Elektron ədəbiyyat və sənət portalı

Ekranda komissar mifi

Bölmə: Mədəniyyət 17.09.2016

O, lentin quruluşçu operatoru və quruluşçu rəssamı kimi Y.Şneyder və V.Adeni, əsas rollara isə V.Ancaparidze (Fəhlə arvadı), K.Həsənov, X.Əmirzadə (Komissar), M.Jarov (Menşevik), İ.Savçenko (eser lideri), V.Qardin (Xrizantemli sakin), M.Klyukvin (Petka), K.Andronnikov (Mauzerçi), M.Abesadze (Menşevik), M.Mərdanov, V.Kovrigin, Ə.Məlikov (Bolşevik), Q.Əzizbəyov, P.Morskoy, Babazadə (Əzizbəyov) və V.Adeni dəvət etmişdi. Çəkiliş qrupuna rejissor və operator assistentləri kimi A.Quliyev, Y.Gerardi, V.Sveçnikov, M.Dadaşov, L.Koretski də daxil idilər. Çəkiliş qrupunun beynəlmiləl tərkibi mövzunun baş qəhrəmanlarının tərkibinə uyğun idi və zamanın tələbindən doğurdu.

Təbii ki, film bolşevik ideologiyasının 15 ildən bəri formalaşdırdığı mifə, Azərbaycan tarixinin mühüm bir dövrünün saxtalaşdırılmasına həsr olunmuşdu. “Milli kino tariximizin diqqətçəkən hadisəsi, 20-30-cu illərin ən yaxşı ekran əsəri” sayılan “26 komissar” filminin süjet xəttinin əsasında 1918-ci ilin yayında Bakıda baş verən tarixi hadisələr durur. Müəlliflərin görümündə, həmin vaxt “menşevik və eserlərin təbliğatına uymuş Bakı proletariatı tarixi səhv buraxıb, hakimiyyəti bolşeviklərə deyil, ingilislərə verməyə tərəfdar çıxmışdı. İngilis və alman imperialistlərinə qarşı mübarizəyə başlayan 26 Bakı komissarının fəaliyyəti fonunda tamaşaçılar imperialist nökərlərinin - menşevik, daşnak və müsavatçıların hələ həyatla ayaqlaşa bilməyən, siyasi hazırlığı aşağı olan bir qisim sadəlövh Bakı fəhləsini aldatmaq yolu ilə, müvəqqəti olsa da, öz itaətində saxlamasının şahidi olurdular. 1918-ci ilin iyununda türk və ingilis müdaxiləçiləri tərəfindən Bakıdakı Sovet hökuməti basılmış, kommuna ordusu şiddətli döyüşlərdə müvəffəqiyyətsizliyə uğramışdı”. Əlbəttə, indi tarixi həqiqətin aydın olduğu bir dövrdə belə süjet xəttinin, üstəlik də, inqilabi pafosun saxtalığı açıq görünür. 30-cu illərin əvvəllərində isə həmin hadisələrin canlı şahidlərinin sayı istənilən qədər idi. Lakin təbliğatın formalaşdırdığı və siyasi-ideoloji hakimiyyətin icazə verdiyi “həqiqət” bu cür ifadə olunurdu. Sonralar M.Hüseynin “Səhər” romanı üzrə çəkilmiş eyniadlı lentdə və “İyirmialtılar” (1966) filmində də bu “həqiqət” əks etdiriləcəkdi.

Filmin süjetinə görə, türk-alman batareyalarının atəşə tutduğu Bakını, mədənlərdən gəlmiş fəhlələr, qızıl qvardiyaçılar və Sovet Rusiyasından köməyə gələn dəstələr müdafiə edirlər. Şəhəri aclıq bürüyüb, cəbhədə adam çatışmır; Sovet Bakısını müdafiə edən bolşeviklər mədənlərdə mitinq, hərbi dəstələr təşkil edir, silah paylayırlar; çirkin əməllərini gücləndirən eser və menşeviklər xəyanət və provokasiya toxumu səpməyə çalışırlar; Lenin tərəfindən “Qafqazın hərbi komissarı” göndərilmiş S.Şaumyan “ruhdan düşmür, proletariatı mübarizəni davam etdirməyə çağırır və ingilislərin gəlişilə Bakının neft uğrunda iki müştərək imperialistin vuruş meydanına çevriləcəyini və fəhlələri amansız bir məhkumluq gözlədiyini söyləyir”; ingilisləri Bakıya dəvət edən burjuaziya öz əməlindən razıdır; siyasət aləmində bərkiməmiş Bakı proletariatı buraxdığı səhvə görə həyəcan keçirir; səsvermədə uduzan bolşeviklər gizli iclasda mübarizəni davam etdirmək, yeni qüvvələr toplamaq üçün şəhəri müvəqqəti tərk etmək haqqında qərar qəbul edirlər; Bakı limanında ingilis qoşunlarını qarşılayan menşevik, daşnak və müsavat nümayəndələri sevinirlər; gəmidə yola düşən kommunarlar Bakı proletariatına müraciət göndərirlər; “demokratik” hökumətin nümayəndələri evakuasiyanı saxlamağı, komissarları onların əlinə tapşırmağı tələb etsələr də, “xainlərə cavab vermirlər”, “demokratik hökumət amerikanlarla müqavilə bağlayıb, nefti nağd pula satmaq istəyirsə də, öz mənafeyini güdən ingilislər buna mane olurlar”, buna görə də şəhər neft içində boğulur, işğalçılar heç şeydən çəkinmirlər, fəhlələr arasında bolşeviklərin təsirini azaltmaq üçün onlar demokratik hökumətlə əl-ələ verməyə hazırdırlar, ingilis komandanlığının əmri ilə həbs olunmuş komissarları aldadaraq, Zakaspinin ucsuz-bucaqsız düzlərinə aparır və güllələyirlər, nümayişçilər ingilislərdən və demokratik hökumətdən kommunarların azad olunmasını tələb edirlər, ingilislər və demokratik hökumət qorxuya düşərək, Bakıdan gedirlər, kommunarlar polad sinəli zirehli qatarlara çevrilib, Bakıya daxil olurlar.

Təbii ki, Şengelayanın qarşısında 26-ların formalaşdırılmış mifə uyğun obrazlarını yaratmaq vəzifəsi dururdu. O, “Biz film üzərində necə işlədik” məqaləsində öz vəzifəsini belə ifadə edirdi: “Biz sinfi hərəkatın rəhbərliyini fiziki yolla məhv etməklə, onun rəhbərsiz qoymaqla fəhlə sinfinin inqilabi hərəkatının inkişafını heç zaman saxlamaq mümkün olmayacağını göstərməyə çalışmışıq”. Rejissor filmin süjet xəttini təşkil edən genişmiqyaslı epizodları vəhdət halında toplayıb, bitkin kompozisiyaya malik ekran əsəri yaratmaq işinin öhdəsindən bacarıqla gəlmişdir.

Əslində, tamam fərqli xarakterlərə malik olan komissarların rejissor yozumu yetərincə sxematik olsa da, N.Şengelaya ayrı-ayrı epizodların bədii və kinematoqrafik həllini ustalıqla tapmış, yüksək peşəkarlıqla ekrana gətirmişdi. Rejissor rəssam İ.Brodskinin “26-ların güllələnməsi” tablosundan filmin finalında istifadə etmiş, bitkin epizod yaratmağa nail olmuşdu.

Filmin məzmun, ideya və məqsədini bir kənara qoysaq, kinematoqrafik görüm sarıdan N.Şengelayanın yüksək sənətkarlığını etiraf etmək lazımdır. O, həm ayrı-ayrı, həm də kütləvi portretlərin yaradılması, ştrix və detallardan istifadə olunması yönümündə ustalığını sübut edə bilib. Bunu dövri mətbuatda gedən məqalələr də təsdiq edir: “...gözəl ifa olunmuş neftkeçirici boruların bağlanması və milyon tonlarla neftin dənizə hədər axma səhnələri çox müvəffəqiyyətlidir. Çoşub-çağlayan neft dalğaları tamaşaçıda həyəcanlı təəssürat buraxır”. Təbii ki, mətbuat filmin təbliğat-təşviqat məqsədindən doğan cəhətlərini də zamanın tələbinə uyğun qabartmağa çalışıb. Pafosla yüklənmiş final səhnəsi – 26 Bakı komissarının güllələnməsi “şanlı Bakı proletariatının ən fəlakətli səhifələrindən biri” sayılırdı. N.Şengelaya epizoddan-epizoda kütləvi səhnələrin sayını və rolunu artırmış, onu filmin başlıca leytmotivinə çevirmişdi. “Küçədə mitinq”, “Ordunun və komissarların Həştərxana yola  düşməsi”,

“XI Qızıl Ordunun Bakıya daxil olması”, “Vağzal” epizodlarının başlıca qəhrəmanları məhz kütlələrdir və “... kütlələr, demək olar ki, heç qəhrəmanlardan ayrılmayıb, inandırıcı, aydın və sağlam olub, Şengelaya filminin kadrlarında yaşayırlar”.

N.Şengelayanın ayrı-ayrı fərdi portretləri də ideoloji kontekstdənkənar, bitkin və maraqlıdır. Aktyor Xeyri Əmirzadənin ifasında komissarlardan biri rejissor duyumunun imkanlarını əks etdirir.

“Bazar” epizodunda aktrisa Veriko Ancaparidzenin yaratdığı azərbaycanlı-türk qadınının obrazı sxematik və pafos yüklü surətlər fonunda olduqca təsiredicidir. Hər cür əzab-əziyyətə dözmüş, yeganə ümidi balalarına bir tikə çörək almaq üçün un satmaq olan qadının yaşantıları hər cür siyasi-ideoloji cizgilərdən kənardır. Onun duyğulu və bitkin kiçik portreti siyasi çalxantıların sadə adamların həyatında buraxdığı izi aydın görməyə imkan verir.

Təbii ki, o zaman artıq S.Eyzenşteynin sovet kinosunun ən dəyərli ekran əsərlərindən sayılan “Oktyabr” filmi inqilabi təbliğatın, demək olar ki, etalonunu müəyyən etmişdi. N.Şengelaya istər-istəməz “26 komissar” lentinin ruhunda və kompozisiyasında həmin etalondan istifadə etmək məcburiyyətində idi. “Kütlələrin iradəsini, hərəkətverici qüvvəsini, siyasi birliyini” ekrana gətirmək kinematoqrafik baxımdan çətin olsa da, rejissor bu vəzifənin öhdəsindən ustalıqla gəlmişdi. Amma filmdə “zamanla əlaqədar müxtəlif fotofaktların illüstrasiya edilməsi, siyasi ədəbiyyatdan tezislər gətirilməsi” sovet kinoşünaslığında “əsəri daha da dərinləşdirdiyinin, onun həyatiliyini təsdiq edən amilə çevrildiyinin” əsaslandırılmasına yönəldilsə də, filmin bədii səviyyəsinə xələl gətirir. Bununla yanaşı, filmdə “real həyat ayrı-ayrı səhnələrlə əks etdirildiyindən, müəyyən fraqmentallığın və siyasi səthiliyin hiss olunması”, quruluşçu rejissorun Bakı komissarlarının həyatını və inqilabi fəaliyyətini öyrənməsinə, onlara aid hər cür sənəd və arxiv materiallarını toplamiasına baxmayaraq, “komissarların obrazını yaratmaq üçün qüvvətli aktyorlar deyil, zahirən onlara oxşayan tipajlar seçilməsi”, “hadisələrin xronoloji ardıcıllıqla deyil, ideya əhəmiyyətinə görə düzülməsi” iradları qəbulolunandır. Amma “gözümüzün önündə vətəndaş müharibəsinin dəqiq bir parçasının canlanması”, filmin “indiyə kimi ədəbiyyat və sənətin, demək olar ki, bütün sahələrində az işlənmiş mövzuya həsr olunması” kimi əsaslandırma cəhdləri tarixi həqiqətlərlə daban-dabana ziddir. Çünki artıq real faktlara söykənən tədqiqatlar 1917-1920-ci illərin siyasi mənzərəsini yetərincə işıqlandırır.

Bütün nöqsanlarına baxmayaraq, “26 komissar” filmi nəinki Azərbaycan, bütövlükdə sovet kinosunun uğurlu ekran əsərlərindən sayılır.

Nəriman ƏBDÜLRƏHMANLI