Elektron ədəbiyyat və sənət portalı

Türkcədən tərcümənin üslub problemləri

Bölmə: Ədəbiyyat 08.04.2016

Türkcə şifahi nitqdə də bu formalar danışıq etiketinin ən çox istifadə edilən üslub şəklidir. Məsələn, “bir bardak çay ver” yerinə “bir bardak çay rica edebilirmiyim”, “bir bardak çay rica etsəm”, “bir bardak çay alayım” kimi formalara üstünlük verilir.

Azərbaycan dilində bu rəsmi-işgüzar üslub və kargüzarlıq dili üçün xarakterik olan qərara alıram, əmr edirəm  kimi I şəxs əmr forması, eləcə də geniş yayılmış  həll etsin, təmin etsin, təsdiq edilsin, həyata keçirsin kimi III şəxsin təkinin əmr forması, tapşırılsın, təsdiq edilsin, nəzərdə tutulsun kimi kimi icbar növ, beynəlxalq saziş və müqavilələrdə, iş kontraktlarında, əqdlərdə feilin -malıdır/məlidir formalı vacib şəkli (almalıdır, alınmalıdır, baxılmalıdır, gedilməlidir, həll edilməlidir və s.), indiki zaman şəkilçili xəbərlər müasir türkcə üçün xarakterik deyil. Vaxtilə osmanlıcaya da xas olan bu üslubdan (ferman buyurula, yaxud fermanımdır; asıla; boynu vurula; böyle biline və s.) müasir türkcədə istifadə edilmir. Türkcədə əmr, sərəncam, fərman, qərar  kimi bir-birindən fərqli hüquqi-normativ sənədləri məzmun və mündəricəsinə uyğun xarakterizə edən müstəqil  terminlər də yoxdur. Bunların hamısının yerinə, əsasən, “karar” və “kararname” terminləri işlədilir. Türkcənin rəsmi-işgüzar üslubunda təyin(at), göstəriş, tapşırıq, direktiv, sirkulyar kimi normativ hüquqi aktlar üçün “tayin, genelge, yönerge, tamim, duyuru, tensip, atama, havale” kimi istilahlar işlədilir. Bu cür sənədlərdə cümlənin xəbəri, əsasən, feilin geniş zamanında (önlem alınır, konu halledilir, uygun bulunur, gereği yapılır və s.), gələcək zamanda (personel alınacaktır, yarın gidilecektir, mesele halledilecektir, hazır bulunacaktır, gereği yapılacaktır), yaxud da predikativliyi təmin edən dır, dir, dur, dür / tır, tir, tur, tür xəbərlik şəkilçili nəqli keçmiş zamanda (karar alınmıştır, uygun görülmüştür, gereği yapılmıştır, yetkili kılınmıştır və s.) işlədilir.

Türkcə və Azərbaycan dilində rəsmi-işgüzar üslubda və kargüzarlıq dilində sırf bu dillərə məxsus qəlibləşən söz və ifadələr, bütöv cümlələr, hətta mətnlər var ki, bunları tərcümədə işlətmək lazımdır:

“Dün Türkiye’nin Güneybatısında saat 14:00 sularında Richter ölçeğine göre  2 şiddetinde deprem oldu. Deprem üssünün bulunduğu Akdeniz kıta sahanlığında (karasularında) yeraltı sarsıntılar, 3,5 şiddetinde tesbit edildi. Depremde can ve mal kaybı yok”. –  “Dünən Türkiyənin cənub-qərbində saat 14-00 radələrində zəlzələ baş verib. Zəlzələnin episentrinin yerləşdiyi Aralıq dənizi kontinental şelfində 3,5 bal gücündə yeraltı təkanlar  qeydə alınıb. Dağıntı və təlafat yoxdur”.

“İlgililere duyurulur” (əsasən, məktubun sərlövhəsi altında, və ya sonunda qeyd edilir) – “Aidiyyəti şəxslərin nəzər-diqqətinə çatdırılır”.

“Gereğini arzederim” – Əsasən, məktubun sonunda, imzadan üstdə qeyd edilən bu ifadə “…irəli gələn məsələləri həll etsin; Lazımi (müvafiq) tədbirlər görülsün (görsün) cümlələri ilə tərcümə edilə bilər.

Gündeme ilişkin karar oybirliği ile kabul edildi (reddedildi) –  Gündəlikdəki məsələ ilə əlaqədar qərarın lehinə (əleyhinə) yekdilliklə səs verildi.

Bu Kanun (Yasa) yayınlandığı (imzalandığı) gün yürürlüğe girer – Bu Qanun dərc edildiyi (imzalandığı) gündən qüvvəyə minir.

Tarafların sorumluluk ve yükümlülükleri – Tərəflərin məsuliyyəti və öhdəlikləri.

Anlaşmanın Tarafları – Razılığa gələn Tərəflər.

Anlaşma Tarafının mevuzuatıyla düzenlenir – Razılığa gələn Tərəfin qanunvericiliyi ilə tənzimlənir.

Sözleşmenin konusu – Kontraktın predmeti.

İhtilafların çözümü ve mucbir sebepler – Mübahisələrin həlli və fors-major.

Sözleşmenin feshi (iptali) ve tasfiye komisyonu – Müqavilənin ləğvi və ləğv etmə komissiyası.

Sözleşmenin onaylanması – Müqavilənin ratifikasiyası.

İndi isə hər iki dildə olan, lakin müxtəlif üslublara aid bir neçə kəlmə üzərində dayanaq. Məsələn, götürək ağ və kara kəlmələrini. Yalançı transomonim kimi də çıxış edən ağ kəlməsinin tor, setka, şəbəkə mənaları, kara kəlməsinin quru, torpaq mənaları müasir dilimizdə yoxdur.

Türkcədə ağ kəlməsinə farscadan alınma beyaz; qara rəngə isə yenə bu dildən alınma siyah deyilir. Kayahanın məşhur mahnısını, yəqin ki, xatırlayırsınız:

Bizimkisi bir aşk hikayesi/Siyah beyaz film gibi bir az...

Bununla yanaşı, eyni mənalarda türk mənşəli ak və kara kəlmələri də işlədilir. Lakin bu kəlmələr ədəbi dilin fərqli üslublarına aiddir. Beyaz və siyah kəlmələri müstəqim mənada rəng bildirən nominativ adlar – sifətlər  olaraq ədəbi türkcənin rəsmi-işgüzar üslubuna, ak və kara sözləri daha çox metonomik çalar, məcazi yük daşıyan sözlər kimi ədəbi-bədii üsluba aiddir. Müqayisə et:

Kömürün rengi siyah, sütün rengi beyazdır.

Ak akçe kara gün içindir.

Okul bitiyor, iş telaşı başlıyor. Sınıfta öğrenilenlerin akı, sokaktaki gerçeklerin karasına çarpıp grileşiyor.

Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanından kiçik bir parçanı orijinalda, bu sətirlərin müəllifinin hərfi tərcüməsində və görkəmli mütərcim M.Rzaquluzadənin əsərin əslinə adekvat tərcüməsində oxuyub müqayisə etməklə həm iki dil, həm də informativ üslubla (hərfi tərcüməylə) bədii üslub (bədii tərcümə) arasındakı fərqləri görmək mümkündür. Orijinalda:

“Beni bir düşüncedir almıştı. Ne yazacaktım. Duvardakı boyalı Meryem tablosunun altına asılmış guguklu saat durmadan yürüdüğü halde ben, hala yerimde sayıyordum. Başımdaki kurdeleyi çözdüm, saçlarımı yavaş yavaş gözlerimin üzerine indirmeye başladım.

 Bir elimle de kalemimi ağzıma sokuyor, ısıra ısıra dişlerimin arasında döndürüyordum.

Filozofların, şairlerin yazı yazarken burunlarını kaşımak, çenelerinin derilerini çekiştirmek gibi garip garip huyları vardır ya... Kalemi ısırmak ve saçlarımı gözlerimin üstüne dağıtmak da benim düşüncelere daldığıma alamettir.

Bereket versin benim de düşünce saatlerim çok nadirdir.”

Hərfi tərcümə:

“Məni bir düşüncə almışdı. Nə yazacaqdım? Divardakı boyaqlı Məryəm tablosunun altına asılmış ququqlu saat durmadan yeridiyi halda, mən hələ yerimdə sayırdım. Başımdakı lenti çözdüm, saçlarımı yavaş-yavaş gözlərimin üzərinə endirməyə başladım.

Bir əlimlə də qələmimi ağzıma soxur, dişləyə-dişləyə dişlərimin arasında döndərirdim.

Filosofların, şairlərin yazı yazarkən burunlarını qaşımaq, çənələrinin dərilərini çəkiştirmək kimi qəribə-qəribə xasiyyətləri vardır... Qələmi dişləmək və saçlarımı gözlərimin üstünə dağıtmaq da mənim düşüncələrə daldığıma əlamətdir. Bərəkət versin, mənim də düşüncə saatlarım çox nadirdir.”

İlk baxışda hər şey yerli yerindədir. Mətn başa düşülür və tərcümə təsiri bağışlayır. Lakin bu, qohum dilin aldadıcı oxşarlığıdır. Diqqətli oxucu, türkcə və azərbaycancanı yaxşı bilən mütəxəssis hiss edəcək ki, hər şeydən əvvəl, tərcümədə üslub quru və cansıxıcıdır. Mətndəki düşüncə almaq, boyaqlı tablo, dişləyə-dişləyə dişlərin arasında döndərmək, dərini çəkişdirmək, xasiyyət, o təqdirdə, bərəkət versin  ifadələri bədii üslubdan uzaqdır və mətnin əslinə adekvat deyil.

İndi isə orijinala ekvivalent bədii tərcüməyə baxaq:

“Məni fikir götürmüşdü. Nə yazacaqdım. Məryəm ananın divardakı rəngli şəklinin altından asılmış quqqulu saat durmadan işləyirdi. Amma mən hələ də dayanıb durmuşdum. Başımdakı lenti açdım, saçlarımı yavaş-yavaş gözlərimin üstünə endirməyə başladım.

Bir əlimlə də qələmi ağzıma soxub gəmirə-gəmirə dişlərimin arasında bururdum. Filosofların, şairlərin yazı yazanda burunlarını qaşımaq, çənələrinin dərisini çimdikləmək kimi qəribə-qəribə vərdişləri olduğunu eşitmişdim... Qələmi dişləmək və saçlarımı gözlərimin üstünə dağıtmaq da mənim dərin düşüncələrə daldığıma bir əlamətdir. Yaxşı ki, mən belə dərin düşüncələrə çox tez-tez dalmırdım.”

Sonuncu misalı 2006-cı ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamukun, dilimizə tanınmış yazıçı-publisist, eyni zamanda peşəkar mütərcim olan N.Əbdülrəhmanlı tərəfindən tərcümə edilərək çap olunmuş məşhur “Mənim adım Qırmızı” romanından veririk:

“İstanbul’a, doğup büyüdüğüm şehre, on iki yıl sonra bir uyurgezer gibi girdim. Ölecekler için toprak çekti derler, beni de ölüm çekmişti. İlk başta şehre girdiğimde yalnızca ölüm var sanmıştım, sonra aşk ile de karşılaştım. Ama aşk, o ara, İstanbul’a ilk geldiğimde, şehirdeki hatıralarım kadar uzak ve unutulmuş bir şeydi. On iki yıl önce İstanbul’da teyzemin çocuk yaştaki kızına aşık olmuştum” .

Tərcüməsi:

“İstanbula, doğulub-böyüdüyüm şəhərə, on iki il sonra yuxu gəzərgisi kimi girdim. Öləcək kəslər üçün “torpaq çəkdi” deyərlər, məni də ölüm çəkmişdi. Şəhərə girəndə, hər şeydən qabaq təkcə ölümün olduğunu zənn eləmişdim, sonra eşqlə qarşılaşdım. Amma eşq o ara, İstanbula ilk dəfə girəndə, şəhərdəki xatirələrim qədər uzaq və unudulmuş bir şey idi. On iki il qabaq İstanbulda xalamın uşaq yaşındakı qızına aşiq olmuşdum”.

 Bu kiçik parçada qohum dillərdən tərcümənin çətinliklərinin  müxtəlif aspektlərini topluca görmək mümkündür: fonetik (toprak – torpaq), leksik-semantik (uyurgezer – yuxu gəzərgisi), morfoloji (girdiğimde – girəndə), saxta ekvivalent (doğup – doğulub), bütöv bir sintaktik konstruksiya (yalnızca ölüm var sanmıştım – təkcə ölümün olduğunu zənn eləmişdim). Romandakı hadisələrin XVI əsr İstanbulunda baş verdiyini nəzərə alan mütərcim uyurgezer termininin lüğətlərimizdə verilən lunatik, somnambul kimi qarşılıqlarını işlətməyi uyğun görməmiş, “yuxulu  ikən durub gəzən adam” mənasındakı uyurgezer istilahını son dərəcə uğurlu yuxu gəzərgisi şəklində tərcümə etmişdir.

Əsgər RƏSULOV, Filologiya elmləri doktoru, professor