Elektron ədəbiyyat və sənət portalı

Yarımçıq qalan xatirələrin ağrısı

Bölmə: Mədəniyyət 15.04.2016

Bu mənada vətənpərvərlik filmini ərsəyə gətirmək daha çətindir. Rejissor Elxan Cəfərovun yaxınlarda böyük ekranlara çıxan “Yarımçıq xatirələr” bədii filmini bu mənada müsbət tendensiya kimi qəbul  etmək olar. Film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə istehsal edilib.

Ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Vadim Şafranski, Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Ekran əsərinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılıb. Film həm də II Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub. Onun əsas qəhrəmanlarından biri də rus millətinin təmsilçisidir. Bu mənada filmin mövzusunun özü artıq Belorus, Rusiya və ümumiyyətlə, II Dünya müharibəsində iştirak etmiş bütün xalqlar üçün maraq doğurmalıdır. Qarabağ müharibəsi ilə II Dünya, konkretləşdirsək, Böyük Vətən müharibəsi arasındakı paralellərin özü də kifayət qədər diqqətçəkən haldır. Yəni, yanaşmanın özü bizim üçün yeni və vacibdir. 

Filmin qəhrəmanı Azər (təbii ki, ad da simvolik seçilib) iki müharibənin iştirakçısıdır. Onun gəncliyini  Bəhruz Vaqifoğlu, ahıl vaxtlarını isə Qurban İsmayılov canlandırır. Film Böyük Vətən müharibəsi veteranının Qarabağ döyüşlərində mühasirəyə düşməsi səhnəsindən başlayır. Düşmən tərəfdə vuruşan rus əsgəri, qarşısında müharibə veteranının olduğunu biləndə onu xilas etmək istəyir, amma gecikir. Əvəzində Azərin hansısa nəşrin redaktoruna müraciətlə yazdığı müharibə memuarlarını tapır. Kamera şagird dəftərində yazılan xatirələrin üzərindən irəli-geri (Brestə, almanların əsir düşərgəsinə, oradan da Qarabağa) keçidlər edir. Bəzən partlayışın hansı məkanda və zamanda baş verdiyini müəyyənləşdirə bilmirsən. Brestdə partlayan qumbaranın səsi kəsilməmiş epizod dəyişir – tamaşaçı diqqəti Qarabağdakı yanğına keçməli olur. Bu mənada rejissorun yanaşması maraq doğurur – müharibənin zamanı və məkanı olmur. Müharibə hər yerdə eynidir – insan ölümləri, yaralılar, yanan evlər, əsir düşən adamlar. Elxan Cəfərovun o biri filmlərində olduğu kimi, burada da operator işi (Nadir Mehdiyev) və xüsusi effektlər maraq doğurur...

Filmdə Qarabağ həqiqətlərinə erməni hərbi qruplaşmalarına dəstək verən rus zabitinin nəzər-nöqtəsindən yanaşılır. Rus zabiti azərbaycanlı Azərin müharibə veteranı olduğunu biləndən sonra onun hər şeyə münasibəti dəyişir: Azər onun babasının döyüş yoldaşı olub, babası ilə birgə Vətən uğrunda döyüşüb. Bundan sonra düşmən tərəfdə vuruşan rus – qəhrəmana çevrilir. Azərin nəşini ermənilərdən alıb qohumlarına vermək üçün o, ölümünü belə gözə alır. Zabit özünün soydaşı olan həmkarına sual edir: - Biz nə üçün burdayıq?.. Sual ekrandan şillə kimi səslənir. Cavab artıq əhəmiyyətli deyil. Cavab olmasa da olar. Sual ritorikdir...

Maraqlı burasındadır ki, filmdə düşmən tərəf - ermənilərə münasibətdə pafosdan kənardır, məsələn, Azərlə eyni səngərdə Brest uğrunda döyüşən erməni əsgəri müəyyən qədər müsbət obraz kimi yadda qalır. Amma çox incə bir məqam var.

Əsir düşərgəsinə hər dəfə qafqazlı gətiriləndə o, sual verir: “Ermənisən?”. Rejissor söhbəti uzatmır. Bu sualın cavabı böyük hesabla heç həmin erməninin özü üçün də heç nəyi həll eləmir. Sonrakı münasibətlərdə onun üçün də milli mənsubiyyətin önəmi qalmır. Amma diqqətli tamaşaçı özü anlayır: qonşularımız əsrlər boyu təbliğ etdiyi şovinist tərbiyə və ideoloji təbliğatdan əziyyət çəkirlər.

Bununla belə, həmin erməni əsgəri azərbaycanlı Azərin ən yaxın silahdaşlarından birinə çevrilir...

Filmin sonunda rus zabiti azərbaycanlı qəhrəmanın nəşini təhvil verir, amma elə bu zaman tələyə düşür, pusquda duran “saqqallılar” azərbaycanlı döyüşçünün əvəzinə onu nişan alırlar. Xatirələr - Azərin memuarları yarımçıq qalır. Əslində, burada da simvolika var. Müharibə bitməyib. Ya da belə deyək, münaqişə həllini tapmayıb. Xatirələr yarımçıqdır. Söhbət təkcə Azərin və rus zabitinin yaşadıqlarından getmir, həm də bizim yaşadıqlarımızdan gedir. Həyatımızın özü yarımçıqdır – Qarabağsızdır. Onu tamamlamayınca, yalnız “Yarımçıq xatirələr” çəkəcəyik, hərçənd bunu demək mütləq lazımdır ki, Elxan Cəfərov üzərinə düşən bu yükü layiqincə yerinə yetirib.

RƏBİQƏ