ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (Dövlət Tərcümə Mərkəzi) Azərbaycanın Xalq şairi Rəsul Rzanın ingilis dilinə tərcümə olunmuş “Qədim əlyazması”, “Məndə ixtiyar olsa”, “Hamımız yoldayıq”, “Sənə də qalmaz” şeirlərinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ingilis dilinə tərcümə müəllifləri – tanınmış Amerika şairi Tomas U.Keys və Mərkəzin Böyük Britaniya və İrlandiya ilə ədəbi əlaqələr üzrə koordinatoru Nərmin Həsənovadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Volfqanq Höte, Aleksandr Puşkin, Emili Dikinson, Ceyn Ostin, Pablo Neruda kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır.
Rəsul Rza
(1910 – 1981)
- Şair-yazıçı, tərcüməçi;
- müxtəlif illərdə Zaqafqaziya Kommunist Universiteti, Moskva Millətlər İnstitutu, Ümumittifaq Kino Akademiyasında təhsil alıb;
- 1939-cu ildə Azərbaycan Yazıçılar İttifaqının sədri olub;
- “Şeirlər” (1959), “Pəncərəmə düşən işıq” (1962), “Duyğular, düşüncələr” (1964), “Dözüm” (1965), “Dünən, bu gün, sabah” (1973), “Üzü küləyə” (1979) kimi 30-dan çox şeir kitabının müəllifidir;
- Lord Bayron, Aleksandr Puşkin, Henrix Heyne, Mixail Lermontov, Aleksandr Blok, Nazim Hikmət, Federiko Qarsia Lorka və digər şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib;
- “Əməkdar incəsənət xadimi”, “Xalq şairi”fəxri adlarına layiq görülüb;
- əsərləri bir çox xarici dillərə tərcümə olunub.
https://www.poetryvers.com/rasul-rzapoems |
QƏDİM ƏLYAZMASI
Varaqlar solğun, sarı.
Sətirlərdən neçəsi pozulub;
neçə-neçə varağın kənarı
illərin ağırlığına dözməyib,
ovxalanıb, toz olub.
Lakin
əsrlərdən keçib gələn
xəfif bir təbəssüm,
bir gilə göz yaşı
arzular, ümidlər qalıb.
İnsan qəlbinin hərarəti,
insan fikrinin qüdrəti,
insan ətri dolu
sevinc qalıb,
kədər qalıb.
MƏNDƏ İXTİYAR OLSA
Mən istəyirəm:
buludlar ağlasın
uşaqlar ağlamasın;
analı, ya anasız.
Mən istəyirəm:
güllər açılsın,
güllələr açılmasın,
amanlı, ya amansız.
Mən istəyirəm:
qapılar qapansın
soyuq olanda hava.
Gözlər qapanmasın,
sözlər qapanmasın.
Mən istəyirəm:
yanğınlar sönsün,
ümidlər sönməsin.
Meyvələr dəysin öz fəslində.
Ürəklərə söz dəyməsin.
Bəhərdən budaqlar əyilsin.
İnsan başını əyməsin,
xəcalətdən, ya gücsüzlükdən.
Axsın bulaqlar göz yaşı kimi,
torpağın üzərində.
Göz yaşı bulaq kimi axmasın
dünyanın heç bir yerində.
Hər şey insana baxsın.
İnsan ələ baxmasın.
Gecələr ulduzlar oyaq olsun.
İnsanlar yatıb dincəlsin;
qüvvət toplasın sabahın xeyirli işlərinə.
Açsın gözlərini gələcəyin ümidli səhərinə.
Mən istəyirəm:
sevinc, səadət bol olsun.
Ürəkdən-ürəyə,
ölkədən-ölkəyə,
açıq yol olsun.
HAMIMIZ YOLDAYIQ
Yol.
Qatar.
Minənlər var, düşənlər var.
Kimi gülə-gülə minir,
gülə-gülə düşür.
Kimi kədərli, qayğılı.
Duracaqlar ötüşür...
İskələlər keçir.
Qurtarmaq bilmir qatarın yolu.
Gündüzü var, gecəsi var.
Hələ gülə-gülə minəcək,
kədərlə düşəcək
neçəsi var.
Nə mən bilirəm harda düşəcəyəm,
nə qatardakılar bilir.
Bəlkə, heç qatar dayanmayır:
düşənə elə gəlir,
minənə elə gəlir.
Bəlkə, mənə elə gəlir.
Gedir qatar.
Çay içirəm, papiros çəkirəm,
düşünürəm, şeir yazıram.
Mən bu uzun yolda
getməyə, getməyə, getməyə də,
ən yaxın duracaqda düşməyə də hazıram.
Ancaq...
Bu şeiri qurtarım.
Bir yenisini başlayım.
Bir də...
Nə yol qurtarır,
nə arzular.
Yeni iskələlər, duracaqlar ötüşür.
Kim isə minir.
Kim isə düşür.
SƏNƏ DƏ QALMAZ
Könlüm sənin əsirin,
Qəlbim sənindir, yar,
Qəlbim sənindir.
İnsaf eylə, xoş sözlə —
Məni gəl dindir, yar,
Məni gəl dindir!
Söylə, nədir bu ədalar,
Bu işvə, bu naz.
Gedər bir gün bu gözəllik,
Sənə də qalmaz.
Yalqızam, yalqız!
Yalqızam, yalqız!
Gəl məni möhnətə, oda
Salma, vəfasız.
Söylə, nədir bu ədalar,
Bu işvə, bu naz.
Gedər bir gün bu gözəllik,
Sənə də qalmaz.
Dağlar başı dumandır,
Yenə dumandır, yar!
Yenə dumandır.
Ayrılığın ölümdən,
Mənə yamandır, yar!
Mənə yamandır.
Söylə, nədir bu ədalar,
Bu işvə, bu naz.
Gedər bir gün bu gözəllik,
Sənə də qalmaz.
Yalqızam, yalqız!
Yalqızam, yalqız!
Gəl məni möhnətə, oda
Salma, vəfasız.
Söylə, nədir bu ədalar,
Bu işvə, bu naz.
Gedər bir gün bu gözəllik,
Sənə də qalmaz.