Elektron ədəbiyyat və sənət portalı

Seriallarımızda nə çatışmır?

Bölmə: Mədəniyyət 21.08.2015

Son illər dövlət milli teleserialların çəkilməsi üçün xeyli vəsait ayırır. Bu vəsait keyfiyyətə və uğura yol aça bilirmi? Niyə hələ də tamaşaçılar əcnəbi seriallara üstünlük verirlər?

Milli Televiziya və Radio Şurasının seriallarla bağlı qənaəti ürəkaçan deyil.

Düzdür, birdən-birə Azərbaycan telekanallarından yüksək səviyyəli seriallar gözləmək bir az sadəlövhlük olardı. Ancaq ən azından milli serialda özgə həyatını, burjua dəbdəbəsini, bizdən hələ çox uzaqda olan həyat tərzini görmək tamaşaçını qaçırır. Bir sözlə, Azərbaycan vətəndaşı öz serialımızda özünü, yaxınını, ətrafını görə bilmir.

Bu, sadəcə bir və bizim gördüyümüz çatışmazlıqdır. Seriallarımızda uğursuzluğa yol açan digər amilləri və ümumilikdə serial sahəsində nə dərəcədə səviyyəli və keyfiyyətli iş ortaya çıxardığımızı mütəxəssislərin özlərindən eşidəcəyik.

Seriallarımızda çatışmayan cəhətlər hansılardır?

Teletənqidçi, professor Qulu Məhərrəmlinin sözlərinə görə, pis olan odur ki, serial çəkilişləri sistemsiz, xüsusi hazırlıq olmadan gerçəkləşdirilir: “Azərbaycanda çəkilən bütün serialların uğursuz olduğunu demək insafsızlıq olardı. Bizdə çəkilən serialların çox uğurlu hissələri də olur”.

Qulu Məhərrəmli bütövlükdə serial çəkilişlərində çatışmayan cəhətləri belə qruplaşdırır:

  1. Aktual mövzular yoxdur;
  2. Parlaq ssenarilər yoxdur;
  3. Yaxşı aktyor oyunu yoxdur – yəni baxdığım seriallarda bir teatrallıq var, aktyor oyunu hiss olunmur, sünilik var;
  4. Seriallarımızın dili, dialoqlar çox bəsitdir, mənfi emosiya yaradır;
  5. Rejissor işi arzuolunan səviyyədə deyil.

Müsahibimiz deyir, əsas məqam odur ki, serial bazarı ilə kim məşğul olmalıdır: televiziyalar, kinostudiyalar, yoxsa prodakşnlar? Onun mövqeyinə görə isə, Azərbaycanda özünü təsdiq etmiş bir neçə prodakşn var ki, müqavilə bağlayaraq serial çəkilişini onlara həvalə etmək olar: “Bizim televiziyalar normal veriliş hazırlaya bilmirlər, tamaşaçıların çoxu narazıdır. Normal veriliş hazırlaya bilməyən televiziya necə serial çəkə bilər? Ümumiyyətlə, serial çəkilişi ayrıca bir sahədir. Bu, daha çox film, kino bazasında formalaşmalıdır.

Kinostudiyanı bu proseslərdən kənarda saxlamaq olmaz. Orda bizim tanınmış ssenaristlər, rejissorlar, yaxşı dialoq ustaları var. Onları cəlb eləmək lazımdır. Ancaq konseptual olaraq bu işin televiziyalara həvalə olunması yanlışdır. Nə qədər ki, gec deyil, bu yanlışlığı düzəltmək lazımdır”.

 

Tamaşaçını bizim seriallardan uzaqlaşdıran nədir?

Teletənqidçi müqayisə apararaq, tamaşaçıların niyə türk seriallarına üstünlük verməsinə də aydınlıq gətirir: “Türk seriallarının sevilməsinə səbəb aktual mövzulara toxunulmasıdır. İnsan psixologiyası çox önəmlidir. Cəmiyyətin həyatında baş verən olaylar düşüncəsinə, psixologiyasına təsir edir. İnsanlar seriallarda real həyat cizgilərini görmürlərsə, onda maraq da göstərmirlər. Süni, qurama hadisələr görəndə kanalı çevirirlər. Həddindən artıq ideallaşdırılmış həyat tərzi, davranışlar istər-istəməz tamaşaçını seriallardan uzaqlaşdırır”.

 

“Serial sahəsində islahatlar aparmaq lazımdır”

Yazıçı-ssenarist Əyyub Qiyas bu sahədəki bir neçə problemi diqqətə çatdırır: “Bir müddət serialların mətbəxində oldum və bir faktı hiss etdim. Bizdə bir-iki rejissoru çıxmaq şərti ilə peşəkar kino rejissoru yoxdur. Heç peşəkar ssenarist də yoxdur. Mövzu tapa bilmirlər. Təəssüf doğuran odur ki, rejissor ssenari yazır, ssenarist rejissorluq edir. Hətta bəzən elə kadrlar olur ki, onları rejissorun 3-cü dərəcəli köməkçiləri çəkir. Bu, çox acınacaqlı haldır. Amma bütün bunların arxasında aktyor faktı dayanır. Aktyorlarımız zəifdən də aşağıdır. Təbii ki, beş-on nəfər var ki, onlara bu sözləri aid etmək olmaz. Serialların əksəriyyətində aktyorlara ucuz əmtəə kimi yanaşılır, buna da şəraiti aktyorlar özləri yaradıblar. Kamera qarşısında dayanmaq hər oğulun işi deyil. Kameranın öz tələbləri var. Aktyor özünü görmür, rejissorsa onu görür. Amma aktyor özünü bir dəfə görə bilməz, əgər ikinci dəfə də özünü görə bilmirsə, o zaman o, aktyor deyil.

Seriallarla bağlı böyük islahatlar aparmalıyıq. Əvvəla serial dövlət büdcəsi ilə deyil, kanalların və prodakşnların imkanları ilə çəkilməlidir. Daha sonra sponsorları cəlb etmək üçün vergi məsələlərinə yenidən baxılmalıdır. Seriala sponsorluq edən vergidən azad olunmalıdır. Vergi yalnız qazancdan verilməlidir.

Rejissorları, aktyorları, operatorları xaricə təcrübəyə göndərmək lazımdır, bu da şəffaf olmalıdır, təcrübə qazanmağa təsadüfi adamlar deyil, istedadı olanlar, layiq olanlar getməlidir. Bütün bu islahatlardan sonra oturub planlar, görüləcək işlərdən danışmaq olar. Bu templə biz hələ ki, ciddi bir iş görməyə ümidli deyilik. Bəzi serialların bəzi bölümlərini, bəzi kadrlarını çıxmaq şərti ilə bütövlükdə yaxşı bir iş gözləmək hələ ki, tezdir”.

 

“Fontomas”dan “Möhtəşəm yüz il”ə qədər…

Kinodramaturq, rejissor Aydın Dadaşovla birgə serial tarixini dünya ölkələrinin praktikası əsasında müqayisəli şəkildə araşdırmaqla onun mədəniyyət strategiyasına təsirinə nəzər yetiririk.

Həmsöhbətimiz bildirir ki, kökü nağıllardan, dastanlardan, mifologiyadan gələn serial formatı kinonun yaranışından bir neçə il sonra üzə çıxıb. Ötən əsrin əvəllərində ərsəyə gələn “Fantomas” serialını xatırlamaq kifayətdir: “Hətta Maks Linder, Çarli Çaplin personajlarının da filmdən-filmə keçidləri əslində serial yaradırdı. Reklam bazarı ilə ekran sənətinin birləşməsi isə Erik Fon Ştroheymin “Tamahkarlıq” filmində tam təzahürünü tapdı.

Daha sonra ötən əsrin 30-cu illərindən yaranan Alman total televiziyası da seriallara geniş meydan verdi. Beləliklə, müasir dövrdə ciddi kabel televiziyaları belə silsilə seriallara malikdirlər. Bu sahədə lider ölkə sayılan ABŞ-da 70 ildən artıq bir dövrdə fasiləsiz olaraq hazırlanıb efirə gedən seriallar mövcuddur. “Ulduz müharibəsi” mövzulu serialın çəkilişi müvafiq tələblərə cavab verən bahalı pavilyonda həyata keçirilir. Dini dəyərlərə dair seriallar hazırlayan qonşu İranda da islam tarixinin mühitini əks etdirən kompleks dekor sistemi mövcuddur. Belarusiyada isə İkinci Dünya müharibəsinin atributlarını naturada yaşadan çəkiliş meydançası mövcuddur.

Planlı təsərüffat sistemini qoruyan Çin Xalq Respublikası da seriallar sahəsində lider ölkələrdəndir. Burada hər bir nazirlik fəaliyyətləri ilə bağlı mövzuların seriallaşdırılması istiqamətində pul məsrəflərini ictimai mədəni tədbirlərin maliyyələşdirməsi fondundan yönəldə bilir. Hindistanda isə səhiyyə, təhsil istiqamətinə yönələn seriallarda ənənəyə uyğun olaraq əyləncə elementlərindən geniş istifadə olunur. Demokratik dəyərləri gündəmdə saxlayan sosial siyasi maarifləndirmə mövzusunda seriallara meydan verən İngiltərə artıq təhsilin ekran kommunikasiyasına qoşulması prosesini ixrac edir”.

Həmsöhbətimiz qeyd edir ki, serialların xarici informasiya bazarına çıxarılması ilə ölkənin imicinin formalaşması Türkiyənin “Möhtəşəm yüz il” filmində təsdiqlənir: “Bu serialın Balkan ölkələrinə “yürüşünü“ qərb mətbuatı “türklərin yeni işğalı” adlandırıb. O vaxt Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın sultanların həyatının orta statistik auditoriyanın tələbinə uyğun olaraq qayınana, baldız, gəlin ziddiyyəti kontekstinə düşürdülməsinə dözümsüzlük göstərərək filmin prodüsserini məhkəməyə verməsi ölkəsində sərbəst bazarın formalaşmasının, TV-hakimiyyət əlaqələrinin üfüqiliyinin təsdiqidir”.

Müsahibin fikrincə, Azərbaycan Prezidentinin sərəncamı ilə seriallara maddi təminat ayrılması və bu işin mühitdə müsbət imic qazanan Dövlət Televiziya və Radio Şurasına həvalə olunması məmnunluq doğurur: “İnformasiya bazarında oturuşması vacib sayılan seriallar ən azı müxtəlif səbəblərdən diqqətdən kənarda qalan sənətkarlar, aktyorlar üçün əlavə gəlir mənbəyinə çevrilməklə işsizlik probleminə qismən təsir göstərir. Ötən əsrin 33-45-ci illərində ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt büdcənin ehtiyat fondunu strateji, o cümlədən mədəni məqsədlərə yönəltməklə cinayətkarlığa yol açan işsizlik problemini aradan qaldırmışdı. Sabitliyin bərqərar olduğu ölkəmizdə də işsizliyin aradan qaldırılmasına fasiləsiz cəhdlər fonunda asudə vaxtın intensivliyinin təminatı dövlət əhəmiyyətli məsələdir. Bu, televiziya sənayesinin sağlam biznes faktoru üzərində qurulması ilə vergi ödəyicisinə çevrilməsinə yol açacaq”.

SEVİNC