Elektron ədəbiyyat və sənət portalı

“Dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də milli şüurun özəyidir”

Bölmə: Müsahibə 13.02.2018

“Aydın yol”un suallarını Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Tofiq Məlikli cavablandırır

 

Tofiq müəllim, "Tərcümə Mərkəzinin nəşrləri" seriyasından çıxan kitabların sırasında Tərcümə və Bədii Əlaqələr Mərkəzinin yaradıcısı, mərhum türkoloq-alim Aydın Məmmədova həsr edilmiş "Sözün aydını" kitabı da yer alıb. Sizin həmin kitabda olan xatirə yazınız da maraqla qarşılanıb. Elə söhbətimizə də Aydın müəllimlə bağlı xatirələrinizdən başlasaq, yaxşı olar. Onunla tanışlığınızı necə xatırlayırsınız?

– Açığı deyim, biz Aydın Məmmədovun fəaliyyətini tam dərinliyi ilə indi dərk edirik, onun gördüyü işlərə indi qiymət veririk.

Aydınla universitetdə bir yerdə oxumuşuq. Mən şərqşünaslıq fakültəsində oxuyurdum, o, filologiyada. O vaxtlar bəzi dərsləri bir yerdə keçirdik. Biz o vaxtlar tanış olmuşduq və dostluq əlaqəmiz yaranmışdı. Ancaq mənəvi yaxınlığımız, qardaşlıq münasibətlərimiz Moskvada oldu. Mən 1966-cı ildə Moskvada aspiranturaya daxil oldum. Üstündən 5–6 ay keçəndən sonra Aydın Moskva Dilçilik İnstitutunun aspiranturasına qəbul olundu. O dövrdə biz çox yaxınlaşdıq.

Biz ayrı-ayrı yataqxanalarda qalırdıq. Aydın hər gün səhər mənim yanıma gəlirdi, birlikdə qəlyanaltı edib, Lenin kitabxanasına tələsirdik. Lenin kitabxanası elm mərkəzi, elm məbədi idi. Səhər saat 10-a kimi bütün yerlər tutulurdu. Ona görə lap tez gedirdik ki, qıraqda qalmayaq. Saat 5-ə qədər orada olurduq. Axşam da bir yerdə gedib Moskvanın məşhur "Bakı" restoranında piti yeyirdik. Aspirantın bundan böyük imkanı yox idi (gülür).

Həmin vaxtlar birlikdə çox intensiv çalışdıq və bu, bizi daha da yaxınlaşdırdı. Bizi maraqlandıran mövzular münasibətlərimizdə böyük rol oynadı. Aydın mənim tə-səvvürümdə millətinə son dərəcə bağlı olan bir insan idi. Vətənini və xalqını həyatı qədər sevirdi. Bizi milli ruh birləşdirirdi.

Azərbaycanlı aspirantlar başımıza toplaşar, dilçi, ədəbiyyat adamı olduğumuza görə onları maraqlandıran sualları verərdilər. Düşünən gənclərin çoxu bu sualı verirdi: "Biz kimik, "azərbaycanlı" niyə, yer mənsubiyyəti millət adı ola bilərmi?"

Biz bu suallara birlikdə cavab axtarırdıq.

Mən Bakıda oxuduğum illərdə bir neçə araşdırma aparmışdım. Lakin əlimizdə material çox az idi. Moskvada mənə imkan yarandı ki, arxiv materialları ilə işləyim. Kitabxananın xüsusi qorunan guşəsində kitablar vardı, universitetdən məktub vasitəsilə o kitablara baxmaq üçün icazə verilirdi. Çünki orada rəsmi ideologiyadan fərqli kitablar saxlanılırdı. Mən onların əksəriyyəti ilə tanış oldum, müəyyən çıxarışlar etdim. Həmin mütaliə bizim gözümüzü açdı və milli ruhlu, vətənpərvər alim kimi yetişməyimizdə əsaslı rol oynadı.

Tofiq müəllim, siz türk ədəbiyyatını bütün dünyada tanıdan yazıçı Orhan Pamukun əsərlərini rus dilinə çevirmisiniz. Tərcümə prosesi zamanı onunla görüşləriniz, münasibətləriniz necə olub, daha çox hansı məqamları müzakirə etmisiniz?

– Mən onun yalnız "İstanbul" romanını tərcümə etmişəm. Öncə qeyd edim ki, Bakıda məlum 20 Yanvar hadisələrindən sonra Moskvadakı fəaliyyətimizə görə basqıya məruz qaldıq. Biz səfirliyə getdik, hər gün orada müxtəlif mətbuat konfransları keçirdik. Ondan sonra müəyyən problemlər yarandı. Həmin vaxt mənə Türkiyədən dəvətlər gəlirdi. Mən də qəbul etdim.

Türkiyədə olduğum müddətdə Orhan Pamukun ilk romanı əlimə düşdü, onu oxudum. O vaxtın gənc bir yazıçısı üçün maraqlı roman idi. Sonra onunla görüşdük, söhbətləşdik. Bu görüşdən sonra bir dəfə məni nahara dəvət etdi, dedi ki, yeni romanım çıxıb – "Qara kitab". Həmin kitabı oxumaq üçün mənə hədiyyə etdi. Mən onu Rusiyada məşhur tərcüməçi Vera Fyonovaya göndərdim və o, həmin əsəri rus dilinə tərcümə etdi. Sonra "İstanbul" romanı çıxdı, onu da oxudum. Orhan Pamuk məndən roman haqqında fikrimi soruşanda əsəri bəyəndiyimi və tərcümə edəcəyimi dedim. Gərək tərcüməçi əsəri sevə, əsərə qarşı onda maraq oyana ki, onu tərcümə edə bilsin.

Sizcə, yaxşı tərcüməçi olmaq üçün hansı cəhətlər lazımdır?

– Yaxşı tərcüməçi olmaq üçün gərək güclü intellektə sahib olasan, geniş məlumatın olsun. İki dili də çox gözəl bilməlisən – bütün incəliklərinə qədər. Dili hiss etmək, duymaq məsələsi var. Şübhəsiz, həm də yaradıcı istedadın olmalıdır.

 Bu faktorlar olmasa, “dil bilirəm” deyib kitab tərcümə etmək sadəlövhlükdür. Tərcümə işinin də öz prinsipləri var. Tərcümə elmdir. Hazırda bir çox dünya universitetlərində belə bir tədris proqramı var: tərcüməşünaslıq. Tərcüməçinin əsərdə bəhs olunan ölkənin reallığını, adət-ənənəsini, mentalitetini bilməsi vacib şərtdir. Bunları bilmədən Markesi necə tərcümə edə bilərsən?

Orhan Pamuku tərcümə etmək üçün gərək fəlsəfədən anlayışın olsun. Şərq fəlsəfəsi ilə Qərb fəlsəfəsini dərindən biləsən. Orhan iki fəlsəfəni qarşı-qarşıya gətirərək ortaya bir həqiqəti qoymaq istəyib: insan hər yerdə insandır. O, ortaya qoydu ki, Şərq və Qərb sivilizasiyası, əslində, bir-birinə yaxındır.

O, İslam dininin tolerant olduğunu, insan sevgisinə söykəndiyini, başqa dinləri inkar etmədiyini və bunun da sufilikdən irəli gəldiyini ifadə etməyə çalışır. "İstanbul" romanı da İstanbulu sevən, orada yaşayan bir insan kimi mənim diqqətimi çəkmişdi. Orhan Pamuk romanda İstanbulu canlı varlıq kimi təsvir edib. O, canlı, qeyb olmuş xatirələrdə yaşayan İstanbulun sevgisini, nostaljisini yaradıb. Bu kitab öz xüsusiyyətinə görə digər əsərlərdən fərqlənir.

Siz uzun illər Türkiyədə yaşamısınız, çalışmısınız. Bir mədəniyyət, ədəbiyyat adamı kimi hazırda qardaş ölkənin mədəniyyət sahəsində bizə münasibəti sizi qane edirmi? Sizcə, bizim ədəbiyyatımız, mədəniyyətimiz Türkiyədə yetərincə tanınırmı, təbliğ olunurmu? Çatışmayan cəhətlər hansılardır?

– Məsələ burasındadır ki, sevmək üçün tanımaq lazımdır. Gərək iki ölkə olaraq zahirən yox, ruhən bir-birimizi anlayaq. Bizi Rusiya, Qərb və bəzən sapı özümüzdən olan baltalar bir-birimizdən ayırmağa çalışıblar. Son dövrlərdə bir millət, iki dövlət olduğumuzu dərk etmək üçün yollar açılıb. Amma yenə də o zəngin mədəniyyəti, Osmanlı mədəniyyətini daha yaxşı dərk etmək üçün müasir türk ədəbiyyatını dərindən bilmək lazımdır.

Tofiq müəllim, siz Sovet təhsili görmüsünüz, uzun illər Rusiyada, Türkiyədə yaşamısınız, müəllim kimi fəaliyyət göstərmisiniz. Sizcə, bizim dünya mədəniyyətinə çıxışımız Türkiyə istiqamətindən daha rahat olar, yoxsa Rusiya?

– Bizim tək yolumuz nədir? Bunu böyük fərəh və ruh yüksəkliyi ilə qeyd edirəm ki, bəli, hamımızın röyası, arzusu olan müstəqil dövlətimiz var. Mən bütün gənclərə müraciət edərək deyirəm ki, onların ümdə vəzifəsi bu müstəqilliyin qədrini bilmək və onu qorumaqdır. Dünyaya açılmaq üçün isə öz mədəni, elmi səviyyəmizi yüksəltməliyik. Elə bir səviyyəyə çatmalıyıq ki, Türkiyənin də, Rusiyanın da, Qərbin də, Amerikanın da imkanlarından istifadə edə bilək. Yəni icad olunmuş velosipedi təkrar icad etməyək, yeni nələrsə gətirək, dünyanın mədəniyyət, elm tarixinə öz imzamızı ataq. Çünki biz dünya tarixində mühüm rol oynamış, dühalar yetirmiş mərd və qürurlu xalqın övladlarıyıq.

 

Sevinc Fədai