Uilyam Şekspir
"Hamlet"
Hamletin monoloqu (Cəfər Cabbarlının tərcüməsində)
Olum, ya ölüm... Budur məsələ!
Nədir ən şərəflisi?
Götürməkmi düşmən qəzanın ağır vurğusun?
Və ya qarşı qoymaqmı seylabına
Dənizlərcə daşqın fənalıqların?
Kökündən devirmək, əzib tapdamaq?
Ölmək-uyumaq, bu qədər...
Qəlbin bu kədər, bu iztirabının
Meydanı olan ağır əzabı
Bir uykuda məhv edib bitirmək!..
İstənməz olurmu böylə bir son?..
Ölmək, uyumaq...
Uyumaq?
Bəlkə də, röya görmək? – Güclük budur iştə!
Hər dərdə ölüm uykusu bir son verəcəkdir,
Heyhat... Bu son uyku nələr göstərəcəkdir? –
İştə duracaq, durduracaq bu!..
Yalnız budur, eylər bizi illərcə sürüklənməyə məcbur!
Kim yoxsa dözərdi
Dünyadakı bu zülmə, fəsada?
Həp müstəbidin kibrinə,
Həp güclülərin cəbrinə, təhqirinə,
Min dərdinə bir qaytarılıb çeynənən eşqin?
Hakimlərin azğınlıq, utanmazlığına,
Qanundakı gücsüzlüyə,
Ya doğruluğun bir yaramazlıq kimi təqdirinə
Kim, kim dayanardı?
Madam ki, bir xəncər, bir vurğu
Bizə daimi can qurtaracaqmış,
Kim nifrət ilə, göz yaşı tökməklə həyatın
Min dürlü ağırlıqlarına qatlaşacaqdır?
Ancaq bir qorxu:
Orda nə olacaqdır?!
Orda, o bilinməz qoca dünyada ki
Minlərcə gedən var,
– ta indiyədək bir qayıdan yox!
Sarsıb da gedir bizdə iradə...
Hər kəs bu bilinməz, bu qaranlıq yola koşmaqdansa,
Dünyada qalıb, qatlaşır hər gördüyü cəbrə.
İnsanı, təfəkkür bu sayaq etmədə qorxaq...
Ən qəti qərarın iti rəngi
Sardıqca xəyalat, daldıqca, düşündükcə
Solub getmədə, heyhat!..
Həyəcanla doğan qəti cəsarət sönür...
Fikir işə keçmir...