Elektron ədəbiyyat və sənət portalı

Fransanın bir sıra şəhərlərində Azərbaycan mədəniyyət günləri keçirilib

Bölmə: Mədəniyyət 15.04.2016

Tədbirlərdə Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin fotoları və rəssam Mehri Quliyevanın əsərlərindən ibarət sərgilər açılıb və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimiz nümayiş etdirilib.

Tədbirlərin açılış mərasimində Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel çıxış edərək ölkəmiz haqqında məlumat verib, Azərbaycanın müstəqil dövlət kimi gənc olmasına baxmayaraq, artıq regionda və beynəlxalq aləmdə layiqli yer tutduğunu diqqətə çatdırıb. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə toxunan J.F.Mansel Ermənistanın son günlər qoşunların təmas xəttində təxribat törətdiyini qeyd edərək, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsinin vacibliyini vurğulayıb. O, tolerant ölkə olan Azərbaycanın Fransa ilə yüksək əlaqələrindən və mədəniyyətimizin yaşadığı məmləkətdə daha geniş tanıdılması üçün rəhbərlik etdiyi assosiasiyanın fəaliyyətindən danışıb və fransızları Bakıya səfərə dəvət edib.

Fransadakı səfirimiz Elçin Əmirbəyov Azərbaycanın Dostları Assosiasiyasına və aidiyyəti şəhərlərin meriyalarına Azərbaycan mədəniyyətinin dost ölkə olan Fransada genişmiqyaslı təbliğinə, eləcə də təşkil edilən silsilə mədəni tədbirlərə görə təşəkkür edib. Azərbaycanın zəngin və qədim mədəniyyət, dini rəngarənglik, tolerantlıq nümunəsi olduğunu qeyd edən səfir ölkəmizin bu sahədə dünyaya verdiyi vacib töhfələrdən söz açıb. O, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini xatırladaraq, ölkəmizin çoxqütblü dünyaya və sivilizasiyalararası dialoqa verdiyi töhfələrdən danışaraq, 25-27 apreldə Bakı şəhərinin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcəyini bildirib.

Sülh, dialoq və birgə yaşamanın azərbaycanlılar üçün bir ənənə olduğunu, ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoq üçün aparıcı platformaya çevrildiyini bildirən E.Əmirbəyov bu ənənənin digər ölkələrə də yayılmasının vacibliyini qeyd edib.

Altkirş şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jan-Luk Reitzer, Evian merinin müavini Jozian Lei və Montero şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı İv Jego mədəniyyət günlərinin təşkilinə, zəngin Azərbaycan mədəniyyətinin şəhər sakinlərinə tanıdılmasına görə təşəkkür edərək, gələcəkdə də belə tədbirlərin davam etdirilməsinin vacibliyinə toxunub.

Azərbaycana həsr edilmiş sərgi yerli əhali tərəfindən yüksək dəyərləndirilib və milli rəqslərimiz böyük maraqla qarşılanıb. Tədbirlər zamanı Heydər Əliyev Fondunun Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinə dair nəşr etdirdiyi kitab və broşürlər iştirakçılara hədiyyə edilib.

Şəhla AĞALAROVA