Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan əsilli türkiyəli ziyalılar

Bölmə: Beynəlxalq 02.02.2018

Bu bir həqiqətdir ki, xarici ölkələrdə yaşayan ziyalı yurddaşlarımızın əksəriyyətini lazımınca tanımırıq.  Onların arasında kifayət qədər tanınmış şair, yazar, elm, sənət adamları və dövlət xadimləri var. Bu silsilədə oxucuları Türkiyə Cümhuriyyətində yaşamış və yaşayan ziyalılarımızla tanış edəcəyik.

 

Ataol Bəhramoğlu

Şair, yazıçı, tərcüməçi və ədəbiyyatçı Ataol Bəhramoğlu 1942-ci ildə anadan olub. Azərbaycan əsilli ailəsinin soyadı “Gürus” idi. O, yaradıcılığa da “Ataol Gürus” imzası başlayıb. Daha sonra ailəsi “Bəhramoğlu” soyadını götürüb. Heydər Bəhramoğlu və İsmət xanımın övladı olan şair, jurnalist Nihad Bəhram, şair Mustafa Nihad Bəhramoğlu və vəkil Namiq Kamal Bərhamoğlunun böyük qardaşıdır.

Ataol Bəhramoğlu Ankara Universitetinin rus dili və ədəbiyyatı fakültəsinin məzunudur. Hələ tələbəlik illərində “Yarpaqlar”, “Dost”, “Atac”kimi jurnallarda dərc edilən şeirləri ilə ədəbi cameənin diqqətini cəlb edib.

Ardınca 1965 – 1971-ci illər arasında “Papirus”, “Şeir sənəti”, “Yeni həqiqət”, “Yeni jurnal” və “Xalqın dostları” jurnallarında işıq üzü görən şeirləri ilə şair kimi tanınmağa başlayıb.

1965-ci ildə nəşr edilən “Mütləq bir gün” adlı kitabında 60-cı illərin ovqatı poetik çalarlarla təqdim olunur.

Tərcüməçi kimi ilk işi 1967-ci ildə nəşr olunmuş Anton Çexovun hekayəsi olub. Eyni dövrdə Mixail Lermontovun şeirlərini də türk dilinə tərcümə edib.

1970-ci ildə siyasi baxışlarına görə xaricə mühacirət edən Bəhramoğlu, iki il London və Parisdə yaşayıb. Parisdə Lui Araqon və Pablo Neruda ilə tanış olaraq ədəbi yaradıcılığını davam etdirib. Paris teatrları üçün pyeslər yazıb.

1972-ci ildə SSRİ Yazıçılar İttifaqının dəvəti ilə iki il Moskvada yaşayıb. Bu illər ərzində Moskva Dövlət Universitetində rus ədəbiyyatı sahəsində araşdırma aparıb, A. Puşkinin əsərlərini türk dilinə tərcümə edib.

1974-cü ildə Türkiyə hökuməti tərəfindən əfv olunan Bəhramoğlu vətəninə qayıdaraq, burada yaradıcılığını davam etdirib. “Necə yağış... Necə şeirlər” (1976), “Mühasirədə” (1978), “Mustafa Sübhi dastanı” (1979), “Dördlüklər” (1980) adlı kitabları nəşr olunub.

1979-cu ildə Türkiyə Yazıçılar Həmkarlar İttifaqının baş katibi seçilib.

Rus mənşəli Lyudmilla Denisenko ilə evliliyindən Barış adlı bir qızı var.

Parisin Sorbon Universitetində rus ədəbiyyatı və müqayisəli ədəbiyyat mövzunda tədqiqat aparıb. Parisdə “Anka” adlı jurnal təsis edib.

Ataol Bəhramoğlu hazırda İstanbul Aydın Universitetinin professorudur. Şeirləri bir çox dillərə tərcümə edilib. 2016-ci ildə İstanbuldakı şairlər parkında heykəli ucaldılıb.