Elektron ədəbiyyat və sənət portalı

Bir hekayədən təsirlənib yazıçı olan Nobel mükafatçısı

Bölmə: Müsahibələr 11.10.2024

“Aydın yol” tanınmış ədəbi təndiqçi  Kan Çjixinin 2024-cü il Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Cənubi Koreya yazıçısı Han Kanqla müsahibəsini təqdim edir

 

1970-ci ildə Cənubi Koreyanın Kvancu şəhərində, tanınmış yazıçı Han Sınvonun ailəsində anadan olub;

Yense Universitetində Koreya ədəbiyyatı üzrə təhsil alıb;

yaradıcılığa şair kimi başlayıb, 1994-cü ildə Seulda keçirilən ədəbi müsabiqənin qalibi olub;

 “Yesunun məhəbbəti” adlı ilk hekayələr kitabı 1995-ci ildə nəşr edilib;

“Sənin soyuq əllərin”, “O gələn oğlan”, “Vegetarian qadın”, “İnsan əməlləri”, “Yunan dili dərsləri”, “Sevimli oğluma”, “Mən vidalaşmıram” kimi əsərləri bir çox dillərə tərcümə olunub;

Buker, Li San, Mediçi ədəbi mükafatlarına layiq görülüb.

 

 

–  Siz Yense universitetində Koreya ədəbiyyatını öyrənmisiniz, təhsilinizi başa vurandan sonra bir müddət kitab və jurnal nəşri ilə məşğul olmusunuz. Atanız da məşhur yazıçıdır – bir dəfə uşaqlıq çağlarınızda yaşadığınız evdə yetərincə kitab olduğunu xatırlamışdınız. Belə təsəvvür yaranır ki, sizin üçün yazıçılıq təbii və qaçılmaz idi, çünki həyatınızı onsuz təsəvvür eləmirdiniz. Maraqlıdır, yazıçı olmaq üçün qəti qərar qəbul elədiyiniz müəyyən bir məqam oldumu?

 Mən doqquzuncu sinifdə oxuyanda o vaxt hələ cavan yazıçı olan İm Çxorunun “Sapxyen-yek stansiyası” hekayəsi rastıma çıxdı. O əsərdə xüsusi daxili ritm var. Hadisələr həmin ritmin hesabına inkişaf eləyir: soyuq kənd haqqında hekayəti müəyyən bir qəhrəman deyil, gecənin qaranlığı, qar, talaşa ilə qalanan soba, hətta, müəyyən mənada, insan həyatının özü danışır. Həmin hekayədə müəllif həllinin orijinallığı diqqətimi cəlb elədi və  mən də belə özünəməxsus ab-havası olan roman yazmaq istədim.

 Yazıçı olmasaydınınız, hansı peşəni seçərdiniz?

 Yuxarı siniflərdə oxuyanda uzaq yerlərə səyahət eləməyi arzulayırdım, universitetdə təhsil alanda isə teatr tamaşalarına getməyi sevirdim. O qədər utancaq idim ki, hətta teatr dərnəyində çıxış eləməyi belə ağlıma gətirə bilməzdim. Amma tamaşa başlanmazdan əvvəl zalda oturub qaranlıq səhnəyə baxır, nədənsə orada olmaq istəyirdim. Bəlkə də, yerimin orada olduğunu düşünürdüm. Mən səhnədə ağlamaq və gülmək istəyirdim.

 Bəs uzaq yerlərə səyahət eləmək arzunuz necə oldu? Bu çox gözlənilməzdir. 

 Çox-çox əvvəllər bir nəfər falıma baxıb dedi ki, orda yek ieroqlifi var, yəni alnıma sərgərdanlıq yazılıb.  Həm piyada gəzməyi, həm də tanış olmayan yerləri görməyi sevirəm.

 Tez-tez əsərlərinizdə sənət aləmindən olan adamları – rəssamları, fotoqrafları, heykəltaraşları təsvir eləyirsiniz. Bu, bir neçə xarici dilə tərcümə olunmuş, yaxşı rəylər almış “Vegetarian qadınromanınıza da aiddir.

– Yəqin, səbəb incəsənəti sevməyimə görədir, həm də sənət mənim yaradıcılığıma güclü təsir göstərib. Amma romanlarımın sənət adamları barədə olduğunu eşidəndə təəccüblənirəm. Düşünürəm ki, mən, sadəcə, insanlar haqqında yazıram.

 Balaca Buddavə “Qırmızı çiçəkkimi romanlarınızda buddizm motivləri çox aydın sezilir. Haçansa eşitmişəm ki, ədəbiyyatinsan Tanrıya arxa çevirdiyi məqamda yaranır. Dinlə bağlı düşüncələrinizlə tanış olmaq istərdik.

– İyirmi beş yaşımdan sonra buddizmlə dərindən maraqlanmağa başladım. Onda buddizm qəlbimdə dərin kök saldı, indiyəcən müəyyən bir ideya ilə rastlaşanda çox vaxt öz düşüncələrimi nizama salır, həmin ideyaların buddizmlə hansı cəhətlərdən fərqləndiyi, yaxud əksinə, hansı cəhətdən oxşar olduğu barədə fikirləşirəm. Otuz yaşımda, ağır xəstəlik keçirdiyim vaxt qəlbimdə dərin kök salmış buddizmdən bir qədər uzaqlaşmağa başladım. Adətən, insanlar xəstələnəndə dinə üz tutur, amma məndə bunun tərsi baş verdi. Heç nəyə inanmamaq, heç nəyə əsaslanmamaq, sadəcə, gerçəklikdən təcrid olunmadan hər şeyə aydın nəzərlərlə baxmaq istəyirdim. Bu arzunun təlqini ilə sonralar fizikaya aid kitablar mütaliə eləməyə başladım. Gerçəklikdə mövcud olan dünyanı yenidən dərk eləmək istəyirdim.

Nəsrinizdəki məhəbbət mövzusuna gəldikdə, deyim ki, onu hər an yoxa çıxacaq kimi qəbul eləyən, yaxud ondan qorxan yetərincə personajınız var. Amma deyəsən, onlar məhəbbətə bədbin münasibət bəsləsələr də, onu ötəri hiss saysalar da daha coşqun, daha ehtirasla sevirlər. Bu mənada, cismani sevgi barədə söz açsaq, siz, bir tərəfdən, bədənə əzabın müşayiətçisi olan qabıq kimi baxırsınız, amma digər tərəfdən də romanlarınızda elə təsvirlər var ki, təmas və çulğaşma məqamında onlar arasında sevgi çərçivəsindən kənara çıxan heyrətamiz dərəcədə dərin ünsiyyət baş verir. Sizin üçün sevgi nədir?

– Bu yerdə, güman ki, ən düzgün cavab bilmirəm olacaq. “Yunan dili dərsləri” adlı beşinci romanım kişi və qadın arasında olan tarixçədir. Həmin vaxtadək də romanlarımda dəfələrlə qadınlar və kişilər peyda olublar, amma başlanğıcdan kişi və qadının tarixçəsi kimi düşündüyüm bu roman belə səpkili ilk əsərdir. Amma “Yunan dili dərsləri” mükəmməl sevgi əhvalatı yox, bir-birini duyan iki nəfər arasındakı ünsiyyətin tədricən sevgiyə çevrilməsi barədədir. Kişi get-gedə dünya işığından məhrum olur və bu obraz hamımızın – get-gedə həyatla vidalaşan adamların avtoportretidir. Qəfildən lal olan qadın isə dilində yaranan fəsadlardan ağrı duyur. Mən bu iki nəfərin həyatının bir-biri ilə çulğaşmasında məhrəm məqamı təsvir eləmək istəyirdim.

 O gələn oğlanromanı 1980-ci ilin mayında baş verən, çağdaş Koreya tarixində ən dərin yaralardan biri olan Kvançju üsyanı haqqındadır. Müəllifin kitaba yazdığı müraciət əvəzi uzun epiloqda qeyd eləmisiniz ki, “Onlar qurban olmaq istəmədiklərinə görə orada qaldılar”. Güman ki, bu ifadənin dərin mənası var.

Kvancjuda kütləvi qətllərə çevrilən üsyanın baş verdiyi il cəmi doqquz yaşım vardı. Mən orada doğulub böyümüşəm, ailəmiz  hadisələr baş verəndən cəmi dörd ay əvvəl Seula köçüb. Uzun müddət hamımızı anlaşılmaz günah hissi bürüdü, sanki özümüz də o dəhşətdən can qurtarmaq üçün qəsdən hadisələrdən əvvəl oranı tərk etmişdik. Kvançju hadisələri haqqında bütün informasiyalar yeni hərbi rejimin göstərişi ilə əhaliyə təhrif edilmiş şəkildə çatdırılırdı, ancaq ailəmizin orada dostları və qohumları yaşadığından hər şeyi olduğu kimi, ilk mənbələrdən öyrəndik. Onda lap balacaydım, amma dəhşətli haqdisələr haqqında böyüklərin söhbətlərini eşidirdim. Yaşım az olduğuna görə o hadisələr qəlbimdə hərbi rejimə nifrətdən çox, insanlara münasibətdən doğan qorxu oyatmışdı. Yadımdadır, fikirləşirdim ki, demə, insan qorxulu məxluq imiş, üstəlik, özüm də insan olduğuma görə vahimələnirdim. Eyni zamanda da yaddaşıma zorakılığa qarşı çarpışan insanlarla bağlı parlaq təəssüratlar həkk olunmuşdu. Başqa sözlə, o hadisələr məni iki cavabsız tapmaca qarşısında qoymuşdu. Romanı yazmaq qərarına gələndə material axtarmağa başladım, nəticədə həmin hadisələrlə bağlı elə dəhşətli təfərrüatlarla rastlaşdım ki, bunu ağlıma da gətirə bilməzdim. Oxşar detallar tapmaq üçün imkan daxilində Osvensim, Bosniya, Kambocada baş vermiş hadisələr, Hankindəki qırğın, Yaponiyanın Kanto əyalətində böyük zəlzələ zamanı olan dəhşətlər, yenidən kəşf edilmiş qitələrdə aborigenlərin kütləvi şəkildə qətliamı haqqında sənədlər axtarıb tapdım. Beləliklə, əlimdə bir yığın sənəd toplandı və  müəyyən bir məqamda bu fikrə gəldim ki, daha heç nə yaza bilmərəm. Qəlbimi təhlükə duyğusu bürüdü, sanki insana bəslədiyim böyük inam hissi darmadağın olacaqdı. Axırda bu romanı o ikinci tapmaca sayəsində yaza bildim. Həmin vaxt Kvançjuda amansız zorakılıqla çarpışan, insan ləyaqətini qorumağa çalışan insanların olduğu barədə uzun-uzadı düşündüm. Onların qurbana çevrilməmək üçün ölümü seçdiklərini dərk eləyəndən sonra, nəhayət, romanı yazmağa başladım. Hadisələri insan qəddarlığından başlamaqla qələmə alıb, insan ləyaqətinin gücü istiqamətində apardım. Özümə dedim ki, səmimi olacaq, ruhdan düşməyəcək, insana olan inam hissimin sarsılmasıyla barışmayacağam.

– “O gələn oğlan” romanı qar üstündə asta-asta sürüşən yanar şamlara lal baxış səhnəsi ilə bitir. Sunvon mükafatına layiq görülmüş “Qar dənəciyi əriyəndə” hekayənizdəki hadisə də ölmüş insanın qayıdışından başlayır, qar isə burada rəmz kimi çıxış edir.

 Həmin səhnə romanı yazmağa başlayanda ağlıma gəldi. Birinci fəsildə Tonxo ölülərin ruhları şərəfinə şamlar yandırır, inanır ki, onlar qayıdıb işığın başına yığışacaqlar. Mən də romanı otuz il sonra Tonxonun məzarı yanında yandırılmış şamlar səhnəsi ilə bitirmək qərarına gəldim. “Qar dənəciyi əriyəndə” hekayəsini “O gələn oğlan” romanını bitirəndən dərhal sonra yazmağa başladım. Həmin hekayədə ölmüş insanın ruhu təhkiyəçinin yanına gəlir, bütün gecəni onunla söhbət eləyir. Romanı yazdığım məqamda qəlbimi bürüyən hisslər əsəri bitirəndən sonra da mənimlə qaldı, bütün o ölümlər indiyəcən içimdə yaşayır, ola bilsin, qalan həyatımı da onların izlərini bir parçam kimi daşıya-daşıya yaşayacağam. Amma zaman keçdikcə həmin hisslər bir qədər solğunlaşa bilər, buna görə də ölmüş adamların ruhları haqqında tarixçə “O gələn oğlan" romanını bitirəndən sonra da mənim üçün çox doğma oldu. Bu aləmə tərtəmiz gələn, ətrafdakı hər şeyi örtən, sonra yox olan qar obrazı da qəlbimdə ölmüş adamlara məxsus ruhların obrazı ilə çulğaşır.

 Nəsr yazmağa bağlamağınızdan artıq otuz ilə yaxın vaxt ötüb. İlkin dövrlə müqayisədə düşüncələrinizdə və ədəbiyyata münasibətinizdə müəyyən bir dəyişiklik olubmu? Sizcə, ədəbiyyat niyə mövcuddur? O nəyin şahidliyini eləməlidir?

 Əvvəllər qızdırmalı adam kimi, dəli kimi yazırdım. Mənə elə gəlirdi, bu işlə,  sadəcə, sağ qalmaq naminə məşğul oluram. Bəlkə, elə indi də buna görə yazıram. Məncə, yazmaq – kibrit yandırıb alovu sönənəcən ona tamaşa eləməkdir. Ola bilsin, ədəbiyyatın bacardığı yeganə iş biz alova baxdığımız müddətdə insan və həyatla bağlı suallar verməkdir. Mən haradasa romandan-romana keçə-keçə sanki öz həyatımı irəli aparıram.

Seul, 2023

 

Tərcümə edən: Nəriman ƏBDÜLRƏHMANLI