Elektron ədəbiyyat və sənət portalı

“Otello” Azərbaycan  səhnəsində

Bölmə: Mədəniyyət 11.07.2016

Y.KREÇETOVA
“Vışka” qəzeti 12 may, 1949-cu il

Şekspirin pyesləri təkcə SSRİ xalqları arasında iyirmi yeddi dilə tərcümə edilib. Onun əsərləri əsasında hazırlanan tamaşalar hər dəfə teatrlarımızın həyatında əhəmiyyətli hadisəyə çevrilir. Əzizbəyov adına Azərbaycan Dram Teatrının səhnəsində oynanılan “Otello” tamaşası da Bakı tamaşaçıları tərəfindən böyük maraqla qarşılanır.

Aşiq olmuş venesiyalı mavr – Otello ona vurulmuş xoşbəxt Dezdemonanı atası evindən qandolada qaçırdığı ilk səhnədən tutmuş, faciəvi sonluğa qədər, bütün tamaşa son dərəcə maraqla izlənir.

Tamaşanın rejissoru, Stalin mükafatı laureatı A.İskəndərov pyesi düzgün şərh etmiş, kollektivlə birgə həqiqi mənada realistik, canlı təsirli gerçəklikləri və idrak tərzinin özünəməxsusluğu ilə seçilən gözəl bir tamaşa ərsəyə gətirmişdir.

Otello faciəsinin şərhi ilə bağlı həmişəki “qısqanclıq” problemini teatr arxa plana keçirib. Otello ilə Yaqonun münaqişəsini rejissor iki ziddiyyətli dünyagörüşünün – həyata nikbin münasibət bəsləyən, insanlara inanan, ləkəsiz Otello ilə riyakar, ədəbsiz, öz məqsədinə çatmaq üçün cinayət törətməkdən belə çəkinməyən Yaqonun qarşıdurması kimi təqdim edir.

Baş rolun ifaçısı Ə.Ələkbərovun oyununu xüsusi qeyd etmək lazımdır. Onun ifası tamaşanın uğurunu şərtləndirir. “Otello öz təbiəti etibarilə qısqanc deyil, əksinə, sadəlövh və tez inanan adamdır” - Puşkinin bu maraqlı ifadəsi Ələkbərovun yaratdığı obrazı çoz gözəl xarakterizə edir. Onun Otellosu alicənab, mərd, ürəyiaçıq, sadədil insandır. Ona görə də, inamı sarsılan, ruhu sızlayan Otellonun başına gələnlər daha faciəvi təsir bağışlayır. Dezdemona ilə bağlı Yaqo onun qəlbinə şübhə toxumu saldıqdan sonra Otello özünə yer tapmır, bütün hissləri təlatümə gəlir. Otello kimi obrazların üzərində illərlə işləmək lazım gəlir və Ələkbərov doğru yoldadır, bu rola yeni-yeni çalarlar qazandırmaq, onu daha da təkmilləşdirmək üçün böyük imkanları var.

Teatr Yaqonun şablon obrazını yaratmaq ənənəsini də yeniləyib. Rza Əfqanlının ifasında Yaqo ağıllı, zirək adam təsiri bağışlayır. O, məharətlə, qətiyyətlə fitnə toru hörür, daha yüksək mövqeyə yiyələnmək istəyir. O, asanlıqla insanların qılığına girir, onların etibarını qazanır, özünü “vicdanlı, təmiz” adam kimi qələmə verir, insan ehtiraslarından və qüsurlarından bacarıqla istifadə edir.

Dezdemona - Barat Şəkinskayanın ifası çox səmimi, təsirli alınıb. Dördüncü pərdədə, faciəvi hadisələrin baş verəcəyini hiss edən Dezdemonanın qəlb çırpıntıları xüsusilə yaxşı ifadə olunub. Tamaşaçı, istər-istəməz, Dezdemonanın halına acıyır, onun öz xoşbəxtliyi uğrunda daha qətiyyətli, cəsarətli mübarizə aparmasını istəyir. Axı xurafat, mövhumi hisslər Dezdemonaya yaddır. Venesiyanın əsil-nəcabətli xanımlarından olan Dezdemona yaşadığı zamanın və cəmiyyətin bütün qaydalarını və ənənələrini pozaraq, ata evini qaradərili mavrla tərk edib.

Kassio obrazı (artist A.Sultanov) da yaddaqalandır. Bu, trafaret, kübar cəmiyyətin yetişdirdiyi yüngülməzac kavaler yox, yeni şəraiti təmsil edən, mənəvi baxımdan Otello ilə Dezdemonaya yaxın olan şərəfli döyüşçüdür. Emiliya obrazı üçün kifayət qədər real, canlı boyalar tapa bilməyən Fatma Kadrinin ifası tamaşanın ümumi planına uyğun gəlmir. Rodriqo və Byanka rollarının təkmilləşdirilməsi və tamaşanın ayrı-ayrı səhnələrinin zənginləşdirilməsi üçün teatr xeyli iş görməlidir.

Stalin mükafatı laureatı Qara Qarayevin musiqisi, “Gözəl söyüd” mahnısı tamaşanın ümumi ruhu ilə üzvi bağlılıq təşkil edir. Tamaşanın tərtibatı, üslubu, kostyumların seçimi (rəssamlar -  N.Fətullayev və B.Əfqanlı) ilə bağlı ayrıca danışmaq lazımdır – burada da xüsusi zövq duyulur, yüksək sənətkarlıq hiss olunur.

Şübhə yoxdur ki, “Otello” tamaşası teatrın qızıl fonduna daxil olacaq və repertuarda qalacaq, çünki rejissorla kollektiv əsas məqsədə çatmışlar – onlar böyük dramaturqun xəlqiliyini, əsərindəki humanizmi, insan təbiətindəki gözəlliyin təntənəsinə inam hissini tamaşaçılara çatdırmağa nail olmuşlar. Nəticə etibarilə isə, bu ölməz faciənin həmişəyaşar obrazları artıq tamaşaçıların yaddaşına həkk olunub.

Tərcümə edən: Etimad BAŞKEÇİD