Elektron ədəbiyyat və sənət portalı

Aktrisanın film kimi həyatı

Bölmə: Müsahibələr 21.11.2024

“Aydın yol” Xalq artisti Həmidə Ömərova ilə müsahibəni təqdim edir

 

Elə səmimidir ki... Suallarımı sildim, istədim, sadəcə, özü danışsın, oxucu onun həzin musiqi kimi hekayətini suallarsız dinləsin...

“Atalıydı, analıydı uşaqlar...”

Atam qazaxlıdır, anam bakılı – sevib evləniblər, amma sonra ayrılmalı olublar. Daha doğrusu, anam məni də götürüb, Bakıya qayıdıb.

Atam arxamızca çox gəlib-getdi, amma anamı geri qayıtmağa razı sala bilmədi. Anam tərs qadın idi, məni də ailə qurmağa qoymurdu, gələn elçilərə deyirdi ki, Həmidənin əlindən iş gəlmir, bütün günü çəkilişlərdədir, ondan evdar qadın olmaz. 17 yaşımdan atamı görməmişəm. 1986-cı  ildə vəfat etməsi barədə teleqram aldım. Kinostudiyada idim, oradan maşın verdilər, yaşına uyğun 59 qərənfil alıb getdim məzarına. Heç kəndə də baş çəkmədim. Onda hələ qardaşımı, bacılarımı tanımırdım. Məzarı üstə hönkür-hönkür ağladım. İnstitutu bitirəndən sonra daxilən onunla barışmışdım. Həmişə istəmişəm gedib onu tapım, anamdan qorxmuşam. Çox hökmlü qadın idi. Deyirdim, kaş məni Qazaxa ezamiyyətə göndərəydilər, anamdan xəbərsiz atamla görüşərdim. Bu hiss məndə 22-23 yaşlarımda çox güclü idi. Atamla söhbət eləməyi çox istəyirdim. Atalı uşaqlara həsəd aparırdım. Ona görə də şəxsi həyatımda nə olursa olsun, uşağımı atasız qoymadım. Öz uşaqlığım mənə örnək oldu. Sevib ailə qurmuşam, amma qadın xoşbəxtliyi başqadır.

Ölümündən sonra bizə atamdan qalan altı dəftər verdilər ki, görün, sizi necə sevib. Elə bil həyatında bizdən başqa heç kim olmayıb. Anamla tanışlığından tutmuş ayrılıqlarına və ondan sonrakı iztirablarına qədər yazmışdı. Anam o dəftərləri cırdı.

“Qulluqçu Luçetta məni aktrisa etdi”

– Rejissor Həsən Seyidbəylinin televiziya çıxışından eşitdim ki, Azərbaycan incəsənət tarixində ilk dəfə Moskva Kinematoqrafiya İnstitutunda azərbaycanlı tələbələr üçün kurs açılıb. Dedi, oxumaq istəyənlər sənədlərini bizim İncəsənət İnstitutuna təqdim etsinlər. Anam istəyirdi, həkim olum. Mən də sözəbaxan qız olduğum üçün Azərbaycan Tibb Universitetinə hazırlaşırdım. “Qızıl medal”a namizəd idim, amma yazılı imtahandan mənə 4 verdilər və medalı başqası aldı. Mən də qanımızda ədəbiyyat, yazmaq, yaratmaq eşqi olduğu üçün sənədlərimi BDU-nun Filologiya fakültəsinə verdim və qəbul olundum. Heç biri ürəyimcə deyildi, nə istədiyimi, əslində, hələ müəyyən etməmişdim. Qəbul olunsam da, özümü yerimdə hiss etmirdim. Elanı eşidən kimi sənədlərimi təqdim etdim. Aktrisa olmaq arzum da yox idi, sadəcə, anamın bu yaşıma qədər məni xüsusi “rejim”də saxlamasına bu formada etiraz edirdim. İki övladını itirdiyi üçün məni sıxma-boğmada saxlayırdı. Gün işığına həsrət idim. Məktəbdən gələn kimi yemək yeyirdim, dərslərimi hazırlayıb yatırdım. Axşamüstü oyanıb yenə dərslərimi hazırlayıb anama danışırdım, əgər xoşuna gəlsə, mənə bir saat televizora baxmağa icazə verirdi. Bu buxovlardan qurtulmaq istəyirdim. Ona görə də məşhur rejissor Yevgeni Matveyevin qarşısında imtahan verəndə Bəxtiyar Vahabzadənin “Ümid ver mənə” şeirini deyə-deyə ağladım. Həsən Seyidbəyli dedi ki, qızım, sən bu gözəl gözləri niyə incidirsən, ümid istəyirsən, biz də sənə ümid veririk. Məni qəbul etdilər. Həmin institutun mühiti mənim kimi özünü ifadə etməkdə çətinlik çəkən utancaqlar üçün deyildi. Aktyorluq etüddən başlayır, bu, aktyorluq sənətinin əlifbasıdır. Bir yerdə oxuduğumuz tələbələrin əksəriyyəti bu sahəni əvvəldən seçmişdi, hazırlıqlı idilər, onların yanında mən çox zəif görünürdüm. Hamı səhnəyə can atırdı ki, etüd göstərsin, mən isə büzüşüb pianonun arxasında gizlənirdim.  III kursun sonunda dörd tamaşa təhvil verməli idik. Rollar bölüşdürüləndə mənə tamaşalardan yalnız birində rol düşdü – qulluqçu qız Luçetta obrazı. Özümü o yerə qoymadım, amma çox xəcalət çəkdim. Bayaq etüd göstərəndə ağlaya bilməmişdim deyə məni tənqid etmişdilər, indi kənarda büzüşüb oturmuşam, elə ağlayıram ki... Qəflətən müəllimimiz Yelena Savçenko məni göstərib dedi ki, baxın Həmidəyə, görün necə ağlayır, bax bu, həqiqi göz yaşlarıdır. Auditoriyadan çıxıb, gizli bir yerdə doyunca ağladım və özümə söz verdim ki, bu institutu əla qiymətlərlə bitirib yaxşı aktrisa olacam. Bu Luçetta mənə elə bir dərs oldu ki, nəhayət, növbəti etüdlərim uğurlu alındı. Luçettanı da yaxşı oynadım. Üstəlik,  “Həyatın dibində” tamaşasında Palo obrazında gözüm var idi, çünki onu oynayan qız öhdəsindən gəlmirdi. Belə-belə inamımı bərpa etdim. Yelena Savçenko Luçettaya əlavələr etdi və mənim Luçettam əsas rollardan birinə çevrildi. Tamaşadan sonra məşhur sovet rejissoru Bondarçuk müəllimimizə dedi ki, sən qulluqçu ilə xanımı səhv salmısan. Baş rolu Həmidə oynamalı idi.  Ondan sonra xanım obrazını verdilər mənə, amma bəyənmədim, çünki xarakterik rolu oynamaq daha maraqlıdır. “Zorən təbib” tamaşasında isə bizimlə bir yerdə Azərbaycandan gəlmiş Ella baş rolda oynayırdı. İmtahana bir həftə qalmış Ella hamilə olduğu üçün rolunu mənə verdilər. Məşqlərində iştirak etmişdim, bütün rolu əzbər bilirdim. Lusindanı da belə oynadım. Gedişatda bütün dörd tamaşanın hamısında rolum oldu, özümü doğrultdum. Matveyev qulluqçu Luçetta rolunu mənə verməklə elə dərs keçdi ki, axırda aktrisa oldum.

Biz Bakıya qayıdanda kinonun yaxşı vaxtları idi. Kinostudiyanın dəhlizləri də parıldayırdı. İş qaynayırdı – dublyajlar, çəkilişlər... Kinoaktyorluq şöbəsi də fəaliyyət göstərirdi. Hər il dörd bədii film, Moskvanın sifarişi ilə dörd bədii televiziya filmi çəkilirdi. Amma məni 6 ay filmə çəkmədilər.  Bir gün, nəhayət, o dəvət gəldi. Oqtay Mirqasımov dəvət etdi, amma Moskvanın öz namizədi vardı. Bir az da belə gözlədim. Sonra ardıcıl çəkildim. “Qızıl uçurum”da Şəfiqə,  “Anlamaq istəyirəm”də Çinarə, “Yol əhvalatı”nda Zümrüd, “Babamızın babasının babası”, “Qorxma, mən səninləyəm”, “Üzeyir ömrü” və sair.

“Kinomuzun maddi bazası yoxdur”

– Dünya kinosunun klassiklərindən olan Roman Polonski ömrü boyu bədbin filmlər çəkmişdi, çünki uşaqlığı ağır keçmişdi, dramatik həyat yaşamışdı. Ondan həmişə soruşurdular ki, necə rejissorsan, necə polyaksan ki, ancaq kədərli hissləri təbliğ edirsən, bəşəri film çəkmirsən? İllər sonra məşhur “Pianoçu” filmini çəkdi və  hamının cavabını verdi. O hadisələri yaşaya-yaşaya lentə ala  bilməzsən, üstündən zaman keçməlidir. “Şillerin siyahısı” da elə yarandı. O səviyyədə filmin yaranması üçün həm də maddi baza olmalıdır. Bizim kinomuzun maddi bazası yoxdur, bu bir reallıqdır, amma  zaman lazımdır. Azərbaycan kinosu mütləq sıçrayış edəcək, buna inanıram.  Mərkəzləşmiş sistem dağıldı, bütün 15 respublika eyni vəziyyətə düşdü. Rejissorlar ancaq festival filmləri çəkmək istəyir. Mən özüm Fəcr festivalının münsiflər heyətinin üzvü olmuşam. O filmləri maddi-texniki bazası olan ölkələr ekranlaşdırır. Prodüserlik məktəbi yaratmalıyıq. Prodüserlərin film çəkməkdə maraqları olur, çünki oradan qazanc əldə edirlər. 1875-ci ildə Lümyer qardaşları ilk kinoseansı təşkil edəndə ona biznes kimi yanaşmışdılar. Parisdəki kağız fabrikinin işçiləri idilər, öz bizneslərini yaradırdılar. Sonra müəllif filmləri yarandı. Kino həm də xalqa xidmət etməlidir.

“Afaq rolu mənə Heydər Əliyevin seçimi ilə verildi”

 – “Nizami” filmi çəkilirdi. Ulu Öndər Heydər Əliyev kinoya, xüsusən də tarixi filmlərə böyük diqqət ayırırdı. Deməli, filmin çəkilmiş 20 dəqiqəlik hissəsinə baxıb soruşmuşdu ki, bu qız kimdir? Demişdilər, Tamara Yandıyevadır, çeçendir. Soruşmuşdu ki, məgər Azərbaycanda aktrisa yoxdur? Məhz bu ritorik sualdan sonra filmin yaradıcı heyəti dərhal Afaq obrazına azərbaycanlı aktrisa axtarmağa başladı. Kinostudiyanın dəhlizindən keçəndə filmin ikinci rejissoru Akif Rüstəmov çağırdı və məni  fotosexə dəvət etdilər. Qrimləyib  şəklimi çəkdilər. Heydər Əliyev o vaxt bütün şəkillərin içindən bunu seçib, deyib ki, bu qızı çəkin, qoy özümüzünkü olsun. Bir dəfə  Moskvada dünya gənclərinin qurultayı keçirilirdi. Heç yadımdan çıxmaz, Kremlin Qurultaylar sarayında açılış oldu, foyeyə çıxanda uşaqlar pıçıldadılar ki, Heydər Əliyevdir. Ulu Öndər bir neçə nəfərlə dayanmışdı. Pıçıltımızı eşidib döndü, bizi basdı bağrına. Yanındakı adamlara fəxrlə dedi ki, bunlar mənimkilərdir, azərbaycanlılardır. Biz cavan uşaq idik, elə ürəkdən dedi ki, özümüz də fəxr elədik ki, azərbaycanlıyıq.

“Sevgi tale məsələsidir”

– Bir dost, daha doğrusu, iş yoldaşlarımdan biri həmişə mənimlə zarafatlaşıb deyirdi, elçilərimi nə vaxt göndərim? Birisigün, deyirdim. Onda kartof qızart, bizimkilər gələcək, deyirdi. İranda film çəkilişlərində biləndə ki, 33 yaşım var və subayam, bir aktrisa məni yaman danladı. Mən də qərara gəldim ki, mütləq ailə quracam. Yenə o məni görən kimi soruşdu ki, elçilərimi nə vaxt göndərim? Bu dəfə “sabah” dedim.

Anası ağır xəstə idi. Dedim, anana baş çəkmək istəyirəm. Getdik onlara, anası ilə tanış oldum. Dedi ki, indiki qızlar yaşı ötürüb, sonra kimə gəldi, gedirlər. Oğlana dedim, sən gizlədirsən, anan məni istəmir. Heç nə demədi. Bu məsələ bitdi. Sonra da indiki həyat yoldaşımla tanış oldum və ailə qurduq. Ana olmağa hazırlaşırdım, dəhlizdə onunla rastlaşırdıq. Uzaqdan salamlaşıb hal-əhval tuturduq, hətta zarafatlaşırdıq da. Amma daha o söhbətə qayıtmırdıq. Bir dəfə yaxınlaşdı ki, anam rəhmətə gedəndə məni yanına çağırıb dedi ki, gedib Həmidədən əvəzimə üzr istə, çox heyifsilənirəm ki, sənə mane oldum. Artıq gec idi, amma o, indiyəcən ailə qurmayıb.

“Qaragilə”nin hekayəti

– Anam çox əziyyət çəkdi, xəstə idi, yaddaşını itirmişdi. Bir gün mən işdə olanda evdə əlinə keçən qiymətli nə varsa götürüb qaçmışdı. Uzun müddət axtardıq, polislər də cəlb olundu. Nəhayət, psixi xəstəxanada tapdım – döyülmüş, əlində nə varsa alınmış vəziyyətdə, cırıq paltarda küncdə oturub “Qaragilə” mahnısını oxuyurdu. O mahnı atamla ikisinin sevimli mahnısı olub, anamın gözəl səsi vardı. Gətirdim evə, işdən çıxdım, rəhmətə gedənə qədər qulluğunda durdum.

Nikbin sonluq

– Adətən, deyirlər ki, sənət adamları bir-birinə həsəd aparır, bir-birinin uğurlarına sevinmirlər. Amma yaradıcılıq gecəmdə gördüklərimi sözlə ifadə etməyə belə çətinlik çəkirəm. Mən bunu gözləmirdim. Xalq artistləri və Əməkdar artistlər, film və tamaşalardakı tərəf-müqabillərim, tələbə yoldaşlarım çıxış etdilər. Əlbəttə ki, onlardan bu səmimi sözləri eşitmək məni fərəhləndirdi. Salondakı tamaşaçılar arasında çox sayda doğmalarım, mənə yaxın olan insanlar, dostlarım, həmkarlarım, tələbələrim var idi. Tədbir dörd saat davam etdi – insanlar gecənin bitməsini istəmirdilər.

Ramilə QURBANLI