Elektron ədəbiyyat və sənət portalı

Cəfər Cabbarlı və ekran sənəti

Bölmə: Mədəniyyət 29.07.2016

C.Cabbarlının kino sənətinə ciddi marağı 3-cü ibtidai ali məktəbdə oxuduğu zaman yaranmışdı. 1915-ci ildə Bakıda “Neft və milyonlar səltənətində” filmini çəkən B.Svetlovla müsəlman teatrı həvəskarlar truppasının aktyoru Murad Muradov vasitəsilə tanış olan yeniyetmə Cəfər çəkiliş qrupu ilə dostlaşmış, hətta bədii məsələlərində onlara məsləhət də verməyə başlamışdı. Həmin filmdə kütləvi səhnələrin iştirakçısı M.Əlilinin şəhadətinə görə, Yuxarı Dağlıq küçəsindən enib, dənizdə xalça-palaz yuyan qadınları lentə almağı rejissora o məsləhət görmüş və bu kadr çox uğurlu alınmışdı. 1924-cü ildə, “Kommunist” qəzetinin incəsənət şöbəsində işlədiyi vaxt həmin şöbədə onun universitetin tibb fakültəsindən tanıdığı M.Mikayılov da çalışırdı. Sovet hakimiyyətinin zor-güc kök atdığı bir dövrdə yaradıcılığa qayıtmaqdan, sənətə üz tutmaqdan başqa bir yol qalmadığını görən ədib 1925-ci ilin əvvəllərində M.Mikayılovla birlikdə yenicə fəaliyyətə başlayan rejissor studiyasına daxil oldu və Ş.Mahmudbəyov, A.M.Şərifzadə ilə çiyin-çiyinə kinematoqrafın dirçəlişi yolunda çalışdı. Studiyada təhsil aldığı illərdə C.Cabbarlı rus və gürcü kinosunun görkəmli simaları V.Pudovkin, A.Ardatov, İ.Perestiani, M.Çiaureli, N.Şengelayanın məşğələlərində müntəzəm iştirak edir, onların mühazirələrini və məsləhətlərini dinləyirdi. AFKİ-də, I Dövlət Kino-fabrikində, Ş.Mahmudbəyovun və A.M.Şərifzadənin mənzillərində keçirilən yaradıcılıq mübahisələrinin daimi iştirakçısı olan ədib, kinonu peşəkar səviyyədə mənimsəmək üçün bütün imkanlardan faydalanırdı.

Rejissor studiyasını bitirsə də o, kino sənətində dramaturgiyaya üstünlük verdi. Artıq xeyli səhnə əsərinin müəllifi olan ədib, kino ssenarisinin yazılması prosesinə bələd olmaq üçün daim axtarışlar aparırdı. O, ilk ekran işi kimi, böyük dramaturqumuz M.F.Axundovun Azərbaycan səhnəsinin ən populyar əsərlərindən olan “Hacı Qara” komediyasını seçdi. Məlumdur ki, M.F.Axundovun vəfatının 50 illiyi yaxınlaşdığı üçün onun əsərlərindən birini ekranlaşdırmaq zərurəti meydana çıxmışdı. C.Cabbarlı ssenarini 1927-ci ilin əvvəllərindən yazmağa başladı, az sonra AK(b)P MK-nın katibi R.Axundovun yanında keçirilən müşavirədə onun ssenari müəllifliyi və A.M.Şərifzadənin quruluşçu-rejissorluğu yüksək səviyyədə rəsmiləşdirildi. Nəhayət, 1927-ci il oktyabrın 3-də kinostudiyada ssenarinin oxunuşu keçirildi, həmin ilin son aylarından filmin çəkilişinə başlandı.

Çox güman ki, bu ekran əsərinin yubileylə bağlı olması C.Cabbarlını ssenariyə yaradıcı yanaşmağa sövq etmişdi. Ona görə də ədib “üzərində böyük həvəs və məhəbbətlə işlədiyi əsərin mövzu və süjetini bir qədər genişləndirmiş, dramaturqun başqa əsərlərindən istifadə edərək, əlavə bura obrazlar salmış, habelə, milli adət-ənənələrdən də yeri gəldikcə istifadə etmişdir”.

O, pyesi zamanın tələblərinə uyğunlaşdırmaq, Azərbaycan qadınlarının hüquqsuz vəziyyətini ön plana çəkmək üçün ədəbi ssenarinin “Sona” adlı variantını yazmağa başlamışdı. Sonra kiçik əlavələrlə orijinalı saxlamağı qərara alan C.Cabbarlı ilkin niyyətindən də imtina etməmişdi. Bunun nəticəsidir ki, filmin titrində “Hacı Qara” adından sonra kiçik hərflərlə “Sona” adı da yazılır. SSRİ kino tarixinə dair bəzi ədəbiyyatlarda, məsələn, N.A.Lebedevin “SSRİ kino tarixi oçerkləri kitabında səhv olaraq M.F.Axundovun Şərq qadınlarının hüquqsuz vəziyyətindən bəhs edən “Sona” adlı pyesinin ekranlaşdırılmasından söhbət gedir.

Təbii ki, C.Cabbarlı ədəbi ssenaridə M.F.Axundovun “Hacı Qara” komediyasının tam mənada ekranlaşdırılmasını nəzərdə tutmadığından, əsərdəki baş qadın obrazlarından biri olan Sonanı bir qədər geniş planda təsvir etməyi qərara almışdı. Bununla yanaşı, o, ədəbi ssenariyə bir sıra əlavə obrazlar (Əliyar bəy, Bayraməli bəy, Heydər bəyin bacısı və s.) daxil edib, onları əsərin ümumi süjet xəttinə uyğunlaşdırıb.

Görünür, onun rejissorla apardığı məsləhətləşmələr ortaq variantın tapılmasında az rol oynamayıb. Ədəbi ssenarinin başqa variantlarında isə C.Cabbarlı siyasi-ideoloji təbliğatın tələb etdiyi priyomlardan faydalanmağa cəhd göstərib (məsələn, bir variantda film Bakıya ezamiyyətdən qayıdan kolxozçunun M.F.Axundovun yubileyi ilə bağlı görülən işlərdən danışması, digər variantda isə Azərbaycan kəndlərinin birindəki Qadınlar klubunda dramaturqun yubileyi ilə bağlı göstərilən ayrı-ayrı səhnələrlə başlanmalı idi). Lakin A.M.Şərifzadə süni təsir bağışlayan həmin proloqlardan imtina etmiş, lenti birbaşa əsərin özündən başlamağı qərara almışdı. Film saxlanmadığından, müasirlərinin xatirələri və ssenarinin variantları əsasında həqiqəti bərpa edən kinoşünas N.Sadıqov ilk variantların birində filmin finalının da dəyişdirildiyini qeyd edir. C.Cabbarlı bir variantda Heydər bəylə Sonanın öz məhəbbətləri yolunda həlak olduqlarını, digər variantda isə qəhrəmanların atın tərkində uçurumu keçdiklərini təsvir edirsə, rejissor onların atışma səhnəsindən qalib çıxdıqlarını göstərir.

C.Cabbarlının ədəbi ssenariyə orijinal münasibəti təsvir etdiyi epizodlardakı detallardan, qəhrəmanların xarakterini açan hərəkətlərdən də aydın olur. O, “Hacı Qara”nın xəsisliyi müqabilində Azərbaycan xalqının nəcib ənənələrindən irəli gələn əliaçıqlıq, qonaqpərvərlik, böyüyə hörmət kimi keyfiyyətləri müxtəlif yollarla ifadə etməyə” çalışıb.

Epizodlara daxil olan ayrı-ayrı planlar eyni uzunluqda olub, filmin ümumi ahənginə uyğun gəlirdi. Bu, rejissor və ssenariçinin birgə əməyinin bəhrəsi idi. “Ssenari müəllifi C.Cabbarlı tapdığı hər hansı bir epizodu Abbas Mirzə Şərifzadə ilə məsləhətsiz ssenariyə daxil etməzdi”. Buna görə də M.F.Axundovun vəfatının 50 illiyi ilə yanaşı, 1928-ci il dekabrın 28-də A.M.Şərifzadənin səhnə fəaliyyətinin 20 illiyinə həsr olunmuş təntənəli gecədə ilk dəfə nümayiş etdirilən bu ekran əsəri böyük rəğbətlə qarşılanmışdı. “O vaxt hökumət filmin bir neçə surətini almaq üçün Moskvaya müraciət etmişdi. Musiqisiz olmağına baxmayaraq, bu filmə xalq içində böyük rəğbət oyanmışdı”. Rejissorun və ssenariçinin qənaətinə görə, filmin müvəffəqiyyəti “böyük mütəfəkkir M.F.Axundovun qələmindən çıxan, möhkəm dramaturgiyaya malik olan, ədəbiyyatın dəmir qanunlarına sadiq qalan ölməz əsərdə” idi.

Əlbəttə, C.Cabbarlının kinoda ilk addımı sənətin ideoloji hüdudlarına keşik çəkən mətbuatda birmənalı qiymətləndirilməmişdi. Filmin ssenarisində “düzgün məfkurə yoxluğunu” qabardan tənqidçilərlə yanaşı, daha kəskin mövqedə duranlar da vardı. Məsələn, Ç.Əfəndizadənin məqaləsində qeyd edilir ki, “Hacı Qara” A.M.Şərifzadənin rejissorluğu və C.Cabbarlının ssenarisilə meydana gəlmiş bir əsərdir, bu film guya, Mirzə Fətəlinin “Hacı Qara”sı imiş. Müəlliflərin fikrincə, aristokratiyanın nümayəndəsi olan, torpaqdan ayrıldığına görə, quldurluq, qaçaqlıq etmək məcburiyyətində qalan Heydər bəyin “zəngin olduğu üçün bir adam sayılan dükançı Hacı Qaraya boyun əyməsi” diqqətdən yayınıb. “Bu nöqtə Azərbaycanda sinfi inkişaf və sinfi mübarizə tarixi üçün dəyərli bir vəsiqədir. Film bu nöqtəni görməmiş və qiymətləndirməmişdir.  Buna görədir ki, Heydər bəyi atıb, onun yerinə çoban Heydəri qoymuşdur”. Əsərin konteksti baxımından fikir müəyyən qədər doğru olsa da, mahiyyətinə görə, sinfi mübarizənin ön plana çəkilməsi istəyini ifadə etdiyindən, qəbulolunmazdır”.

Bütün bunlarla yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, C.Cabbarlı bu ekran əsərinin M.F.Axundovun vəfatının 50 illiyinə həsr olunduğunu diqqətdə saxladığına görə, filmdə dramaturqun yaradıcılıq məfkurəsini ifadə etməyə və zamanın tələblərini unutmamağa çalışıb. Əsərdəki Heydər bəyin filmdə Heydərlə əvəzlənməsinə hiddətlərini bildirənlər də, ssenaridə “məfkurə yoxluğu” axtaranlar da məhz mövcud siyasi-ideoloji sistemə yarınanlar idilər. C.Cabbarlı M.F.Axundovun başqa əsərlərindəki bəy surətlərini ssenariyə gətirməklə filmi daha da dolğunlaşdırmaq məqsədi güdüb, komediyanın motivlərini olduğu kimi saxlamaqla, ekran üçün müstəqil ssenari yazıb.

Davamı gələn sayımızda

N.ƏBDÜLRƏHMANLI