Elektron ədəbiyyat və sənət portalı

Məsləkindən dönməyən adam

Bölmə: Tarix 02.05.2016

…Məşədi Ələsgər məsciddə bir az ləngimişdi. Namazdan sonra axundla çay süfrəsi arxasında söhbətləşmişdi. Xalq arasında “Dağlı məscidi” kimi tanınan bu ziyarətgah onun vəsaiti hesabına tikilmişdi və tanınmış mesenat burda vaxt keçirməyi xoşlayırdı. (Bolşeviklər hakimiyyətə gələndən sonra Dağlı məscidi dağıdıldı, hazırda bu ərazidə Cəfər Cabbarlı adına 161 saylı orta məktəb yerləşir). Bu axşam da axundla məscidin həyətində bəzi yardımçı tikililərin inşasından danışmışdılar, Ramazan bayramı münasibəti ilə keçiriləcək xeyriyyə tədbirlərini müzakirə etmişdilər.

Məşədi Ələsgər Hacıgülməmməd oğlu Bakının sayılıb-seçilən tacirlərindən idi. Bərməki sülaləsinin bu layiqli nümayəndəsi 1860-cı ildə Xızıda, ortabab mülkədar ailəsində doğulmuşdu. Mollaxana təhsili alandan sonra atasının təsərrüfat işləri ilə məşğul olmuş, ticarətin sirlərinə dərindən yiyələnmişdi. Məşədi Ələsgər gənc yaşlarında Xızıdan Bakıya köçmüş, indiki Nəriman Nərimanovun heykəlindən bir qədər yuxarıda, 12 otaqdan ibarət ikimərtəbəli imarət tikdirmişdi.

Şəhərin bütün ərazilərində Məşədi Ələsgərin geniş ticarət şəbəkəsi var idı. O, Rusiya, İran, Türkiyə və digər ölkələrdən mal-qara alıb təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində satdırırdı. Şəhərin məşhur Qəssab bazarındakı dükanların əksəriyyəti ona məxsus idi. Xeyirxah, kasıba əl tutan, dar gündə tanış-bilişin dadına yetişən bu adam, azərbaycanlı uşaqların təhsili üçün xeyli pul xərcləyirdi. Evinin qarşısı həmişə qələbəlik olurdu. Hamı yaxşı bilirdi ki, Məşədi kimsəni ümidsiz qaytarmır, əlindən gələn köməkliyi göstərir. Xüsusən də “Əli süfrəsi” günlərində xeyirxah adamın qapısı hamının üzünə açıq olurdu. Məşədi Ələsgər ibadət zamanı həmişə deyirdi: “Ey qadir Allah, mənə o qədər mal-dövlət yetir ki, bu imkansızlara yetərincə əl tuta bilim…”

…O, qaranlıq dalanın sonuna çatıb sola buruldu. Hava qaralmışdı. Dağlı məhəlləsinin küçələri kimsəsizliyin sükutuna bürünmüşdü. Məşədi iki-üç addım da atıb qəfil dayandı. Arxada, tinin ucunda bir hənirti duymuşdu. Düşündü ki, yəqin kimsə qonşulardandır, ona yetişməyə çalışır. Arxaya dönmək istəyirdi ki, güllə onun düz kürəyinin ortasından tutdu. Əvvəlcə, nə baş verdiyini anlamadı. Amma bədəninə ikinci güllə dəyəndə zərbənin təsirindən böyrüüstə yerə yıxıldı, kürəyindən axan isti qanın qoxusunu duydu. Hələ huşunu itirməmişdi. Dalanın tinindən boylanan iki adamın dediklərini də aydın eşidirdi, azərbaycanca, ancaq erməni ləhcəsində danışırdılar, kim olduqlarını aydınlaşdıra bilmirdi.

- Ara, gizlət silahı, görən olar!

- Güllənin ikisi də dəyib deyəsən, ara, tez aradan çıxmaq lazımdır!

- Bəlkə ölməyib? Bir az gözləyək. Tərpənməsə, qaçarıq.

- Dəli olmusan? Ara, bilirsən o kişi kimdir? Tutsalar, tikə-tikə eləyərlər e… bizi!

Məşədi Ələsgər güc verib qalxmaq istədi, bacarmadı. Küçə qaranlıq idi, çoxlu qan itirdiyindən gözlərini tor tutmuşdu. Uca səslə təkcə bunu deyə bildi:

- Xain alçaqlar, kişi kişini arxada vurmaz…Üz-üzə çıxaydız, görəydim sizin qorxaq vücudunuzu…

Tindən güllə atan iki nəfər dabanına tüpürüb elə qaçmışdı ki, izi-tozu belə qalmamışdı. Məşədi hay-haray salıb kömək çağırmaq istəsə də, səsi çıxmadı, halsız bədəni getdikcə zəifləyirdi. Beynində eyni fikir dolaşırdı: “Əclaf ermənilər, axır ki, dediklərini elədilər… qansızlar!”

Son illərdə Məşədi Ələsgər bir neçə dəfə ermənilərlə kəllə-kəlləyə gəlmişdi. Hər dəfə də qarşıdurmadan qalib çıxmışdı. Xüsusən də Böyük Zirə adasında saxlanılan türk əsirlərə göstərdiyi yardımlar ermənilərin qəzəbinə tuş gəlmişdi…

1916-cı ildə rus qoşunları Qafqaz cəbhəsi boyunca hücuma keçərək, Ərzurumu və Trabzonu tutdular. Bu döyüşlər zamanı türklərdən çoxlu əsir alınmışdı. Onlardan təxminən 600 nəfəri Bakı buxtasındakı Böyük Zirə adasında saxlanılırdı. Türk əsirlərinin güzəranı dözülməz idi. Aclıq, susuzluq və xəstəlik onları əldən salmışdı. Adada nəzarətçi işləyənlərin böyük əksəriyyəti erməni idi. Onlar türk əsirlərə dəhşətli işgəncələr verirdilər. Erməni həkimlər isə əsirlər üzərində təcrübə aparır, zavallıları bilərəkdən öldürürdülər.

Həmin dövrdə Azərbaycanın bütün ziyalıları, imkanlı adamları türk əsirlərə maddi və mənəvi yardım göstərirdi. Məşədi Ələsgər də bu xeyirxah işdən kənarda qalmamışdı. O, qayıq kirayələyib müxtəlif bəhanələrlə tez-tez Böyük Zirəyə baş çəkir, hər dəfə də əsirlərə ərzaq, isti paltar və dərman gətirirdi. Adanın rus komendantına xeyli pul vermişdi, o da Məşədinin “əməllərinə” göz yumurdu. Bakı milyonçusu çəlləklərdə pendir gətirir, əvəzində hər çəlləkdə bir əsir gizlədib qaçırırdılar. Sonra da Məşədi Ələsgər onların müalicəsini, qaçaq yolla Vətənə qayıtmasını təşkil edirdi. Şübhəsiz, bu xeyirxah əməllərin sorağı Türkiyəyə də çatmışdı və şəxsən Ənvər paşanın göstərişi ilə Məşədi Ələsgər ordenlə təltif olunmuşdu. Amma ermənilər xeyriyyəçinin gördüyü işlərə, onun şan-şöhrətinə dözə bilmirdilər. Ona dəfələrlə xəbər göndərib hədələmişdilər, lakin Məşədi Ələsgər düşmən qarşısında baş əyməyəcəyini, məsləkindən dönməyəcəyini bəyan etmişdi. Bu mərd insan xalqın qəlbində, adamların xatirəsində elə bu cür də qaldı.

Onu Dağlı məscidinin həyətində dəfn elədilər. Bakının sayılıb seçilən adamları, silahdaşları, şəhər sakinləri onu son mənzilə yola saldı. Amma nə yazıq ki… Bolşeviklər məscidi dağıdanda Məşədinin qəbri də yerlə-yeksan oldu…

Fuad MƏMMƏDOV