Elektron ədəbiyyat və sənət portalı

Cümhuriyyət dövrünün (1918-1920-ci illər) kinematoqrafı

Bölmə: Mədəniyyət 15.04.2016

Bu illərdə xüsusilə mətbuat və teatr sahəsində ölçüyəgəlməz tərəqqi hiss olunurdu. Ə.Hüseynzadə, Ə.Ağayev, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov və s. kimi ictimai-siyasi xadimlər mətbu söz vasitəsilə milli oyanışa təkan verirdilər. Böyük bəstəkarımız Ü.Hacıbəyovun opera və operettaları, kəsərli publisistikası dövrün ən dəyərli hadisələrindən idi. Zülfüqar və Üzeyir Hacıbəyov qardaşlarının teatr truppasına rəhbərlik edən H.Ərəblinskinin tamaşaya qoyduğu əsərlər böyük əks-səda doğururdu. Azərbaycan teatrı və musiqisi nəinki Qafqazda, hətta Rusiyanın başqa ərazilərində, Orta Asiyada və Yaxın Şərq ölkələrində böyük şöhrət qazanmışdı.

1917-ci ildə Rusiya imperiyasının dağılması ilə nəticələnən Birinci dünya müharibəsinin başa çatması Azərbaycanda da siyasi çalxantılara və hakimiyyət çevrilişlərinə səbəb oldu. Belə şəraitdə, təbii ki, xüsusi mülkiyyətin, o sıradan, kino istehsalının və prokatının normal fəaliyyəti xüsusilə çətin idi. Qarışıqlıqlardan istifadə edilib 1917-ci il oktyabrın 31-də Bakıda hakimiyyəti zəbt edən avantüraçı və şovinist S.Şaumyanın başçılıq etdiyi matros deputatları soveti qısa müddət ərzində bütün sahələrə nəzarəti öz əlində cəmləməyə, xüsusi mülkiyyətə son qoymağa çalışırdı. 1918-ci ilin yazında əsas sahələri – balıqçılıq və toxuculuq sənayelərini, bankları, ticarət donanmasını milliləşdirmə adı altında ələ keçirməyə çalışan Bakı Soveti sahibkarların inadlı müqaviməti ilə üzləşmişdi. Zor və təhdidlər, «əks-inqilabla mübarizə aparan fövqəladə komissiya»nın repressiyaları geniş miqyas almışdı. Azərbaycanın sərvətlərini vətəndaş müharibəsi içində olan Rusiyaya göndərməyə çalışan S.Şaumyan və bolşevik-daşnak bandası «milliləşdirmə»ni 1918-ci il, mayın 28-də neft sənayesinin «xalqın şəxsində Sovet hakimiyyətinə keçdiyini» bildirən dekretlə başa vurdular. Həmin müddətdə Rusiyada «inqilabi kinematoqrafiya»nın formalaşması (fəhlə-əsgər deputatları Sovetinin kino şöbələri 1918-ci il martın 19-da Xalq Maarif Komissarlığına verilmiş, RK (b) P-nin VIII qurultayında kinonu «zəhmətkeş kütlələrin şəxsi təhsilinə yönəltmək” haqqında qərar qəbul edilmişdi) bu oyuncaq hakimiyyəti də oxşar addımlar atmağa sövq edirdi.

1918-ci ilin martında Şaumyan xuntası – Bakı fəhlə-əsgər və matros deputatları Soveti kinonun milliləşdirilməsi, «kino istehsalının və prokatının möhtəkirlərin əlindən alınması» üçün xüsusi qərar qəbul etmişdi. Bakı Sovetinin bu qərarı kinosahibkarlar tərəfindən narahatlıqla qarşılanmış, çəkiliş vasitələrinin, avadanlığın, kinolentlərin gizlədilməsi yolu ilə saxlanması istiqamətində tədbirlər görülmüşdü. Hətta Zaqafqaziyada belə, rəsmən tanınmayan bolşevik hakimiyyəti öz doqquzaylıq mövcudluğu dövründə ictimai-siyasi anarxiya yaratmaqla milli tərəqqinin qarşısına sədd çəkməyə çalışırdı.

Təbii ki, Bakı Soveti adlanan bolşevik qurumu kinematoqrafdan öz məqsədlərini, liderlərini təbliğ etmək formasında yararlanmağa can atırdı. Tarixin yaddaşında qalmış bir fakt dediyimizi sübut edir. 1917-ci ildə naməlum operator tərəfindən Bakıda keçirilən mitinqdə S.Şaumyanın çıxışı lentə alınmışdır. Uzun illər «sədaqətli bolşevik – leninçinin nadir obrazını yaradan sənət əsəri» kimi təqdim olunan cəmi 20 metrlik «Bakı komissarının mitinqdə çıxışı» adlı bu lent, o dövrün ab-havasını çatdırmaq baxımından çox maraqlıdır.

Həmin dövrdə «17-ci ilin martı və kollektiv müqavilə uğrunda mübarizə» adlı (Ola bilsin, «Bakıda xalq azadlığı bayramı» adlandırılan lent) sənədli film də çəkilmişdir. Lentin 10 il sonra – 1927-ci ildə «Azdövkino»nun arxivindən tapılması haqqında mətbuatda («Bakinskiy raboçi» 16 noyabr, 1927-ci il) məlumat verilmişdi. Burada göstərilir ki, keçmiş kino sənayeçisi Koçan, filmi Partiya Tarixi Arxivinə verib. Bu ekran əsəri «Bakıda 1917-ci ilin mart hadisələrini əks etdirir. Müəyyən qədər qəribə ad daşıyan filmdə dövrün bütün böyük inqilabi anları lentə alınıb – Bakı proletariatı rəhbərlərinin çıxışı, Bakı ictimaiyyəti, kütləvi mitinqlər, yığıncaqlar, mədənlərdə mitinqlər». Filmə baxan PTA və «Azdövkino» tərəfindən onun «nadir nüsxə olduğu, heç bir kino müəssisəsində və muzeydə olmadığı, nümayiş etdirilmədiyi, «Azdövkino»nun filmin sahibi ilə onu dövlət mülkiyyətinə almaq üçün danışıqlar apardığı» barədə də məlumat verilmişdir. Kinoxronika aprelin 18-də çəkilmiş, «Kaspi» qəzetinin 23 aprel sayında ayın 23-dən 25-dək Mayılov teatrında nümayiş etdiriləcəyi haqqında elan verilmişdi.

1917-ci ildə lentə alınan «Neftin qazılması və çıxarılması» adlandırılmış 3 hissəli sənədli süjet də kino tariximiz üçün qiymətlidir. Uzunluğu 311 metr olan bu lent həmin illərdə neft sənayesinin ümumi mənzərəsini təsəvvür etməyə imkan verir. Təəssüf ki, 1920-ci ilədək sənədli kinomuzun başqa nümunələri kimi, bu lent də günümüzədək tamam qorunub saxlanmayıb, onun yalnız digər sənədli filmlərdəki parçaları qalıb.

Bir-birini əvəz edən Zaqafqaziya Seymi, Zaqafqaziya Komissarlığı və Zaqafqaziya Federasiyası daxili və xarici qeyri-stabillik üzündən yetərincə fəaliyyət göstərə bilmədiklərindən, təbii ki, mədəniyyət və incəsənət məsələləriylə məşğul olmağa imkan tapmadı. 1918-ci il, mayın 28-də Gürcüstanın ardınca öz müstəqilliyini elan edən Azərbaycan Demokratik Cümhuriyyəti ilk bəyannaməsində «ərazisində yaşayan bütün xalqlara azad inkişaf üçün geniş şərait yaradacağına» təminat verdi. 1918-ci il sentyabrın 15-də Azərbaycanın paytaxtı Bakının türk qardaşlarımızın, Qafqaz İslam Ordusunun köməyi ilə bolşevik daşnak işğalından azad edilməsindən sonra dərhal əməli fəaliyyətə başlayan milli hökumət dövlət quruculuğunun müxtəlif sahələrində qəti addımlar atdı. Hökumət Azərbaycan mədəniyyətinin xaricdə təbliği məqsədi ilə teatr truppalarının qastrollarını təşkil edir, repertuarda milli sənət nümunələrinin yer almasına xüsusi diqqət göstərirdi. Şübhəsiz, həmin əsərlər arasında Ü.Hacıbəyovun opera, operetta və musiqili komediyaları mühüm yer tuturdu.

Qəzet, jurnal, kitab nəşri ilə yanaşı, F.Xoyskinin başçılıq etdiyi hökumət, kino sənayesinin milliləşdirilməsi yönümündə bolşeviklərin həyata keçirdikləri tədbirlərin qarşısını aldı, azad inkişaf üçün şərait yaratdı. Bu da qısa müddət ərzində digər sənət sahələri ilə yanaşı, kinematoqrafın dirçəlməsinə təkan verdi.

1918-ci ildə kinematoqrafiyada çalışan qüvvələrin konsolidasiyası baş verdi – Bakı şəhərinin sinematoqrafiya və teatr qulluqçularının İttifaqı yarandı. İttifaqa görkəmli aktyor və rejissor A.M.Şərifzadə başçılıq edirdi. Bu qurum öz üzvlərinin hüquqlarını qorumaq yönümündə müəyyən fəaliyyət göstərir, tədricən bütün kino və teatr sənətçilərini əhatə etməyə can atırdı.

Bakı kommunasının milliləşdirmə siyasəti nəticəsində xeyli ziyan çəkmiş «Filma» aksioner cəmiyyəti Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması ilə öz fəaliyyətini bərpa etdi. Cəmiyyətin rəhbərliyi 1918-ci ilin axırlarında kino istehsalını davam etdirmək məqsədilə rejissor B.Svetlovu və operator Q.Lemberqi Peterburqdan Bakıya dəvət etdi. B.Svetlovun P.Muravyovun ssenarisi əsasında çəkdiyi «Bir alçalmanın tarixi» filmi meşşanların həyatından götürülmüş məişət melodramı idi. Ekran vasitəsilə tamaşaçılara təlqin edilirdi ki, insanın başına nə gəlirsə-gəlsin – şəxsi həyəcanlar, uğursuz qurulmuş həyat – hamısı taleyin hökmüdür.

Filmdəki rolları, çox güman ki, B.Svetlovun digər lentlərində də çəkilmiş rus teatr truppalarının aktyorları ifa edirdilər. 1919-cu ilin yanvarından Bakı kinoteatrlarında nümayiş etdirilən bu 5 hissəli ekran əsəri dövri mətbuatda verilən elanlarda «müasir həyatdan bəhs edən güclü dram» kimi təqdim edilsə də, bədii dəyərini təsdiqləyən rəylərlə rastlaşmamışıq. 1918-1920-ci illər ADP dövründə haqqında danışdığımız ekran əsəri Azərbaycanda istehsal edilmiş yeganə bədii filmdir.

Ayrı-ayrı faktlar və ehtimallar ADP dövründə sənədli çəkilişlərin olduğundan xəbər verir. 1918-ci il, sentyabrın 15-də Bakının azad edilməsi, dekabrın 7-də Azərbaycan Parlamentinin açılışı, digər əlamətdar hadisələr fotoların yaddaşına köçürülübsə, deməli, sənədli çəkilişlərin olması da mümkündür. Bu gümanımızı həmin illəri görmüş adamların xatirələrindəki faktlar da sübut edir. Məsələn, ADC Milli Şurasının sədri M.Ə.Rəsulzadənin silahdaşlarından biri İ.Əmənullayev bir il sonra keçirilən müstəqillik bayramı haqqında xatirələrində qeyd edir: «...Dəniz kənarında parad keçirdilər. Paradı Əliağa Şıxlinski aparırdı, Mehmandarov qəbul edirdi (ADP hərbi nazirinin müavini və hərbi nazir – N.Ə.). Paraddan sonra teatra getdik, orada Bakının necə alınmasını göstərdilər...» Deməli, 1918-ci il, sentyabrın 15-də Azərbaycan və türk əsgərlərinin Bakını daşnak-bolşevik tör-töküntülərindən təmizləməsi haqqında sənədli-xronikal film olub.

Bu dövrdə haqqında dəqiq məlumat olan yeganə çəkiliş 1919-cu il mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin ildönümü münasibətilə hökumətin keçirdiyi tədbirlərin sənədli xronikasının yaradılmasıdır. Kino tariximizlə bağlı məqalə və monoqrafiyalarda  «əksinqilabi Müsavat hökumətinin qurulmasının 1 illiyi» adlanan təntənələri çəkən naməlum operator Azərbaycan Demokratik Cümhuriyyəti qoşunlarının hərbi keçidini, onlara tamaşa etmək üçün küçələrə çıxmış Bakı əhalisini lentə alıb. «Azərbaycan kinosu» izahlı kataloqunda filmin rejissor Esfir Şub tərəfindən çəkildiyi qeyd edilsə də, bunu sübut edəcək faktla qarşılaşmamışıq. 1919-cu ilin iyunun 13-də «Ekspress», «Rekord», sonralar isə «Forum» kinoteatrlarında bədii filmlərdən əvvəl nümayiş etdirilən bu sənədli lent tariximiz üçün nadir kinomaterial sayıla bilər.

Təəssüf ki, həmin çəkiliş Azərbaycan Mərkəzi Dövlət Foto-kino Sənədləri Arxivində saxlanmayıb. Kinoşünas və rejissor  A.Salayev eyni zamanda 1918-ci ilin mart qırğınından bəhs edən sənədli-xronikal çəkilişlərin olduğu bu materiallara Londonda tamaşa etdiyi haqqında mətbuata açıqlamalar vermişdi. Yeri gəlmişkən, biz o dövrdə Bakıda olan türk, sonra isə ingilis qoşunlarının lentə göçürüldüyü ehtimalını istisna etmirik. Çox güman ki, Türkiyənin, Böyük Britaniyanın və Rusiyanın saxlanclarında həmin çəkilişləri tapmaq mümkündür.

Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti qısa müddət (cəmi 23 ay) ərzində fəaliyyət göstərdiyindən, daxili və xarici düşmənlərə qarşı arasıkəsilməz mübarizə apardığından mədəni-maarif sahəsində nəzərdə tutduğu islahatları tam gerçəkləşdirə bilmədi. Azad sahibkarlığın inkişafına şərait yaradan hökumət, filmlərin çəkilişinə və nümayiş etdirilməsinə, kinoteatrların fəaliyyətinə heç bir qadağa qoymurdu. «Azərbaycan Respublikasının 1920-ci il üçün unvan-təqvimi»ndə kinematoqrafla bağlı məlumat verilib. Burada göstərilir ki, həmin dövrdə Bakıda 12 kinoteatr fəaliyyət göstərirdi.

«Ampir» (Molokan küçəsi), «Mars» (Vorontsov və Qubernski küçələrinin kəsişdiyi yer), «Muza» (Velikoknyajeskaya küçəsi, Kələntərovun pasajı), «Rekord» (Böyük Dəniz küçəsi, Azadlıq Meydanı), «Renessans» (Torqovaya, 11), «Unison» (Telefonnı və Budaqov küçələrinin kəsişdiyi yer), «Fenomen» (Dənizkənarı bulvar), «Forum» (Böyük Dəniz küçəsi), «Fransız» və «Ekspress» (hər ikisi Olginskaya küçəsi) kinoteatrları əsasən bədii filmlərin nümayişi ilə məşğul olurdular; Balaxanı küçəsindəki 1-ci kişi seminariyasında «şagirdlər üçün kinematoqraf» fəaliyyət göstərirdi; Nikolayev küçəsindəki 6 saylı binada, 1-ci Realnı məktəbində «elmi-kütləvi kinematoqraf» işləyirdi. Təbii-fiziki elmlər həvəskarları cəmiyyətinin tabeliyində olan Mərkəzi Valideyn Dərnəkləri Şurasının orqanı idi. Bundan başqa, Birjevaya küçəsindəki Yefimov qardaşlarının binasında yerləşən «Modern» sirkində də kino seansları nümayiş etdirilirdi. 1915-1916-cı illərə nisbətən kinoteatrların sayının azalması 1917-ci ildə Bakı Soveti hökumətinin apardığı «milliləşdirmə» siyasətinin nəticəsi idi. Bununla əlaqədar bolşevik hakimyyətinin gördüyü tədbirlər nəticəsində bir çox sahibkarlar var-yoxdan çıxmış, kinoteatrlar fəaliyyətini dayandırmağa məcbur olmuşdu.

Bu dövrdə kinoteatrların filmlərlə təchiz edilməsilə yerli prokat kontorları (ilk növbədə «Filma» aksioner cəmiyyətinin prokat kontoru) məşğul olurdu. «Levin və K» yoldaşlığı Rusiyanın bolşevik hökuməti tərəfindən milliləşdirildiyindən, onun Bakı bölməsi də bağlanmışdı. Regionda baş verən siyasi hadisələr və müharibələr, təbii ki, bu sahənin fəaliyyətinə də təsirsiz ötüşməmişdi. Ona görə də ekranlarda yeni filmlərin nümayişilə bağlı dövri mətbuatda çox az məlumata rast gəlirik.

1920-ci il, aprelin 28-də bolşevik Rusiyası hökumətinin iradəsi və yerli kommunistlərin köməyi ilə Azərbaycanı işğal edən XI Qırmızı Ordu Azərbaycanın müstəqilliyinə son qoydu. Görünməmiş qırğınlar və total təbliğat hesabına hakimiyyətə yiyələnən bolşeviklər ölkəni milli tərəqqi yolundan döndərməyə nail oldular. Xalqın müstəqilliyi ilə yanaşı, mənəviyyatı da zora məruz qaldı. Həmin vaxtdan «Azərbaycan milli kinosu» əvəzinə «Azərbaycan sovet kinosu» adlandırılan yabançı bir inkişaf yolu müəyyən edildi.

Nəriman ƏBDÜLRƏHMANLI