Elektron ədəbiyyat və sənət portalı

Lətif Səfərovun “LƏTİF”i

Bölmə: Mədəniyyət 19.08.2016

1930-cu ildə istehsalata buraxılan «Lətif» bədii filmi də məhz gənc milli qüvvələrin kino sənətində öz sözünü deməsi üçün yaradılan imkanlardan biri idi. Filmin «Üz-üzə» adlı ssenarisini quruluşçu-rejissor M.Mikayılov yazmışdı. O, artıq filmlərdə rejissor assistenti işləyə-işləyə təcrübə qazanmışdı, yazdığı ssenari də zamanın ruhuna və tələbinə uyğun idi. Həmin vaxtlar genişlənən «Pavlik Morozov hərəkatı» və A.Dovjenkonun «Torpaq» filmi, 7 yaşlı «aktyor» Lətif Səfərovun «Gilan qızı» filmindəki səmimi ifa tərzi və bu lent ekranlara çıxandan sonra onun qazandığı populyarlıq M.Mikayılov üçün əlverişli mövzu vermişdi. Hətta o, ekran uğurunu təmin etmək üçün filmin adını dəyişmək qərarına gəlmişdi: «Filmin adı əvvəl başqa («Azda çox» - N.Ə.) idi. Film öz həqiqi adını iş prosesində tapdı. Azyaşlı Lətif sınaq çəkilişini qurtaran kimi, filmin adını «Lətif» qoyduq».

«Azərbaycan kəndində kolxoz quruculuğuna və kəndin yeni adamlarına həsr olunmuş» yeni ekran əsərinin quruluşçu-operatoru İ.Tartakovski, quruluşçu-rəssamı isə A.Qonçarski idi. Əsas rolları Ə.Ələkbərov (kolxoz sədri), H.Rzayeva (Ögey ana), M.Mərdanov (Ələsgər), A.Bezirganov (Hacı Səməd), Ə.Sultanov (Hacı Səmədin oğlu), Q.Zeynalov (İbrahim), M.Şamxalov (traktorçu), İ.Oruczadə, K.Qubuşov, R.Kazımov ifa edirdilər. Lentin mövzusu yetərincə sxematik idi: Kolxoz quruculuğunun ilk illərində bu prosesin əleyhinə çıxan yerli mülkədarların qalıqları olan qolçomaqlar-məharətlə maskalanmış qara qüvvələr yeni sovet kəndində görülən hər cür mədəni tədbirlərə qarşı çıxır, əlaltından fitnəkarlıqlar törədirlər. Xüsusilə kənd təsərrüfatları avadanlığını oğurlamaq, sosialist əmlakına ziyan vurmaq yolu ilə «qolçomaqlar və onların əlaltıları öz qara niyyətlərinə davam edirlər»; «işığın, tərəqqinin düşmənləri, həm hiyləgər, həm də quduzlaşmış yırtıcılar olan bu mürtəcelərə qarşı yeni sovet kəndinin tərəqqipərvər adamları – mübariz qüvvələri dayanır»; filmin baş qəhrəmanı azyaşlı Lətif əvvəlcə bütün bunları görsə də, mənasını, mahiyyətini başa düşmür, az sonra xeyirxah adamların təsiri ilə kənddə qolçomaqları ifşa edənlərin ən yaxşı və ən bacarıqlı köməkçilərindən birinə çevrilir, sosialist əmlakını, yeni sovet kəndini düşməndən qorumaq və təmizləmək işində Lətif öz cəsarətli çıxışları ilə mübariz qüvvələrin sevimlisinə çevrilir, bu azyaşlı, lakin böyük gələcəyi olan qəhrəman yeni həyat uğrunda gedən mübarizədə mühüm rol oynayır. O, öz ağıllı və cəsarətli hərəkətləri ilə kənddə kolxoz quruluşunun, yeni həyatın təntənəsinə kömək edir».

Film təbii ki, mövcud siyasi-ideoloji sistemin tələb etdiyi «bizimkilər» (sosializm quruculuğunun tərəfdarı olanlar) və «onlar» (yeni həyatın düşmənləri) arasında gedən kəskin mübarizə, axırda «bizimkilər»in qalib gəlməsi sxemi üzərində qurulmuşdu. «Bizimkilər» - sosialist əmlakını düşməndən qoruyanlar, torpağa sahib olmağa çalışanlar zəhmətkeş, tədbirli, mübariz və xeyirxahdırlar; «onlar» - yeniliyin əleyhinə çıxanlar, torpağı əldən vermək istəməyənlərsə məkrli, hiyləgər, yırtıcıdırlar. Azyaşlı Lətif və gənc kolxoz sədri sovet kəndinin «işıqlı gələcəyini», yenilikdən qorxan qolçomaqlar – Ələsgər, İbrahim, Hacı Səməd isə keçmişin «qaranlıq, mürtəce mahiyyətini» əks etdirirlər; Lətif məsum, sadəlövh və vicdanlı, Hacı Səmədsə, əksinə hiyləgər, məkrli və qəddardır. Bütün bunlara baxmayaraq, Lətifin təmsil etdiyi «işıqlı gələcək» Hacı Səmədin simasında «qaranlıq keçmişə qalib gəlir».

Rejissor filmin siyasi-ideoloji təyinatından çıxış edib, obrazların xarakterlərindəki cizgiləri daha da tündləşdirməyə meyil göstərir: Lətif nə qədər sadəlövh, məsumdursa, Hacı Səməd o qədər ağıllı, tədbirli və dəhşətlidir; Lətif nə qədər qorxmaz və mübarizdirsə, Hacı Səməd o qədər fitnəkar və acizdir; Lətif daxilən nə qədər təmiz və zəngindirsə, Hacı Səməd o qədər mənəviyyatca çirkindir və s. və i.a.».

M.Mikayılovun qarşısında duran vəzifələrdən biri də «sosializm quruculuğunun inkişafının dönməz olduğunu» tamaşaçılara təlqin etmək idi. Təsadüfi deyil ki, kənddə yeni həyatın düşmənlərinə qələbə çalan Lətif lentin finalında Bakıya gəlir, bununla da «sənaye şəhəri Bakı özü də kəndlə üzvi surətdə bağlanır». Bütün bu kadrlarla “həyatın gözəlliyi, əməyin, zəhmətin insana gətirdiyi səadət təlqin edilir». Əlbəttə, süjet xəttinin elə sonluğu bədii deyil, təbliğat-təşviqat zərurətindən irəli gəlirdi.

Filmin ideyasını, mövzusunu və məqsədini bir kənara qoysaq, bu ekran əsəri demək olar, eyniadlı baş qəhrəmanın obrazını yaradan 10 yaşlı aktyor Lətif Səfərovun üzərində qurulmuşdu.

Təbii ki, L.Səfərov filmin özülündə duran siyasi-ideoloji məqsəddən baş çıxarmaq yaşında deyildi, yalnız rejissorun göstərişlərinə və öz instinktlərinə söykənib oynayırdı. Lətif ona tapşırılan vəzifənin öhdəsindən məharətlə gəlmişdi. M.Mikayılovun şəhadətinə görə, «Lətif elə birinci gündən birinci epizodu gözəl oynadı. Lətif özü ilə filmimizə lətiflik gətirmişdi». Rejissor məhz onun uşaq məsumluğundan, sərbəstliyindən və anadangəlmə duyumluğundan filmin xeyrinə yararlanmağa çalışırdı.

Tədqiqatçı N.Sadıxov düzgün olaraq qeyd edir ki, «zəhməti və zəhmət adamlarını nümayiş etdirən kadrların özündə də plakatçılığa meyil var və bu da kolxoz quruluşunun üstünlüyünü təsdiq etməyə yönəldilib». Amma o, növbəti qənaətində «bu plakatçılığın filmin ideya-bədiiliyinin yüksəldilməsinə dəlalət etdiyinə», «lentin qarşısına qoyduğu məqsədlərin heç də aktyor oyununu öz imtiyazlarından məhrum etməyə yönəldilmədiyinə», əksinə, «kinonun səssiz dövrü şəraitində filmin ideya-bədiiliyinin aktyor oyununun xüsusiyyətlərini mürəkkəbləşdirdiyinə» inamını ifadə edir ki, bütün bunlara da inanmaq çətindir.

Doğrudur ki, «qəhrəmanların» xarakterik cizgiləri, o cümlədən, plastikliyi və mimikalılığı obrazların ritmik rəsmini pozmur, əksinə, öz ictimai və ideya mənsubiyyətini təsdiq edir».

M.Mikaylov filmin təsirliliyini və süjetin reallığını artırmaq üçün xronikal-sənədli çəkilişlərdən də istifadə edib. O, əkilmiş geniş çölləri, ilk traktorlara kəndlilərin münasibətini tamaşaçılara göstərməklə də lentin ideyasına xidmət edir. Yəni, bu torpaq keçmişin qalıqları olan qolçomaqlarla mübarizədə qalib gələn, yeni həyat quran adamlarındır. O zaman filmə baxmış görkəmli rejissor N.Şengelaya bu sənədli kadrları filmin yaxşı xüsusiyyətlərindən biri kimi qeyd etmişdi. Həmin dövrdə geniş şöhrət qazanmış «Torpaq» (A.Dovjenko) filmindəki oxşar epizodları N.Sadıxov «heç də kino sənətində təkrar, epiqonçuluq» saymasa, «dövrün qarşıya qoyduğu tələblərdən doğduğunu» qeyd etsə də, hər halda, açıq-aşkar təsiri gizlətmək çətindir. «Həmin illərdə istər ədəbiyyatın, istərsə də kino sənətinin qarşısında yeni sovet kəndinin təsviri, xüsusilə kolxoz quruluşunun təbliği və buna qarşı çıxan qolçomaqların ifşası mühüm bir vəzifə kimi qoymuşdu. İstər «Torpaq», istərsə də «Lətif» filmlərindəki oxşar epizodlar və kadrlar eyni hədəfə atəş açırdı, eyni məqsədə xidmət edirdi». Tədqiqatçının bu iddiası filmin təbliğat-təşviqat mahiyyətini əsaslandırmaq cəhdi olsa da, fikrimizcə, sənətkarlıq məsələlərinə zərrə qədər də dəxli yoxdur.

Sənətşünas Aydın Talıbzadə isə filmdəki təbliğat-təşviqat çalarını ikinci plana çəkib, başlıca diqqəti quruluşa yönəldir: «...Mövzu sovet kinematoqrafiyası üçün trafaret: kollektivləşmə. Süjetin sxemi adi: qolçomaq – «qara» camaat – kolxoz sədri. Bəllidir, əlavə izaha nə ehtiyac. Amma bu gün deyirəm: səhv iş tutmuşam ki, «Lətif filmilə ciddi maraqlanmamışam. Yalnız iddialı yanaşmanı tərgitmək gərəkmiş ki, bu filmi şedevr qismində görüm və onun rejissorunu dahi Dovjenki ilə müqayisə edim» («Bizim əsr» qəzeti, 21 iyun 2001-ci il).

1930-cu il iyulun 19-da ekranlara buraxılan «Lətif» filmi nöqsanlarına baxmayaraq, «ideoloji cəhətdən sağlam ekran əsəri» olduğundan, rəhbərlik və tamaşaçılar tərəfindən yaxşı qarşılandı, üstəlik, təbliğat-təşviqat mahiyyətini yetərincə doğrultdu. Bu ekran əsəri daha çox kinoya gənc milli qüvvələrin cəlb edilməsi cəhətdən əlamətdar idi.

Nəriman ƏBDÜLRƏHMANLI