Elektron ədəbiyyat və sənət portalı

Qərib şairin əbədi yurd nisgili

Bölmə: Mədəniyyət 01.04.2016

Böyük sənətkarların formalaşmasında ailə mühitinin, dövrün, tərbiyənin və təhsilin  əhəmiyyəti barədə çox danışılıb. Amma bundan başqa hər sənətkarın həyata dönüş nöqtəsini gətirən adamlar da var. Böyük bəstəkar, Azərbaycan Xalq artisti Arif Məlikov üçün bu dönüş nöqtəsini yaradan Nazim Hikmət olub desək, yəqin ki, yanılmarıq. Görkəmli türk şairinin librettosu əsasında yazdığı ilk böyük əsər - “Məhəbbət əfsanəsi” baleti Arif Məlikova dünya şöhrəti qazandırıb. Azərbaycan bəstəkarının əsərləri Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda səhnəyə qoyulub. Moskvanın Böyük Teatrı 50 ildir ki, daimi repertuarında “Məhəbbət əfsanəsi”nə xüsusi yer ayırır. Bəstəkarın müsahibələrinə əsaslansaq, bu baleti hətta dünyada ən çox səhnəyə qoyulan əsər kimi Ginnesin rekordlar kitabına salmaq istəyirlər.

 

Ata və oğul

 

Onları – böyük şair Nazim Hikmətlə bəstəkar Arif Məlikovu ata-oğul adlandırmaq olar. Oxuduqlarımızdan, eşitdiklərimizdən də bilirik ki, Nazim Hikmət Bakıya gələrkən bütün dəvətləri cavablandırmazdan əvvəl,  Arif Məlikovu nəzərdə tutaraq, “öncə oğluma dəyməliyəm” deyərmiş.

Arif Məlikov özü Nazim Hikmət haqqında xatirələrini bizimlə belə bölüşür: “Nazim Hikmətə Allah rəhmət eləsin, mənə həmişə “oğul” deyib. Nazim Hikmət haqqında danışmaq məni heç vaxt yormayıb. Mənə bağışladığı bütün kitablara yazdığı avtoqraflarda “Ürəyin şad olsun, övladım Arif” yazırdı. “Ürək” sözünü mütləq işlədirdi. Çünki biz bilirik ki, o, həbsxanada yatandan və vətənindən, doğmalarından uzaq düşəndən sonra ürəkağrısı tapmışdı”.

 

İlk görüş

 

Nazim Hikmətlə, o vaxtlar gənc olan bəstəkar Bakıda, şairin Azərbaycana səfəri zamanı tanış olub. O zaman artıq Arif Məlikov nəinki böyük şairin yaradıcılığıyla yaxından tanış idi, hətta “Məhəbbət əfsanəsi”ni yazmağa hazırlaşırdı: “Eşitdim ki, Nazim Hikmət Bakıya gəlib. “İnturist” otelində qalırdı. Orada bir çox yazarlar vardı. Yaxınlaşıb dedim ki, sizin “Məhəbbət əfsanəsi” pyesi əsasında balet yazıram. “Çox gözəl, yaxşı bir əsər olacağına inanıram” söylədi. Otaqdan çıxarkən ayağım stula dəydi, yıxıldım. Məndən başqa orada bizim rejissorlardan da bir-iki nəfər vardı. Mən gedəndən sonra Nazim Hikmət deyibmiş ki, bu cavan oğlan yaxşı yazacaq. Çünki onun böyük üstünlüyü var – o, gəncdir.  Bu, bizim ilk görüşümüz idi. Onun belə bir düşüncəsi vardı ki, gənclik bir fürsətdir, onu sənət, ədəbiyyat, şeiriyyət yolunda işlətmək lazımdır. Gənclikdə özünü qoruyan adam möhkəm özül qazanmış olur, bundan sonra tikilən bina da möhkəm, dayanıqlı olur”.

Nazim Hikmət isə, “Məhəbbət əfsanəsi”nə tamaşa edəndən sonra bu görüş haqqında belə deyəcəkdi: “Arif Məlikov mənə deyəndə ki, “Məhəbbət əfsanəsi” baleti yazmaq istəyirəm, həmin gün çox şad oldum. Bu gün gördüklərim təsdiqlədi ki, nahaq yerə sevinməmişəm. Bir daha əmin oldum ki, balet muzey incəsənəti deyil, bu, müasir incəsənətdir. Mən çox həyəcanlanırdım ki, səhnədə Şərq necə görünəcək. Arif Məlikov baletdə Şərq adamına müasir insanın dünyabaxışı ilə baxıb. Buna görə də əsərdə “şirin” Şərq, “Əlibaba və qırx quldur” nağılından əsər-əlamət yoxdur. Və bu da yeni baleti bir xeyli teatr tamaşalarından fərqləndirib”.

Yeri gəlmişkən, bir məqamı da qeyd edək ki, bəstəkar baleti yazarkən librettoya bəzi dəyişikliklər edib, başqa sözlə desək, librettonu baletə uyğunlaşdırıb. Amma böyük şair bununla bağlı ona bir dəfə də olsun, narazılıq bildirməyib.

 

Şair gələcəklə bağlı nəyi bilirdi?

 

Arif Məlikov “Məhəbbət əfsanəsi”nin Böyük Teatrda tamaşaları ilə bağlı zarafatla belə deyir: “Hər dəfə orada “Məhəbbət əfsanəsi” səhnəyə qoyulanda mənim üçün ağır günlər başlayırdı. Çünki Nazim deyirdi ki, dostlarımla olacağam, mənə 35 bilet lazımdır. Otuz beş bileti də orada əldə etmək çətin məsələ idi. Amma Nazim Hikmətin istəyini yerinə yetirirdilər”.

Bununla belə şair ürəyindəki yaranı da bəstəkardan gizləmirdi.  Qürbət həsrəti ilə yanaşı, onu incidən başqa bir məqam da vardı: türkcə yazdığı əsərlərin doğma vətənində tamaşaya qoyulma imkanının olmaması. Nazim buna görə heç bir uğuruna ürəkdolusu sevinə bilmirdi: “Kremlin Qurultaylar Sarayında, altı min nəfərlik zalda tamaşadan sonra Nazim məni evlərinə dəvət etdi. Vera xanım süfrə açdı. Biz Nazimlə söhbət edirdik, mənə dedi ki, gəl gedək o biri otağa, səndən bir şey soruşmaq istəyirəm. Biz onun iş otağına keçdik. Orada Nazimin gözündən yaş gəldi. Qəfildən mənə dedi ki, bir gün olacaq, “Məhəbbət əfsanəsi” Türkiyədə səhnəyə qoyulacaq, sən o günü görəcəksən, mən yox. Sanki o, göylərin sərəncamından xəbərdar idi. Bilirdi ki, kim nə vaxt öləcək. Çox təəssüf ki, onun dedikləri həqiqət oldu. Türkiyədə onun əsərlərinə qoyulan yasaq aradan qaldırıldı. “Məhəbbət əfsanəsi” qardaş ölkənin bir çox teatrlarında nümayiş olundu”.

Amma bunun üçün xeyli vaxt tələb olundu. Buna qədər isə... Arif Məlikov bu hissəni danışmağa çətinlik çəkir. Deyir ki, Nazim Hikmətlə bağlı xoş günləri çox olub. Amma ağır günlər də olub: “Bunları danışmaq, xatırlamaq asan deyil. İnanın ki, Ankara teatrında altı ay teatrın balet şöbəsi “Məhəbbət əfsanəsi”ni hazırladı, premyeraya cəmi iki gün qalmış əsəri repertuardan çıxarıb, yasaq etdilər. Mən o zaman teatrdan əsəbi halda çıxdım. Hirsimdən gözümdən yaş gəlirdi. Çünki Türkiyədə premyeranın keçirilməsinin mənim üçün çox böyük anlamı vardı. Axı Nazim Hikmətin də ən böyük arzusu bu baleti Türkiyə səhnəsində görmək idi.

Sonralar onun istəyi həyata keçdi. Baleti İstanbulda, Ankarada, İzmirdə  və  başqa teatrlarda da dəfələrlə səhnəyə qoyduq. Mənə elə gəlir ki, haqq dünyasında olsa da, hər dəfə bu əsər səhnədə oynanılanda Nazim Hikmət onun havasını alır, ruhu rahatlıq tapır. Mən çox xoşbəxtəm ki, tamaşadan sonra adımın Nazim Hikmətlə yanaşı yazıldığı proqramları insanlar evlərinə aparırlar”.

Arif Məlikov “Məhəbbət əfsanəsi”ndən başqa, Nazim Hikmətin iki silsilə şeirinə romanslar bəstələyib: “Onlar şairin ən gözəl şeirləri əsasında yazılıb”.

 

Qalyadan Veraya... yalnız portfellə

 

Bəstəkar böyük şairin şəxsi keyfiyyətlərindən də söz açmağı unutmur. Deyir ki, Nazim Hikmətə Moskva ətrafında, Peredelkino qəsəbəsində bağ evi vermişdilər. Üçmərtəbəli ev bahalı hədiyyələrlə doluymuş. Arvadı (əvvəllər onun həkimi olub – red.) Qalyanı tərk edib, Veranın yanına gedəndə şair o evdən bircə portfellə çıxıb. Bir kiçik suvenir belə götürməyib: “Mən o vaxt Peredelkinoya gedəndə Nazim deyirdi ki, oğlum gəlib, bu gün kababı özüm bişirəcəyəm.

Dəmir lövhənin üzərində nazik doğranmış əti qızardırdı, sonra masa arxasında otururduq, masanın altından rus arağı şüşəsini və iki iri fujer çıxarırdı. Öz fujerinin yarısına limon suyu, yarısına araq tökürdü. Soruşurdu ki, sən belə içə bilərsən? Deyirdim, yox, mən kiçik qədəhdə içirəm. Gülümsəyirdi”.

 

Nazim Hikməti “dərmək”

 

Bəstəkarın Nazim Hikmət sevgisi bitməz-tükənməzdir. O, olduğu hər yerdə böyük şairdən danışmaqdan doymur: “Bir gün məni İstanbulda Yıldız sarayına dəvət etdilər. Orada təmir-bərpa işləri aparılmışdı. Nazimin əsərinin yasaqlanan vaxtıydı. Sonra bir ziyafətə dəvət aldım. Süfrədən kənarda əyləşmiş 8-10 yaşında bir qızın gözü bizdəydi. Onu çağırdım.  Uzun müddət danışmadı, sakitcə dayandı. “Sən bir söz deməyəcəksən?” – soruşdum. Cavab verdi ki, istəsəm, Nazim Hikmətə həsr etdiyi  şeiri mənə oxuya bilər. Təəccübləndim.  Şeir təxminən beləydi:

Nazim amca, məzarından

                bir ovuc torpaq ver,

mən onu bağçamdakı çiçəklərin

                dibinə tökəcəyəm.

Çiçəklər açacaq və qızılgüllər

                görünəcək.

Mən onları dərmərəm,

onları dərmək Nazim

                Hikməti dərmək deyilmi?

Bir müddət sonra “Məhəbbət əfsanəsi” Türkiyədə tamaşaya qoyulanda o qız zalda ön sırada oturmuşdu”.

 

“Şairə bir borcum qalır”

 

Bəstəkarın Nazim Hikmətə bir borcu qalır. Səksən iki yaşlı Arif Məlikov yeni əsər yazmaq niyyətindədir. Əlbəttə ki, Nazim Hikmət mətnindən söhbət gedir: “Şairin arzusu idi ki, onun “Yusif və Züleyxa” əsərinə balet yazım. Mən də belə bir niyyətimin olduğunu bəyan etmişəm. Bunu eşidəndən sonra dünyanın elə bir teatrı yoxdur ki, mənimlə müqavilə bağlamağa can atmasın. Sankt-Peterburqdan Praqaya qədər bütün şəhərlərdən dəvət almışam. Onu yazsam, asanlıqla öz səhnəsini tapacaq. Bu borcu qaytara bilsəm, düşünərəm ki, dünyada mənə ayrılan vaxtı səmərəli yaşamışam!”.

RƏBİQƏ