Elektron ədəbiyyat və sənət portalı

Ella Leya: "Romanı yazanda Azərbaycanla bağlı nostalji hisslər yaşadım"

Bölmə: Müsahibə 06.04.2018

Azərbaycan əsilli Amerika yazıçısı, bəstəkarı və müğənnisi Ella Leya caz və klassik musiqini öyrənməzdən əvvəl ifaçılıq sənətinin fitri improvizə forması sayılan muğama heyran olub. “Həyatımı, gələcəyimi klassik musiqiyə həsr edəcəyimi düşünürdüm, amma caza qulaq asdıqdan sonra fikrimi dəyişdim. Onu da qeyd edim ki, bəlkə də, Bakıda piano çalan və caz ifa edən ilk qız mən olmuşam” (“Weekend Edition”a müsahibədən). 

Ella Leya özünün caz orkestri ilə bütün Avropanı və Birləşmiş Ştatları gəzmiş, konsertlərlə çıxış etmişdir. Onun bəstələdiyi musiqilər bir çox Amerika filmlərində, teleşoularda səsləndirilib.
İlk romanı – “Yetim səma” 2015-ci ildə nəşr edilib.

“The Los Angeles Review of Books”un rəyinə görə “Yetim səma” Xalid Hüseynin “Çərpələng uçuran” əsəri qədər inandırıcı, insan hisslərinə toxunan mükəmməl bir əsərdir.

Romanın qəhrəmanı olan istedadlı gənc pianoçu, musiqi və xalq nağılları vasitəsilə keçmiş sovetlər ölkəsinin həqiqətlərini təsvir edir. Bununla yanaşı romanda Azərbaycanın keçmişi, əfsanəvi “Qız qalası”yüksək bədii çalarlarla əks olunur: “Biri vardı, biri yoxdu, bir Yetim səma vardı... Qəm-kədərin qara qübbəsindən Qafqaz dağlarına boylananda, Qaranlıqlar Şahı Odlar Diyarında hökmranlıq edəndə...”

İmkanlı ailənin övladı olan istedadlı gənc pianoçu Leyla tənha yaşayan rəssam və dissident Tahirlə qarşılaşır. Onlar dostluq və sevgi arasında olan sərhədin və azadlığın yollarını axtarırlar.

Ella Leya debüt romanında mürəkkəb suallara cavab tapmağa çalışır. Bu əsər sevgi və məhəbbətdən, həqiqət və yalandan, itki və ağrılardan bəhs edir.

Ella Leya məmnuniyyətlə bu əsəri, musiqisi və uzaq Azərbaycanda keçirdiyi uşaqlıq illəri ilə bağlı suallarımızı cavablandırmağa razı oldu.

– Hörmətli Ella, çapdan çıxmış ilk kitabınız və olduqca uğurlu debütünüz münasibətilə sizi təbrik edirik. Bizə müsahibə verməyə razı olduğunuza görə də sizə təşəkkür edirəm.
Məlum olduğu kimi siz tanınmış musiqiçisiniz, 10-dan artıq yüksək keyfiyyətli CD buraxmısınız. Maraqlıdı, fərqli sahənin nümayəndəsi kimi roman yazmaq fikriniz necə yarandı? Sizi buna sövq edən, həvəsləndirən nə oldu?

– İtirdiklərimin ağrısı. İlk əvvəl özümü musiqiyə və poeziyaya həsr etmişdim. Xəstəxanada oğlumla keçirdiyimiz dərdli gecələrdə mahnılar bəstələdim və lentə aldırdım. Ancaq musiqi prosesi keçicidir. Məni reallıqdan, bu günümdən ayıra biləcək, keçmişimi yenidən yaşada biləcək, içimdəki suallara cavab tapacaq daha güclü dərmana ehtiyacım vardı.

– “Musiqi sanki rənglərin səsidir. Al-qırmızı laylardan axıb gələn piano akkordlarının ardıcıl səsidir – alpecio. Skripkanın qızılı və gümüşü simlərində çalınan pizikato. Alçaqdan çalınan D akkordlarının ətrafa yayılması. Fleyta Raxmaninovun əbədi Fortepiano üçün 3-cü konsertindən vətən həsrətli musiqini səsləndirərək, nostalji hüzn yaradır”. Bu sizin “Yetim səma” romanının birinci fəslindən gətirdiyimiz iqtibasdır. Kitabı oxumağa başlayanda, bu mükəmməl dil və metaforlar ilk andan diqqətimi cəlb etdi. Mənə elə gəldi ki, siz insanları, onların hisslərini – bütün dünyanı musiqi vasitəsilə görə bilirsiniz. Həqiqətənmi belədir?

– Mən bu poetik metaforları çox sevdiyim XX əsr rus şairlərindən – Anna Axmatova, Nikolay Qumilyov və Osip Mandelştamın şeirlərindən əxz etmişəm. Onların sevgi və duyğu dolu poeziyası mənə Renuarın ahəngdar palitrası, Karavacconun nizamlı rəngkarlıq sənəti, Şopen nostalgiyası, Raxmaninovun fatalizmi, Azərbaycan muğamının sirayətedici nəbzi və müqəddəs Məryəmin ovsunlayıcı səmimiliyi vasitəsi ilə dünyanı görməyi və eşitməyi öyrətdi.

– Bəs romanı nə qədər müddətə yazdınız və bu yaradıcı proses necə getdi?

– Roman üç il yarıma tamamlandı. Müəyyən hissələri yenidən işləsəm də, demək olar ki, əsəri birnəfəsə yazırdım. İlhamın nə qədər şıltaq və dəyişkən olduğunu bildiyim üçün onun əlimdən uçub gedəcəyindən qorxurdum. İş üçün nəzərdə tutduğum saatlar günlərə, aylara çevrilirdi...

– Romanın adı necə yarandı?

– Bu, naşirimin təxəyyülünün məhsuludur. Mənim verdiyim ad “Qız qalası” idi.

– Romandakı hadisələr doğulduğunuz doğma şəhəriniz Bakıda baş verir. Əsərinizdə şəhərin olduqca gözəl təsvirini verirsiniz – oxucunun xəyalında dar, çay daşı düzülmüş köhnə küçələr, divarlar canlanır və o, İçərişəhərin – qədim şəhərin sehrli ab-havasını hiss edir, onun “isti və yumşaq” havasının qoxusunu içinə çəkir. Əsərin əsas süjet xəttini Qız qalası adlanan orta əsr tikilisi, şahzadə qız haqqında qədim əfsanə və onun, necə deyərlər, Xəzər dənizinin sularına qərq olmuş sevgisi təşkil edir. Siz, həmçinin Qarqoyl qalasının, Villa Annelise, Gövhərağa məscidi və Təzə bazarın da adını çəkirsiniz. Bütün bunlar Bakının tarixi yerləridir?

– Əksəriyyəti Bakının tarixi ilə sıx bağlıdır, bəziləri isə təxəyyülümün məhsuludur. Villa Annelise XX əsrin əvvəllərində Bakıda cərəyan edən “qara qızıl” bumunun rəmzidir. Yeni yaranmış neft maqnatları Bakını Şərqin Parisinə çevirdilər. Onlar müxtəlif memarlıq üslublarında – klassik, barokko, Venesiya qotikası, fransız rokokosu, İtaliya renessansı – möhtəşəm saraylar tikdirdilər. Villa Annelise – həmin sarayların memarlıq, incəsənət və tarixi motivləri əsasında təxəyyülümdə yaratdığım iqamətgahdır. İnqilabdan sonra Villa Annelise kommunizmi və müstəmləkəni simvolizə edən Qarqoyl qalasına çevrilir. Gövhərağa məscidi isə uşaqlıq dövrümdə evimizin yanında yerləşən Göy məscidin yenidən yaradılmış obrazıdır. Təzə bazara gəlincə bu, bazar günləri anamın məni də özü ilə apardığı Nəsimi bazarının eynidir.

– Mənə elə gəlir ki, əsərinizin qəhrəmanı olan Leyla Bədəlbəyli heç də təsadüfi ad deyil. Bu adın arxasında hansısa bir tarixçə varmı?

– Uşaq ikən bacımın Bədəlbəyli soyadında rəfiqəsi vardı. Onun adının səslənməsində sanki bir melodiya duyulurdu. Sonralar öyrəndim ki, Bədəlbəyli soyadı Azərbaycana bir çox gözəl musiqiçilər bəxş etmiş nəslə aiddir. Onların arasında Əfrasiyab Bədəlbəylini xüsusi qeyd etmək istəyirəm. O, balet yazmış ilk Azərbaycan bəstəkarıdır. Balet “Qız qalası” adlanır. Demək, əsərimin baş qəhrəmanına verilmiş ad düşünülmüş seçimdir.

– Qəhrəmanınız Leylanın həyatı yaşıl qapıdan içəri girib, Liza Minellinin “qara məxmər kimi səsini” eşitdiyi anda büsbütün dəyişir. Sizin həyatınızda necə, o “yaşıl qapı” olubmu?

– Anam Ceyn Qolik həyat seçimimə çox böyük təsir edib. Azad düşüncəli rəssam kimi məni “göylərə” qalxmağa və heç vaxt aşağı enməməyə həvəsləndirib. Anam məni Bakı filarmoniyasında keçirilən ilk piano konsertinə aparıb, Şopeni dərk etməyə həvəsləndirib. Bu, mənim klassik musiqiyə açılan “yaşıl qapım” idi. Kitabda “yaşıl qapı” avtobioqrafik xarakter daşıyır. Məktəbimizin yerləşdiyi küçənin əks tərəfində yaşıl qapılı balaca bir musiqi alətləri mağazası vardı. Belə şayiə gəzirdi, guya mağazanın sahibi narkotika alverçisi, sehrbaz, ya da Amerika casusudur. Xəbərdarlıqlara baxmayaraq, ya da məhz o şayiələrə görə mən mağazaya getdim. Və cazibədar mağaza sahibi, Liza Minellinin posteri... Bütün bunlar mənim diqqətimi cəlb etdi...

– Əsərdəki qadın xarakterlərinə valeh oldum. Leylanın, onun anası Zeynəb xalanın, Almazın, professor Sultanzadənin həyat hekayətləri inanılmaz dərəcədə təsirlidir. Siz onların dünyasını “əyri güzgülər krallığı” kimi təsvir etmisiniz. Niyə bu qadınların heç biri xoşbəxt deyil?

– Sizcə, sırf kişilərin, yalan və senzuranın hakim olduğu kommunist rejimində qeyri-adi qadınlar xoşbəxt ola bilərdimi? Onlar xoşbəxt olmağa cəhd edirdilər. Leylanın anası və professor Sultanzadə patriarxal mədəniyyətin qüsurlarını göstərməklə öz ambisiyalarını gerçəkləşdirir və uğurlu karyera qururlar, Zeynəb xala qədim Azərbaycan teatr sənətinin ənənələrinə sadiqdir, Leylanın ən yaxın rəfiqəsi Almaz isə Azərbaycan qadınının gözəllik rəmzidir.

– Dünyada Azərbaycan haqqında məlumatı olmayan insanlar var. Romanınız sayəsində dünya xəritəsində əks olunan uzaq bir diyarda real bir ölkə ilə tanış oluruq. Sizin romanınız tanınmış mühacir yazıçıların əsərləri arasında özünəməxsus yer tutur. Məhz həmin əsərlər sayəsində amerikalı oxucular ölkələrindən kənarda mövcud olan həyata baxa bilirlər. Aleksandr Nemon, Xalid Hüseyn, Jumpa Lahiri, Daniyal Muin əd-Din, Kseniya Melnik və sizin kimi istedadlı yazarları ruhən keçmiş zaman və məkan çərçivəsinə qayıtmağa və doğma vətəni haqqında yazmağa nə vadar edir?

– Nostalgiya rəssamlar və musiqiçilər üçün həmişə çox güclü ilham mənbəyi olub. İkinci nəsil mühacirlərdən fərqli olaraq, bu hiss bizim içimizdə daha güclüdür. Mən Amerikaya gələndə sanki ilan qabığını dəyişən kimi keçmişimi yeni dilə, mədəniyyətə və həyat tərzinə dəyişdim. Beləliklə, mümkün qədər yeni vətənimə alışdım, uyğunlaşdım. Bir neçə il sonra isə tamamilə axına qarışdım, ingiliscə danışmağa, hətta bu dildə düşünməyə, öz fikirlərimi və hisslərimi ifadə etməyə başladım. Amma sonra amerikalı dost və sənət yoldaşlarımın mənim rus, Azərbaycan yumorumdan, musiqi və mədəniyyətimdən – bu hisslər heç vaxt daxili aləmimi tərk etməmişdi – zövq aldıqlarının şahidi oldum. Mühacirlər Amerikaya buradakılara naməlum olan dünyalarını gətirirlər. Bu, onların cəmiyyətə hədiyyəsidir. Və bizlər – incəsənət adamları doğma vətənimizi incəsənətin hər bir sahəsində təqdim etmək üçün doğulmuşuq.

– Siz Azərbaycanda doğulub boya-başa çatmısınız. İndi Amerika mədəniyyətində özünüzü necə görürsünüz? Burada sevmədiyiniz və heç vaxt qəbul edə bilməyəcəyiniz nəsə varmı?

– Amerika mədəniyyətinə bura gəlməzdən xeyli əvvəl uyğunlaşmağa başlamışdım. Odur ki, Amerikaya alışmaq prosesi tez və rahat oldu. Virciniyaya gəlişimizdən iki ay sonra öz “Selah” orkestrimlə səfərə çıxdım və universitetdə musiqi fənnindən dərs deməyə başladım. Amerika mənim özümü özüm kimi hiss etdiyim yerdir. Amerika mükəmməl ölkədirmi? Əlbəttə, yox, amma bura dünyanın əksər hissəsindən daha üstündür, bəlkə, təkcə Kanada istisna olmaqla. Amerikada yalnız bir şeyə alışa bilməmişəm – piyadasız boş küçələrə.

– Sovet Azərbaycanında keçən uşaqlıq illərinizı xatırlayanda, o vaxtların həsrətini çəkirsinizmi? Sovetlər Birliyi dağıldıqdan sonra o yerlərə getmisiniz?

– Romanı yazanda, uşaqlıq illərim, Azərbaycanla bağlı nostalji hisslər yaşadım. Əlbəttə, doğma yurduma səfər etmək istərdim. İşimlə əlaqədar bütün dünyanı gəzmişəm, amma Azərbaycana səfərimi “özəl bir vaxt” üçün saxlamışam.

– Əgər doğma Azərbaycanınızı bir cümlə ilə təsvir etməyinizi xahiş etsəydim, nə deyərdiz?

– Günəş və odlar diyarı, Avropa ilə Asiyanın, Şərqlə Qərbin qovuşduğu yer, möhtəşəm Qafqaz dağlarının əhatə etdiyi isti torpaqlar, Xəzər dənizinin suları ilə yuyulan məkan – uşaqlığımın mələyi.

– Romanda avtobioqrafik məqamlar olsa da bu, hər halda, bədii əsərdir. Memuar yazmaq fikriniz varmı?

– Hələ “Yetim səma” əsərini yazmazdan öncə xatirələr kitabımı bitirmişəm. Amma onu nəşr etdirəcəyəmmi? Nə bilim, zaman göstərər.

– Əvvəllər kiçik hekayələr də yazmısınız. Onların mövzusu nədir?

– Qısa hekayələrimdən bəziləri “Yetim səma” romanında əks olunub, bəziləri mahnılarımın mövzusuna çevrilib. “Ağ yalanlar” (‘Irresistible Lies’), “Nədən, bilmirəm” (‘I Don’t Know Why’), “Ağlı başdan alan qadın” (‘Femme Fatale’) və “Naməlum oyun” (‘Touch’n Go Game’) adlı mahnılarım həmin hekayələrin mövzusunu özündə əks etdirir.

– Romanınız oğlunuz Sergeyə ithaf edilib. Leykemiya xəstəliyi səbəbindən doqquz yaşlı uşağın kiçik qəlbi əbədi dayandı. Epiqrafda deyilir: “Sergey, arzuların diridi...” Oğlunuz nəyi xəyal edirdi? Onun hansı arzusunu, xəyalını həyata keçirməlisiniz?

– Oğlum Sergey yaşamaq və yaratmaq arzusunda idi. “Yetim səma”, bütün musiqilərim, gələcək kitablarım – hamısı Sergeyin arzularıdır.

 

                                                                                                                                                                                                                                                                     Tərcümə: Nəzakət Ağayeva