Elektron ədəbiyyat və sənət portalı

Qurban Pirimovun sənət məktəbi

Bölmə: Mədəniyyət 18.09.2015

İnanılmaz dərəcədə məhsuldar torpaq, mineral sular, dağ havası insanlarda əla əhval yaradırdı və onlarda bu gözəlliyi vəsf etmək istəyi ortaya çıxırdı. Üstəlik, Şuşada insanlar heç zaman yoxsulluqdan əziyyət çəkməyiblər. Onların əksəriyyəti hətta zəngin olub, ailələr İranı, Hindistanı, Rusiyanı gəziblər.

 

Azərbaycanın musiqi məktəbi

XIX əsrin ortalarında Şuşa ziyalılarının evlərində o dövr üçün nadir sayıla biləcək sayda kitablar toplanmışdı. Onların əksəriyyəti çap edilən yox, kalliqrafik kitablar idi. Belə kitabların bəzilərinin yaşı yüzilliklərlə ölçülürdü. Şuşalılar, əsasən, musiqi haqqında kitablara üstünlük verirdilər. Bu kitablar arasında Səfiəddin Urməvinin (XIII əsr), Əbdülqadir Marağayinin (XIV əsr), Mirzə bəyin (XVIII əsr) işlərinə rast gəlmək olardı.

Şuşa sakinləri simli musiqi alətləri barədə elə şeylər bilirdilər ki, onu müasir musiqiçilər belə, təsəvvür edə bilməzlər. Onlar eksperimentlər edərək musiqi alətləri yaradır, mövcud alətlərin formasını dəyişir, onları təkmilləşdirirdilər. Şəhərdə təşkil olunan “Musiqi məclis”lərində alətlərdə ifa texnikası, onların hazırlanması üsulları nümayiş etdirilirdi.

1880-ci ildə rəssam, xəttat, dövrünün məşhur musiqi nəzəriyyəçisi və şairi Mir Möhsün Nəvvab tanınmış xanəndə (virtuoz tarzən) Hacı Hüsü ilə birlikdə Şuşada Azərbaycanda ən böyük “Musiqiçilər məclisi”ni təsis edib. Bu məclisdə musiqinin estetik problemləri, ifaçılıq və muğam sənətinə dair müzakirələr aparılırdı.  Məktəbdə fəal iştirak etmiş şəxslərin çoxu sonralar peşəkarlara, hətta əfsanəyə çevrildilər, Azərbaycan musiqisinin simasını təşkil etdilər. Onların arasında xanəndə və sazəndə Məşədi Cəmil Əmirovun, İslam Abdullayevin, Seyid Şuşinskinin, məşhur ifaçı Hacı Hüsünün, müasir Azərbaycan tarının yaradıcısı Sadıqcanın (Mirzə Sadıq) adlarını çəkmək olar. Faktiki olaraq, məhz o dövrlərdə xalq musiqisi akademik, peşəkar musiqiyə çevrilərək milli musiqi formasını aldı.

Və elə həmin məclisin yaradıldığı ildə sonralar virtuoz tar ustasına çevrilmiş bir şəxs dünyaya gəldi. Bu, Qurban Pirimov idi. O, 4 yaşında ikən tarda çalmağı öyrənir. Onun bir çox müəllimləri var idi, kifayət qədər yaşı olan babası Valeh isə Qarabağ aşığı idi. O dövrdə Şuşada dünyəvi məktəblər fəaliyyət göstərirdi. Çünki ziyalılar şəhərinin əksər sakinləri uşaqlarını köhnədən qalmış mədrəsələrə vermək istəmirdilər. Gənc Qurban da belə məktəblərdən birini bitirib. Önəmli məqamlardan biri ondan ibarətdir ki, Qurbanın müəllimləri həm də yaxşı tərbiyəçi imişlər: onlar hər zaman uşaqların istedadının parlamasına yardım ediblər. Onların yaşadıqları kiçik, cəmi bir neçə kilometri əhatə edən balaca dünya, əsl azad yaradıcılıq dünyası idi.

Qohumları və müəllimləri Qurbana Sadıqcanın yanına getməyi məsləhət görürdülər. Lakin o, dağ kəndi olan Abdal Gülablıda, müəllim isə şəhərin özündə yaşayırdı. Üstəlik, Sadıqcan çox vaxt səfərlərdə olurdu. Beləliklə, Sadıqcanın ilk tələbəsi olan 13 yaşlı Qurban hər dəfə dərs almaq üçün kilometrlərlə yol qət edirdi.

 

Uğur

1905-ci il Azərbaycan üçün ağır keçdi. Bir tərəfdən Rusiyada yaşanan inqilab, digər yandan da İranda bir-birini əvəz edən inqilablar və vətəndaş qarşıdurmaları sakit, gözəl həyata alışmış Şuşaya da təsirsiz ötüşmədi. O dövrdə gənc musiqiçi Qurban tarda ifa etmək yolu ilə cüzi qazanc əldə edirdi. Amma ehtiyaclar getdikcə artırdı. O, Gəncəyə köçərək, məşhur xanəndə Cabbar Qaryağdıoğlunun triosunda çalışmağa başladı.

Trioda Cabbar Qaryağdıoğlunu tarda Qurban Pirimov,  kamançada Saşa Oqanezaşvili müşayiət edirdi. Çox keçmədən üçlüyün çıxışlarının sorağı Qafqazın sərhədlərini aşdı. Trio inanılmaz uğurlar qazandı və Pirimov üçün yaradıcılıq baxımından əsl inkişafa yol açan bir məktəb rolu oynadı.

“Musiqi peşəkarlığı bir neçə komponentdən ibarət kokteyldir: fərdi istedad, çalışqanlıq, yaxşı müəllimlər və şərait”, - deyə, tarzən Aydın Məmmədov bildirir: “Şuşa, bu “musiqi mətbəxi” olmasaydı, Qurban Pirimov kimi, onun müəllimləri kimi insanlar da olmazdılar. Amma bu gün Qurban Pirimov bizim üçün ifaçılıqda etalona çevrilib. Hər kəs bilir ki, Mikayıl Müşfiq məşhur “Oxu tar” şeirini məhz dövrün dahi ustadı olmuş Pirimova həsr etmişdi”.

Q.Pirimovun yaradıcılığı milli opera ilə ayrılmaz şəkildə bağlıdır. O, Azərbaycanın ilk milli operası olan “Leyli və Məcnun”un səhnələşdirilməsi zamanı orkestrdə yer alıb. Qurban Pirimov Azərbaycan Opera və Balet Teatrı yaranandan ömrünün sonunadək orada işləyib.

Bu, təxminən, 40 il deməkdir. 1929-cu ildə Pirimov Azərbaycan SSR-in əməkdar artisti, 1931-ci ildə isə Xalq artisti adına layiq görülüb. 1938-ci və 1939-cu illərdə o, Moskvada Azərbaycan İncəsənəti Dekadasında və Xalq alətləri ifaçılarının Ümumittifaq müsabiqəsində uğurla çıxış edib.

Böyük Vətən müharibəsi illərində Qurban Pirimov digər incəsənət ustaları ilə birlikdə dəfələrlə əsgərlər qarşısında, həmçinin, hospitalda müalicə alan yaralılar qarşısında çıxışlar edib. O, müəllimliklə də məşğul idi. Pirimovun tələbələri arasında Azərbaycan SSR-in Xalq artisti Bəhram Mansurovun, Həbib Bayramovun, Sərvər İbrahimovun adlarını çəkmək olar.

Q.Pirimov qrammofon vallarına muğamlar da yazırdı. Onun ifasında ən keyfiyyətli yazını Riqada buraxılmış vallardan dinləmək olar.

İllər sonra artıq yaşa dolmuş ustad sənətkar “Mədəniyyət və incəsənət” jurnalında (1955) şagird olduğu illəri xatırlayaraq yazırdı: “Yaxşı günlər idi. Doğma şəhərimdə çox sayda dahi insanlar var idi. Onlardan biri də müəllimim Mirzə Sadıq idi. Mirzə Sadıq nəinki böyük ustad, həm də yaradıcılıqla bağlı gələcəyi aydın təsvir edən bir insan idi. Gənclik illərimi yada saldıqda düşünürəm ki, həyatımda ən parlaq izləri məhz onun ifaları, dərsləri qoyub”.

Qurban Pirimov Nabat xanım Ağalar qızı ilə evli idi. Onların 4 övladı var idi: Əsgər, Sara, Tamara, Adilə. Musiqiçi 29 avqust, 1965-ci ildə Bakıda dünyasını dəyişib.

1880-ci ilin oktyabrında dünyaya göz açmış Qurban Pirimovun doğum günündən az qala əsr yarım vaxt keçir. Amma, həqiqətən də, sənətkar ömrü vaxtla ölçülmür, əbədidir.

Məhərrəm ZEYNAL