Elektron ədəbiyyat və sənət portalı

Sovet Azərbaycanının ilk filmləri

Bölmə: Mədəniyyət 22.04.2016

Həmin lent üçün məhz «Qız qalası» əfsanəsinin seçilməsi qəribə və məntiqdənkənar idi. Bunu 1925-ci ilin yanvarında Bakıya gəlmiş rejissor A.Arbatov da qeyd etmişdi. XII əsr Azərbaycan memarlığının şah əsəri olan Qız qalası haqqında əfsanənin xalq arasında dolaşan versiyalarından niyə xanın öz qızına vurulması variantının seçilməsi, doğrudan da şübhəlidir. Görünür, Moskvada və Bakıda ideoloji işə cavabdeh olanlar, əslində əsarət altına alınmış xalqın təfəkkürünü bulandırmaq məqsədi güdənlər bunu məqsədyönlü şəkildə həyata keçirmişdilər. Bolşevik ideyalarının toruna düşmüş milli ziyalılarımız isə bu cür incə gedişləri başa düşəcək vəziyyətdə deyildilər.

«Qız qalası» hekayəsinin istehsalata buraxılması haqqında Xalq Komissarları Sovetinin xeyir-duasını alan H.Terequlov dərhal maliyyə vəsaiti tapmaq üçün fəaliyyətə başladı. O, öz nüfuzundan istifadə edib müxtəlif komissarlıqlara başçılıq edən Ə.Qarayev, H.Sultanov və M.Quliyevdən lazımi pul vəsaiti qopara bildi. İkiseriyalı (9 hissə) filmin ssenarisini yazmaq üçün N.Breslav-Lurye dəvət olunmuş, quruluş isə I Dövlət Kino-fabrikinin baş rejissoru V.V.Ballyuzekə tapşırılmışdı.

Çox güman ki, filmin mövzusunu N.Breslav-Luryeyə AFKİ rəhbərliyi vermişdi və ssenarinin əsasında C.Cabbarlının həmin dövrdə yazdığı eyniadlı poema dururdu. Poema «Maarif və mədəniyyət» jurnalının 1923-cü il 4-5-ci və 1924-cü il 23-cü nömrələrində çap olunmuşdu. İstisna deyil ki, AFKİ rəhbərliyi çəkiləcək filmlərin tematik planını tərtib edəndə C.Cabbarlı poemanın əlyazmasını təqdim etmiş, N.Breslav-Luryenin ssenarisi də həmin poema əsasında yaradılmışdı. Amma N.Breslav-Lurye yalnız mövzunu götürməklə süjetdə dəyişikliklər etmiş, nəticədə ortaya mahiyyətcə şikəst bir film çıxmışdı.

Vladimir Vladimiroviç Ballyuzek (1881-1951) rəssam və rejissor idi.

Peterburqda Ali Bədaye Akademiyasında təhsil almış, 1905-ci ildə mühacirətə gedəndən sonra təhsilini Münhendə tamamlamışdı. Bir müddət Parisdə işləyəndən sonra 1914-cü ildə Rusiyaya qayıdan V.V.Ballyuzek «Sergi ata», «Məzhəkəçi qadın», «Kapitan Qrantın uşaqları», «Sentyabr gecəsi» filmlərinin rəssamı olmuşdu. 1923-cü ildə Bakıya dəvət olunan sənətçi sonra Leninqrada qayıtmış, «Hamburq» (1926) «Gündən məhrum olmuşlar» (1927), «Torpaq çağırır» (1928) və s. bədii filmlərini lentə almış, kino rəssamlığının nəzəriyyəsi ilə məşğul olmuşdu. Ballyuzek eyni zamanda «Qız qalası» filminin rəssamı kimi dekorların və geyimlərin eskizini verirdi. Filmi təcrübəli operator V.P.Lemke lentə alırdı.

Hələ 1923-cü ilin oktyabrında mətbuat xəbər verirdi ki, «... hal-hazırda Breslav-Luryenin ideyası üzrə səhnələşdirilmiş böyük bədii dramın – «Qız qalası haqqında əfsanə» («Qız qalası») filminin hazırlıq işləri başa çatmış və çəkilişlər başlanmışdır. Film ciddi tarixi şəraitə uyğun çəkilir: xüsusi dekorlar, üslub kostyumları və köhnə Bakının görünüşləri. Filmə V.V.Bayllyuzek rejissorluq edir, çəkilişləri kino-fabrikin operatoru V.P.Lemka aparır. Baş rollarda çıxış edirlər: Ernesto-Vaqram, Muromski və Dövlət Türk Dram Teatrının artistləri...» («Bakinski raboçiy», 7 oktyabr 1923-cü il). Artıq bir neçə aydan sonra mətbuat filmin çəkilişlərinin başa çatması ilə əlaqədar yazırdı ki, baş rollara Vaqram (Papazyan), Sofya Jozeffi, Yevgeni Muromski, Hökumət türk teatrının gözəl aktyorlarından Hənifə Terequlov, (İbrahim) Azəri, Adıgözəl Hüseynov, (Əhməd) Anatollu, (Ağasadıq) Gəraybəyli, (Rza) Darabliski, İsmayıl Hidayətzadə, Kazım Ziya, (Hacıməmməd) Qafqazlı, Kəmərlinski, Cabbarov, Qasım Zeynalov, Möhsün Sənani, Mirzə Muxtar Məmmədov, İsmayıl Talıblı,  Fikrət Soltan dəvət edilib. (Onlarla yanaşı, filmdə Məcid Şamxalov, Rüstəm Kazımov, Georgi Parisaşvilinin çəkildiyi də məlumdur).

Filmin kütləvi səhnələrində çəkilmək üçün 1000-dən artıq adam lazım olmuşdu. («Kommunist» qəzeti, 18 yanvar 1924-cü il). Vaqram - xan, S.Jozeffi xanın arvadı və qızı Gülnar, İ.Hidayətzadə Gülnarın sevgilisi, İ.Azəri - Vəzir, Ə.Hüseynzadə, R.Darablı, A.Gəraybəyli, H.Qafqazlı - əyan, M.Sənani  - döyüşçü rollarını ifa edirdilər. Amma mətbuatda adları çəkilən bir sıra ifaçıların (Kəngərlinski, Cabbarov, A.Hüseynov, İ.Talıblı) adları filmin titrlərində yoxdur.

Filmin qısa süjeti belədir: Səməd xanın öz hərəmindən bir qızı olur. Hərəm uşaq üstündə vəfat edəndən sonra körpəni kənddəki bir qadına tapşırırlar. Burada böyüyən Gülnar öz uşaqlıq dostuna vurulur. Ova çıxan xan doğma qızına rast gəlir və onu tanıyır. Qızını saraya gətirən xanın qəlbində ona qarşı şəhvani duyğular oyanır. Gələn elçiləri geri qaytaran xan qərarını Gülnara deyir. Atasının cəngindən yaxa qurtarmağın mümkünlüyündən əlini üzən Gülnar onun qarşısında bir şərt qoyur: dənizin dərin yerində uca bir qala tikdirsə, istədiyinə razı olar. Xan qalanı tikdirir. Tikinti başa çatandan sonra özünü dənizə atmaqdan başqa bir yol görməyən Gülnar  sevgilisinin xanı öldürməsindən xəbər tutmur.

1923-cü ilin mayında istehsalata buraxılan, sentyabrın 12-də çəkilişlərinə başlanan «Qız qalası» filminin çəkilişinə hazırlıq oktyabracan davam edib.

Oktyabrın əvvəllərində dövri mətbuat xəbər verirdi ki, «hal-hazırda böyük bədii dramın, Breslav-Luryenin səhnələşdirməsi üzrə «Qız qalası haqqında əfsanə» filminin hazırlıq işləri qurtarmış, çəkilişinə başlanmışdır».

Xəbərdə həmçinin, filmin «ciddi tarixi xarakter daşıdığı, dəbdə olan geyimlərdən istifadə olunduğu, qədim Bakının görünüşünün lentə alındığı» da qeyd edilirdi. Qız qalası haqqında əfsanənin təhrif olunduğu bir yana, üstəlik mövzunun melodram janrının tələblərinə uyğunlaşdırılması, Şərq ekzotikası elementləri ilə yüklənməsi, onun bədii dəyərini azaldırdı.

Tədqiqatçı N.Sadıqovun haqlı olaraq qeyd etdiyi kimi, «rejissor V.Ballyuzek Azərbaycan xalqının tarixini, onun mədəniyyətini və məişətini yaxşı bilmədiyindən, mövzunun real traktovkası və milli koloriti, əlbəttə, zəifləmiş, öz-özlüyündə maraqlı olan süjetin bədii ünsürləri ekzotika ilə qarışdırılmışdı». Filmdə bir sıra təsirli səhnələrin (Gülnarın üsyanı və özünü qaladan atması) ustalıqla lentə alınmasına baxmayaraq, süni melodramatik səhnələr (Gülnarın sevgilisi ilə məhəbbət macərası) mövzunun kontekstindən çıxır, kompozisiyanın bütövlüyünə xələl gətirir. Bütün bunlar bir sıra uğurlu detalların və epizodların (təbiət mənzərələri, milli adət-ənənələrlə bağlı detallar, kənd səhnələri, kütləvi epizodlar və s.) estetik təsirinin zəifləməsinə səbəb olur.

Rejissorun səhvlərindən biri də filmi tamamilə Səməd xan obrazının üzərində qurmasıdır. O zaman bir sıra türk lentlərində, eləcə də A.Xanjonkovun filmlərində oynamış V.Papazyana quruluşçu-rejissorun hədsiz diqqəti aktyor ansamblındakı harmoniyanın pozulmasını şərtləndirir. Aktyor bir sıra yersiz hərəkətləri (üz-gözünə sərtlik verməsi, əlini tez-tez saqqalına çəkməsi və s.) ilə obrazın xarakter cizgilərini canlandırmağa çalışır. Cəngavər gəncin rolunu ifa edən aktyor İsmayıl Hidayətzadə yaratdığı obrazda teatr  elementlərindən qaça bilmir. Xanın hərəminin və Gülnarın rolunu ifa edən aktrisa Sofya Jozeffi, ekran duyumuna görə daha peşəkar nəzərə çarpır.

«Qız qalası haqqında əfsanə» ilk tammetrajlı Azərbaycan sovet filmi olduğundan, bu ekran əsərinin nümayişi böyük səs-küylə qarşılanmışdı. 1924-cü il, aprelin 8-dən ekranlara çıxan lent «Milyon» kinoteatrının elan və afişalarında belə təqdim olunurdu: «Şəkil tamaşaçıları o qədər cəlb edir ki, həmişə özünü elektrikləşdirilmiş sayırsan. Xan qızının əlçatmaz hündürlükdən dənizə görünməmiş tullanışı» və s. Məhz filmin peşəkarlıq baxımından qəbulolunmaz saydığımız kəm-kəsirləri – Şərq ekzotikası, melodramatik epizodlar, cəlbedici mövzu – o dövrdə bu ekran əsərinə marağı daha da artırırdı. Təsadüfi deyil ki, ilk nümayişdən cəmi bir neçə həftə sonra mətbuat xəbər verirdi ki, «Bütün Sosialist Şura Cümhuriyyətləri İttifaqında şöhrət tapmış «Qız qalası» şəklinin miqdarı tələblər varid olduğu üçün artırılmaqdadır».

Davamı gələn sayımızda

Nəriman ƏBDÜLRƏHMANLI