Elektron ədəbiyyat və sənət portalı

Gizli elm cəmiyyəti - “Saflıq qardaşları”

Bölmə: Elm 10.06.2016

Gənc İsmayıl onu da yaxşı xatırlayırdı ki, “Saflıq qardaşları” cəmiyyətinə qədəm qoyan hər şagirdə müəllimlər öncə bu sözləri deyirdi: “Bütün təbəqə və siniflərdən olan insanlarla təmas qurun. Səbirli olun və insanlara sevgi ilə yanaşın. Onlara yeməkdəki duz kimi qaynayıb-qarışın. Ağıllı bir loğman, həkim kimi davranın və mənəvi xəstələri sağaldın”.

Bu cümlələr “Saflıq qardaşları”nın özəyi sayılan Bəsrədə, təşkilatın yaradıcıları tərəfindən yazılmışdı və xilafət sərhədlərini aşaraq Qafqazda, Anadoluda bütün gizli ocaqlara yayılmışdı. İsmayıl da ilk olaraq bu sözləri əzbərləmiş, səhəri gün isə Evklid həndəsəsini öyrənməyə başlamışdı. Çünki bu gizli cəmiyyətin əsas qayəsi şəriət qanunlarından qurtularaq ilahiyə, Ədəbi Həqiqətə qovuşmanın hikmətinə vaqif olmaq idi. O səbəbdən də, məntiqi mühakimənin inkişafı üçün riyaziyyat elmləri ilə fəlsəfəni birinci növbədə tədris edirdilər.

HAŞİYƏ-1: Haqqında danışacağımız gizli elmi cəmiyyət bu gün az qala bütün dünyanın borclu olduğu “Saflıq qardaşları” birliyidir. Bəzi mənbələrdə “İxfan əs-Səfa” məktəbi kimi təqdim edilən gizli təşkilat, dövrün hakimi-mütləqlərindən xəbərsiz fəaliyyət göstərir, ən yaxşı alimləri öz sıralarına qatırdı. Məktəb X əsrdə qədim elm mərkəzi olan Bəsrədə yaranmışdı. Amma tezliklə Azərbaycan torpaqlarını da öz ziyasına bürüdü. Onlar hələ intibah dövründən əvvəl itib-batmaqda olan, misilsiz dəyərə malik antik yunan filosof və alimlərinin əsərlərini axtarıb tapır, onları qoruyur və ən əsası tərcümə edirdilər. Bununla da əsl elm və fəlsəfə mənbəyi olan yunan mətnlərinin hikmətini Şərq coğrafiyasında da yayırdılar. Şərqin “yeni platonçuları” adlandırılan “Saflıq qardaşları”nın təbirincə, Ali Səadətə qovuşmaq üçün insan ilk növbədə öz ruhunu saflaşdırmalı idi. Bunun da yeganə yolu elm və fəlsəfəyə yiyələnməkdəydi. Şəriət isə onları nə anlaya bilir, nə də qəbul edirdi. Şərq intibahının yaranmasında misilsiz xidmətləri olan “Saflıq qardaşları” “insanı kainatlaşdırmaq” düsturunu qədim yunan mətnlərindən qopararaq İslam dünyasına gətirmişdi. Onlar Aristotel və Platonun metafizik dünyagörüşünü, saf İslam etiqadı ilə sintez edərək “vəhdəti-vücud”un ilk müddəalarını yaratdılar. Tək elə buna görə, XII əsrdə özünün zirvə nöqtəsinə çatan və bir neçə əsr davam edən Şərq düşüncəsi, “Saflıq qardaşları”na çox minnətdar olacaqdı...

İsmayıl hələ tilmiz (gizli cəmiyyətin bütün məktəblərində bura yeni qədəm qoyan 15 yaşlı şagirdləri “tilmiz” adlandırırdılar) olan vaxtlarında birlikdəki nizamı qavramışdı. Bilirdi ki, burada ona öyrədilən bütün elmlərin əsas məqsədi insan ruhunun təmizlənməsini təmin etmək və onu əbədi səadətə qovuşdurmaqdır. Elm və hikmətin Ali Səadət qulluqçusuna çevrildiyi məkanda bütün şagirdlər arasında qardaşlıq münasibətləri var idi. Amma onlar da bilik və qavrama bacarıqlarına görə bir neçə qrupa bölünmüşdülər: Birinci qrupa 15-30 yaş arasındakı gənclər daxil idilər və onlar ancaq müəllimlərin buyruğu altında bilgi alırdılar. Fiziki təmizliyə önəm verən, fikirləşməyi və dərsləri mükəmməl qavramağı bacara bilən bu qrupun üzvləri “əl Əbrar-əl Ruhəma”, yəni, “dindar və mərhəmətli” adlanırdılar. İkinci qrupa 30-40 yaş arası insanlar daxil edilir və onlara fəlsəfi bilgilər verilirdi. Bu qrupun üzvləri “Əhyar-dindar” və ya “Fudala-bilgin” adlanır və ocaqlardakı şagirdlərə rəhbərliyi həyata keçirirdilər. Üçüncü qrup 40-50 yaş arası, fəlsəfi, elmi, şəriət biliklərinə malik olan insanlardan təşkil olunurdu. “Əl-Fudala-əl-Kiram” adlanan qrup üzvləri sultanlıq mövqeyində idilər. Nəhayət, sonuncu qrupa daxil olan insanlar 50 yaşdan yuxarı olanlardan ibarət idi ki, onlar fövqəlduyuma, uzaqgörənliyə sahib saflıq ardıcılları sayılırdılar və onları Məlaikə-mukarribin adlandırırdılar.

İsmayılın aid olduğu birinci qrup ikinci qrupdan yalnız nəvaziş görür, oradakıların mehribanlığına və qardaşlıq eşqinə tuş gəlirdi. Amma heç vaxt “ikinci mərtəbə”nin üzvləri ilə elmi müzakirələrə girişmirdilər. Həmçinin, ikinci qrupun üzvləri də üçüncü qrupun seçilmişləri ilə pərdə saxlayırdılar.

“Saflıq qardaşları” öz aralarında şəriəti “açıq din” adlandırırdılar. Yəni, burada hər şey hamının qavradığı, fərqinə vardığı və icra etdiyi rituallar sistemi idi. Amma batində qalan məna çox az insana çatırdı. “İxfan əs-Səfa” məktəblərində tədris olunan batini elmlərin əsas məqsədi ruhu arındırmaq, onu xoşbəxtlik mərtəbəsinə çatdırmaq idi. Bu ocaqlarda filosofları, batini elmlərə yiyələnərək, ilahi səadətə qovuşmaq üçün hazırlayırdılar.

Saflıq ardıcıllarının fəlsəfəsinin əsasını kainatın Tək ilahi qaynağının olması və ruhların bu qaynağa, yəni Tanrıya geri dönüşü inancı təşkil edirdi. Necə ki, sözlər ağızdan, işıq günəşdən yayılır, eləcə bütün kainat da Tanrıdan qaynaqlanır.

Bu fəlsəfəni biz daha sonra Azərbaycanın ən güclü filosoflarından biri Şihabəddin Sührəverdinin “işraqilik” təlimində görürük. Böyük Sührəverdinin bu “işıq fəlsəfəsi”ndə Küldən qopmuş işıq zərrələri yenidən ona doğru qayıdır. Şərqşünas alim Zakir Məmmədovun Sührəverdidən tərcümə etdiyi “İşıq heykəlləri” əsərində bu detal qabarıq əks olunub. Klassik fəlsəfədə isə buna “emanasiya” deyilir.

Emanasiya inancına görə, öncə vahid İşıq Toplusu, yəni, Tanrı mövcuddur, ondan mərtəbə-mərtəbə ağıl və ruh yaranır. Ruhdan dördüncü olaraq ilk maddə, beşinci olaraq təbiət, altıncı - cisimlər meydana çıxır. Ardınca yeddinci - fələklər, səkkizinci  - elementlər və ondan da doqquzuncu olaraq mədənlər, bitkilər, heyvanlar meydana çıxır. Kainatı makrokosmos, insanı mikrokosmos kimi qəbul edən Saflıq ardıcıllarının fikrincə, “bədənimiz kainatın bir parçasıdır, ona görə də ruhumuz da Kosmik ruhun bir parçasıdır. Kosmik ruh varlıqları necə idarə edirsə, ruhumuz da bədənimizi o cür yönəltməkdədir.

İsmayıl və başqa tilmizlər bu fəlsəfənin mahiyyətini yavaş-yavaş qavradıqları zaman dövrün nadan hakimlərinin fitvası ilə Təbrizdəki gizli ocaq aşkarlandı. Dördüncü qrupun üzvləri olan əsas idarəçilər təhlükəsizlik naminə və xüsusən də tilmizləri qorumaq üçün onları bazar meydanlarına səpələdilər. Ətrafındakılardan fərqlənməyən şagirdlər fiziki baxımdan xilas olsalar da, iqamətgahın dağıdılması onları mənən öldürdü.

HAŞİYƏ-2: - ”Saflıq Qardaşları” cəmiyyətinə aid olan filosoflar qrupu əsasən üç işlə məşğul idi: tədris, tərcümə və yazı. Onlar şagirdləri öyrətməkdən də çox, qiymətli mətnlərin tərcüməsinə diqqət edirdilər. Bu cür tərcümələr bütün elm sahələrinə aid olmalı idi. Hətta musiqi fəlsəfəsinə aid tərcümələrə də yer ayırırdılar.

Onlar bu tərcümələr vasitəsilə musiqi, təbiət ünsürləri (hеyvanlar, bitkilər, minеrallar) və rənglər arasında uyğunluq haqqında təlim yaratdılar. Saflıq filosofları hеsab еdirdilər ki, müxtəlif alətlərdə çalınan musiqi insan şüuruna dərman bitkiləri və ətirli ədviyyələr kimi təsir еdir. Məsələn, tarda çalınan musiqi ətirli zəfəran kimi, nağara – mixək və jеnşеn, ud – pişikotu, nеy – badrəncbuyə, zurna – tünd qəhvə kimi təsir göstərir.

İxfan əs-Səfanın həm Qərb, həm də Şərq dünyagörüşlərini özündə birləşdirməsi xristian və islam dünyası arasındakı soyuqluğu aradan qaldırmaq gücünə malik idi. Belə ki, Saflıq qardaşlarının Fəsdə yerləşən təşkilatının səyi nəticəsində tezliklə onların ideyaları İspaniya ərazilərinə yayılaraq, oradan da digər Avropa ölkələrinə istiqamətləndi.

Dörd hissədən ibarət “Saflıq qardaşları və vəfa munisləri” ensiklopediyasındakı əlli iki traktatdan on dördü riyaziyyat, on yeddisi təbiət, onu metafizika və on biri ilahiyyat məsələlərinə həsr olunub. Riyaziyyata aid traktatlarda riyazi fənlərin idraki əhəmiyyəti yüksək qiymətləndirilib. Saya dair traktatda deyilir ki, sayların nəfslərdəki surətləri mövcudatın materiyadakı surətlərinə uyğundur. Həndəsəyə dair traktatda məqsəd hissi şeylərdən əqli şeylərə, cismani şeylərə, cismani şeylərdən ruhi şeylərə, konkret şeylərdən mücərrəd şeylərə keçməkdə nəfsin düzgün istiqamətləndirilməsidir. Digər traktatlarda isə beləcə, insan nəfsinin biliklərlə zənginləşdirilməsi, idraki qüvvələrə yiyələnməsi, nəhayət, kamilləşməsi, saflaşması qayəsi qarşıya qoyulur.

...İsmayıl gizli ocağın dağıdılmasından sonra öz ruhi inkişafını dondurmuş oldu. Bəzi mənbələrin dediyinə görə, “Saflıq qardaşları”nın Anadolu, Azərbaycan, hətta Avropa ərazisində dağıdılan iqamətgahlarının üzvləri sonradan bu birliyin mərkəzi olan şəhərə getmədilər. Çünki onlar üçün bir elm ocağının dağıdılması, ümumiyyətlə, elmin süqutu idi.

Haqqında danışdığımız İsmayıl da ocaqda yiyələndiyi bilgilərindən istifadə edib sonradan ortabab bir tacir oldu. Ömrünün sonunda isə müflisləşdi.

Məncə, bu gün bəzi islam ölkələrindəki duruma diqqət edəndə anlayırsan ki, bir vaxtlar Qərbə meydan oxuyan, indi isə ondan xeyli geridə qalmış Şərq də elə həmin o İsmayılın vəziyyətindədir – elmdən, ziyadan uzaqlaşıb qaranlığa qərq olan İsmayılın...

Elmin NURİ