Uilyam Şekspir
"Otello"
Otellonun monoloqu
Dayanın bir anlığa, izin verin, ağalar,
Getməmişdən sizlərə deyiləcək sözüm var.
Mən öz körpə yaşımdan alışaraq xidmətə –
Senata qulluq etdim, bu bəllidir dövlətə.
Lakin, bunlar bir yana... Nə çıxar bu sözlərdən?
Sizdən son xahişim var: Rica edirəm ki, mən
Bu qanlı macəranı yazarkən məktubda siz
Heç nə artırmayınız, heç nə əskiltməyiniz.
Yazınız: Çox bərk sevdim, möhkəm sevdim mən onu,
Bilmədim məhəbbətin həddini-hüdudunu.
Yazınız: Qısqanmadım o dilbəri sevəli,
Ancaq bir yol qısqanıb dəli oldum mən, dəli!
Vicdanımın, qəlbimin, ruhumun sevincini,
Bütün bu kainatdan müqəddəs bir incini –
Axmaq bir hindu kimi dənizlərə fırlatdım,
Dəryaların dibinə öz əllərimlə atdım.
Yazın: Ağlamaq nədir? – bilməzdim ömrümdə mən,
İndi Ərəbistandakı ağaclardan tökülən,
Qətrələrtək ağlaram…Artırın sonra; bir gün,
Hələbdə gəzişərkən ağ çalmalı bir türkün
Gördüm venetsiyalını hiddətlə döydüyünü,
Venetsiya senatını nifrətlə söydüyünü.
Mən türkün boğazından tutub bu əllərimlə,
O köpəyi bir anda parçaladım, bax belə!