Onu hamamdan teatr yaradan da adlandırmaq olar. İndi nə o hamam var, nə də o teatr binası – Vaqif İbrahimoğludan sonra qeyb oldular. Vaqif İbrahimoğlu isə yaşayır, onu tanıyan, yaradıcılığından, ustadlığından bəhrələnən sonuncu insana qədər də yaşayacaq. Əlbəttə, hələ sonra da yaşayacaq – axı Vaqif İbrahimoğlu teatr aləmində yalnız yeni çığır açmayıb, həm də yüzlərlə gənc o yolla onun arxasınca gedib, o estetikanı əxz edib və davam etdirir. Harada dəst-xətti varsa, orada Vaqif İbrahimoğlu da var. Kinoda, teatrda Vaqif müəllimin yetirmələrinin işini dərhal tanıyırsan, onlar seçilir, sevilirlər. Bilirsən ki, bu, Əbdülqəninin, Mirsahibin, Gümrahın, Mikayılın, İradənin, Günayın, Kamranın, Qasımın, Gümrahın, Vidadinin, Tərlanın işidir. Yetişdirdiyi aktyorlar, hazırda Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustadlarının yolunu müəllim kimi davam etdirənlər saya gəlməz. Hansı işdə peşəkarlıq, sanbal, sənət varsa, yaxud tələbələr fərqlidirsə, orada İbrahimoğlunun yetirmələri – Fəxrəddin, Məmmədsəfa, Gülzar, Mehriban, Yaqut var. Azərbaycanda teatrların bel sütunları Vaqif İbrahimoğlu bulağından su içənlərdir. Neçə-neçə yazıçı Vaqif İbrahimoğlunun ona inamı və mənəvi dəstəyi ilə dramaturgiyaya gəlib və nəticədə Azərbaycan dramaturgiyasında yeni parlaq imzalar yaranıb.
“Boş məkanın dolğunluğu” adlı teatr festivalı təşkil etmişdi. O vaxt teatr məkanında bir boşluq, süstlük vardı. Bu işdə Vaqif müəllimin məramı yalnız festival keçirmək deyil, həm də o boşluğu doldurmaq, teatr mühitini ətalətdən çıxarmaq idi. Nail də oldu, o boşluqda dolğunluq yarandı, teatr əhlində sabaha ümid cücərdi, yeni tamaşalar ərsəyə gəldi.
O binaya gəlincə, rütubətindən də bəlli olurdu ki, həqiqətən də, “eramızdan əvvəl” hamam kimi fəaliyyət göstərmişdi. Bəlkə də, o binanı Vaqif İbrahimoğluya sakitləşmək üçün verdilər, amma ustad hamamdan teatr düzəldə bildi. Uzun illər Akademik Milli Dram Teatrının kölgəsində yerləşən binada Yuğ Teatrı uğurlu tamaşalar hazırladı, o binada onlarla aktyor, hətta aktyor nəsli yetişdi.
Binanın qarşısında məhəllə zibilxanası vardı. Teatra xarici ölkələrdən qonaqlar, yerli tamaşaçılar təşrif buyururdu. Vaqif İbrahimoğlu işığına yığışanlar zibilxanadan sonra mədəniyyətə, nura qərq olurdular. Uzun mübarizədən sonra Vaqif İbrahimoğlu zibilxananın oradan yığışdırılmasına nail olanda uşaq kimi sevinirdi: “Məndən sonra bu zibilxananın yerində heykəlim qoyulacaq, əlim də “Azdrama”ya tərəf”, – deyə zarafatından qalmırdı.
Əslində, o hamam tarixi tikili idi. Vaqif müəllimdən sonra Yuğ Teatrı elə orada fəaliyyətini davam etdirsə, qarşısında Vaqif müəllimin barelyefi vurulub, “1998-ci ildə yaradılmış, yeni teatr estetikasının, poetikasının əsasını qoymuş Yuğ Teatrı bu bunada fəaliyyət göstərib” yazılsaydı, mədəniyyətimiz nə itirərdi? Əksinə, qazanardı.
Hərdən mənə elə gəlir ki, Vaqif İbrahimoğlu ilə Yuğ Teatrı eyni gündə doğulub – 1949-cu il oktyabrın 18-də, Vaqif İbrahimoğlu dünyaya gələndə. Tanrı tərəfindn bu missiya ona həvalə edilmişdi, yoxsa insan niyə bu dərəcədə ətrafından və mühitindən fərqlənsin…
İncəsənət Universitetində Tofiq Kazımovun kursunda oxuduğu illərdə həm zahirən (imic baxımından), həm də sənətə münasibəti, yanaşması baxımdan sələflərindən seçilib. Aktyorluğa da meyil edib, kinolara çəkilib, teatrlarda işləyib, hər yerdə özünü axtarıb, nəhayət, özünü özündə tapıb. Hiss edib ki, bu vaxtacan olanları etmək istəmir, özünə məxsus olanı etməlidir, amma nəyi? Bu sual ətrafında çox düşünüb, Eksperimental teatr studiyası yaradıb… və o studiya arı pətəyi kimi bütün bal verən arıları yığıb, böyüyüb, olub Yuğ Teatrı.
Yuğ Teatrında hazırladığı tamaşalar Azərbaycandan kənarda da səs salmışdı. Vaqif İbrahimoğlu xarici ölkələrdə tamaşa hazırlamağa dəvət olunurdu. Onun estetikasından yararlanan bəzi xarici ölkə teatrları bu gün də bir azərbaycanlı rejissorun açdığı yolla gedir.
Yuğ Teatrındakı balaca otağına böyük insanlar yığışardı. Onun ocağından köz götürməyə kimlər gəlməzdi... Közü hamıya çatardı. Yalnız teatr yaratmamışdı, Yuğ hamının ümid yeri olan bir məbəd idi. Sahibi sənət üçün, insanlar üçün, dostlar üçün pərvanə kimi yanır, özünü qətrə-qətrə xərcləyirdi, ömründən kəsib, paylayırdı. Çox sevdiyi Mövlanə kimi…
Vaqif İbrahimoğlu sevgini hamıya qucaq-qucaq payladı, hətta onu sevməyənləri də sevdi. Həyatı sevdi, işini sevdi, tələbələrini, aktyorları sevdi… yalnız sevdi. İncə yumor hissi ilə hər kəsin dilini tapmağı bacarırdı. Həyatdan köçəndə də ölümü sevdi, amiranə qarşıladı, onunla qucaqlaşıb getdi.
Vaqif İbrahimoğlu ölkəmizdə fərqli və qeyri-adi üslub olan “psixosof” (ruhun hikməti) poetikası ilə teatr yaradan ilk rejissordur.
1949-cu il oktyabrın 18-də Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1973–1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayan Vaqif İbrahimoğlu 1976–1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979–1982-ci illərdə Tədris Teatrında bədii rəhbər, 1982–1989-cu illərdə isə indiki Akademik Musiqili Teatrda baş rejissor kimi fəaliyyət göstərib.
Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, eləcə də Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən Yuğ Teatrının bədii rəhbəri vəzifəsində çalışıb və yaratdığı Yuğ teatr-studiyası 1992-ci ildə dövlət statusu alıb.
Vaqif İbrahimoğlu Azərbaycan Dövlət Yuğ Teatrında 1989-cu ildən həyatının sonunadək 90-a yaxın tamaşaya quruluş verib və bir çox filmlərdə fərqli obrazlar yaradıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti ixtisası üzrə xeyli tələbə yetişdirib.
“Qızıl Dərviş” mükafatı laureatı Vaqif İbrahimoğlu 2011-ci il mayın 12-də 62 yaşında vəfat edib.
Ölümündən sonra, 2019-cu ilin martında Bakıda Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş “Boş məkanın dolğunluğu” adlı eksperimental tamaşalar festivalı keçirilib.
Oktyabrın 18-i Vaqif İbrahimoğlunun onsuz qarşıladığımız 75 yaşı tamam olur. Ruhu şad olsun.
Ramilə Qurbanlı