilərinin təbrik məktubu»nda deyilirdi: ““Azərkino” sizin simanızda ilk Azərbaycan kinorejissorunu tapıb. Yaratdığınız “Bismillah”, “ASSR” və “Hacı Qara” filmləri buna misaldır. “Azərkino” Sizi ilk azəbaycanlı kino rejissor kimi tanıyaraq, əmin olduğunu bildirir ki, gələcək yeni Azərbaycan kino incəsənətinin qurucuları da Sizdən nümunə götürüb ardınızca gələcək”. Həmin vaxtlar onun sənət dostu C.Cabbarlı yazırdı: “Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını öyrənməmişdir. Lakin o, bir talantdır o, öz-özünə doğulmuş bir sənətkardır. Sənət onunla birgə doğulmuşdur. Sənət onun qanında, iliyindədir. O, bir sənətkar, yaradıcı bir talantdır”.
“Hacı Qara» filmi nəinki Zaqafqaziyada, hətta RSFSR-də, Orta Asiya respublikalarında və xarici ölkələrdə də rəğbətlə qarşılandı. Hətta Moskvanın Baxruşin muzeyindən filmin bir nüsxəsinin fondda saxlamaq üçün göndərilməsi barədə xahiş gəlmişdi. Lakin filmə tənqidi münasibətlər də var idi. Belə ki, Xəlil İbrahim və Əsəd Tahirin “Kommunist” qəzetində dərc etdirdikləri “İki Hacı Qara” adlı məqalədə ekran əsərinin orijinaldan uzaq olması irad tutulur, M.F.Axundovun “belə bir əsər yazmadığı” vurğulanırdı.
Nəriman ƏBDÜLRƏHMANLI