Elektron ədəbiyyat və sənət portalı

Romi Şnayder - xoşbəxt karyeralı, bədbəxt taleli aktrisa

Bölmə: Mədəniyyət 18.09.2015

 

Yolun başlanğıcında

Əsl adı Rozmari Maqdalena Albax olan Romi Şnayder 23 sentyabr 1938-ci ildə Avstriyanın paytaxtı Vyanada anadan olub. Onun damarlarında teatr aktyorlarının bir neçə nəslinin qanı axırdı. Kinoulduz olan nənəsi Roza Retti yarım əsrdən çox teatr səhnəsində də çalışıb və “Avstriyanın Sara Bernar”ı kimi qəbul olunub. Anası prodüsser Maqda Şnayder qızına təsirli bir melodramda oynamağı təklif edəndə Rominin hələ 15 yaşı tamam deyildi. Elə həmin il o, “Fişəng” filmində çəkilir.

Romi Şnayder çox tez məşhurlaşıb. Hələ 1957-ci ildə “Sissi” filmi ekranlara çıxandan sonra Romi Şnayder artıq ulduza çevrilmişdi. O dövrdə incə, zərif qızları filmdə çəkmək istəyən rejissorlar çox idi. “Sissi” filmindən sonra aktrisaya yenidən təklif gəlir.

1958-ci ilin iyun ayında Romi Şnayder 1933-cü ildə Artur Şnitslerin pyesi əsasında çəkilmiş “Sevgi oyunu” filminin remeykinə - “Kristina” filminə dəvət edilir. Aktrisanın həmin filmdə canlandırdığı obrazı anası 1933-cü ildə yaratmışdı. Filmin çəkilişləri Fransada aparılmalı idi. Qonorarı 500 min alman markası olan Romi Şnayder o il Almaniyada ən çox qazanan aktrisa olub. Romi anası və atalığı ilə birlikdə Parisə uçur. Təyyarənin trapında onu filmdəki tərəf-müqabili, o zamanlar hələ çox az tanınan 23 yaşlı aktyor Alen Delon bir dəstə qızılgüllə qarşılayır. Həmin ana qədər Romi Alen Delonu görməmişdi. İlk görüşdən heç biri məmnun qalmır. Onlar tez-tez dalaşır və xeyli müddət küsülü olurdular. Lakin sevgili rolunu oynayan aktyorların ulduzu barışır, sevgi səhnələri onları yaxınlaşdırır. Çəkilişlər bitəndən sonra, payızda Şnayder Delonla Parisə yollanır. Rominin ailəsi isə Aleni heç cür qəbul etmirdi. Lakin onlar qızı yolundan döndərə bilmədilər. Çarəsiz qalan valideynlər münasibətin rəsmiləşdirilməsini tələb etdilər.

Bir dəfə kinematoqrafçıların Brüsseldə təşkil edilən tədbirində Delon Romini rəqsə dəvət edir. Çətinliklə alman dilində ona evlənmək, Parisdə yaşamaq təklif edir.

Beləcə, 22 mart 1959-cu ildə İsveçrənin Luqan gölündə Delon və Şnayderin nişan mərasimi keçirilir.

 

Gərgin yaradıcılıq illəri və ayrılıq

“Rokko” və qardaşları filminin çəkilişlərindən sonra dahi İtaliya rejissoru Lukino Viskonti Şekspir dövrünün dramaturqu Con Fordun “Tetra de Pari” səhnəsində “Təəssüf ki, sən əxlaqsızsan” əsərini ekranlaşdırmağı düşünür. Rejissor Alen Delon və Romi Şnayderi baş rolların ifaçısı seçir. Məşqlərə başlamazdan əvvəl Viskonti Şnayderi əsl parisliyə çevirmək üçün onu Koko Şanellə tanış edir. Koko Şanelin başçılığı ilə aktrisa pəhriz saxlamaq, sauna, gimnastika və başqa prosedurlar sayəsində xarici görünüşünü dəyişir. Sonralar Şnayder yazırdı: “Üç insan mənim həyatımı tamamilə dəyişdi – Alen, Viskonti və Koko Şanel”.

Bundan sonra tanınmış rejissor Saşa Pitrof Romini Çexovun “Qağayı” əsərində Nina Zareçnaya rolunda çəkilməyə dəvət edir. Lakin Alen Delon ona təklif edilən Treplyov rolundan imtina edir. Çünki onu “Marko Polo” filmində baş rola dəvət etmişdilər. Ona görə də Romi ilk dəfə Alensiz səfərə çıxmalı olur. Alen qarderobdakı güzgünün yanında Rominin şəklinin yanına belə bir teleqram qoyur: “Bütün varlığımla həmişə səninləyəm. Ərin”.

Səfər zamanı Nitsa şəhərində aktrisa xəsətəxanaya düşür. Alen dərhal onun yanına gedir. Cütlük birlikdə Parisə dönür. Ancaq bu isti münasibətləri çox çəkmir, onlar ayrılmalı olurlar. Ola bilsin, bunun əsas səbəblərindən biri, övladlarının olmaması idi.

1963-cü ildə Romi “Proses” filmində çəkilmək üçün Hollivuda yollanır. Viskonti və Orson Uels kimi dünya kinosunun nəhəngləri ilə işləmiş aktrisa Hollivudda daha böyük sənətkarlar görəcəyinə ümid edirdi. Lakin ümidləri özünü doğrultmur. Romini Hollivudda başa salırlar ki, o, baş rolda çəkilə bilməz.

 

Meyer onu depressiyadan qurtardı...

Bir dəfə Berlin mədəniyyət mərkəzinin açılışı mərasimində Romi əsl adı Harald Haubenştok olan məşhur alman rejissoru Harri Meyerlə tanış olur. Meyer Şnayderdən yaşca xeyli böyük idi. Arıq, mədəni, intellektual Meyerin nəzakətli davranışı, qayğıkeşliyi yorulmuş, üzgün Romiyə əsl dərman oldu. Romiyə olan sevgisinə görə Meyer də bir neçə illik həyat yoldaşından ayrılır. Delonun verdiyi əzab-əziyyətləri unutduracağını düşünən Romi Meyerə ərə gedib Berlinə köçür. 1966-cı ildə cütlüyün ilk övladı David dünyaya gəlir. Onda Alen Delon da yenidən evlənmişdi, Entoni Delon artıq iki yaşında idi. Yeni ana olmuş aktrisa övladını böyüdür, çox xöşbəxt görünürdü.

Şnayderin özünəməxsus geyim tərzi var idi. O, qara rəngdə şalvar-kostyumlar geyinməyi, şlyapa qoymağı sevirdi. Aktrisa hesab edirdi ki, onun üzü gözəl olsa da bədəni haqqında bunu demək olmaz.

1974-cü ilin oktyabr ayında Romi Şnayder ilk dəfə olaraq alman televiziyasında rok stilində Ditmar Şenxerin “Gecədən keçmiş” tok-şousunda göründü.

1977-ci ildə ikinci övladına hamilə olan Romi vaxtının çoxunu ailəsi ilə keçirir, evdar qadın obrazından həzz ala-ala yaşayırdı. Fransanın cənubunda yaşıllıqlara qərq olmuş evdə xoşbəxt yaşayan aktrisa qızı Saranın dünyaya gəlməsiylə daha da xoşbəxt oldu.

Klod Sotenin “Sadə tarix” filmindəki roluna görə “Sezar” mükafatına layiq görüldükdən sonra Romi şövqlə deyirdi: “Keçmişin qara buludları yox oldu, indi mən heç vaxt olmadığım kimi xoşbəxtəm və sevilirəm”.

 

Daha bir depressiya

1980-ci ilin yazında Romi Şnayder çəkildiyi əllinci - “Bank sahibəsi” filmində əsəb sarsıntısı keçirirdi. Bunun səbəbi Meyerdən boşanmağı, yeni ailə qurduğu Daniel Byazini ilə münasibətlərinin çətin olması idi. O, hər gün bir neçə qutu siqaret çəkir və alkoqol qəbul edirdi. Heç kəslə danışmayan aktrisa ünsiyyətdən qaçırdı. Çəkilişlər zamanı fasilədə o, öz qrim otağında təkliyə çəkilirdi. “Bank sahibəsi” filmi Romiyə böyük şöhrət gətirdi. Filmin premyerasından sonra Romi boş qalan evinə döndü.

Alkoqol və tənhalıq aktrisanın həyatına çox böyük zərbə vururdu. Romidə tez-tez depressiv qorxular yaranırdı ki, bu da ona kamera qarşısında dayanmağa mane olurdu. Ömrü boyu Rominin hesabına dəbdəbəli həyat yaşamış əri Daniel də ondan yaxa qurtarmaq üçün bir bəhanə ilə Los-Ancelesə getdi.

Rominin kamera qorxusunu aradan qaldıra bilməyən rejissorlar əri Danieli çağırmaq qərarına gəldilər. Daniel dərhal geri döndü. Onun gəlişi ilə Rominin vəziyyəti yaxşılaşdı, həyatı qaydasına düşdü. Lakin Danielin təkrar gedişindən sonra aktrisa yenə yuxusuz qaldı, depressiyaya düşdü. O, yuxusuzluğunu aradan qaldırmaq üçün dərmanlar içirdi.

Bir dəfə Romini mehmanxanada huşsuz vəziyyətdə tapdılar. Həkimlər həm aktrisanı, həm də özündən on yaş kiçik olan yeni sevgilisi gənc Loran Peteni xilas etdilər. Beləliklə, gənc sevgilisinin sayəsində Romi çəkiliş meydançasına qayıtdı. Amma oğlunun faciəli ölümü onu yenidən sarsıtdı...

 

Ömrünün son illəri

Aktrisanın ömrünün sonlarında çəkildiyi lentlərdən biri “İlkin təhqiqat altında” filmidir. Film 1981-cü il sentyabrın 23-də, aktrisanın 43 yaşının tamamında ekranlara çıxır. Oğlunun ölümündən sonra hamı onun bir daha səhnəyə qayıtmayacağını düşünsə də Şnayder yenidən 1981-ci ildə “San-Susidən gələn yolçu” filminin çəkilişləri üçün Berlinə gedir. Bu, Romi Şnayderin çəkildiyi son ekran əsəri olur. Çəkilişlərdən sonra Şnayder və prodüser Loran Peten şəhər kənarında yaşamağı planlaşdırırlar. 1982-ci ilin martında onlar Parisin 50 kilometrliyində yerləşən Buassi-sen-Avur adlı yerdə ev alırlar. 1982-ci ilin aprel ayında “San-Susidən gələn yolçu” filminin premyerası keçirilir. Şnayderin rolu yüksək qiymətləndirilir, o, “Sezar” mükafatına layiq görülür.

Yüksək qonorar qazanmasına baxmayaraq, Şnayder ömrünün sonlarını borc içində keçirir. Belə ki, meneceri olan atalığı Hans Herbert Blasheym aktrisanın etibarından sui-istifadə edib Rominin bütün var-dövlətini dağıtmış, onun hesabına dəbdəbəli həyat yaşayan əri Daniel Byazini aktrisanın milyonlarını mənimsəmişdi. Bunu görən Şnayder 1982-ci ilin mayın 10-da İsveçrənin Sürix şəhərində vəsiyyətnamə yazaraq bütün var-dövlətini qızı Saraya və sevgilisi Petenə miras qoyur.

Vəsiyyəti imzaladıqdan bir neçə gün sonra 1982-ci ilin mayın 28-də Şnayder və sevgilisi Parisə qonaq çağırılır. Evə qayıdanda bir az söhbət edir, sabahkı günü planlaşdırırlar. Romi tez yatmaq istəmir, musiqiyə qulaq asır. Səhər tezdən Peten aktrisanın yazı masası arxasındaca keçindiyini görür.

Aktrisanın şəxsi fotoqrafı və meneceri öz müsahibələrində onun intihar etməsini istisna edir. Onların sözlərinə görə, Romi Alen Delonla yeni kinolayihə üzərində işləyir, şəhər kənarına köçməyi planlaşdırırmış. Lakin mətbuat Romi Şnayderin intihar etdiyi haqda xəbər yaydı. Ölüm kağızında isə səbəb kimi ürək çatışmazlığı göstərilir.

Romi Şnayder Paris yaxınlığında Buassi-sen Avur qəbiristanlığında dəfn edilib. Alen Delonun təkidindən sonra oğlunun nəşi onun qəbrinə köçürülür.

NARINGÜL