Elektron ədəbiyyat və sənət portalı

Osmanlının talesiz sultanı - II Osman

Bölmə: Tarix 18.09.2015

Osmanlı sultanlarının həyatına nəzər salmaqda məqsədimiz bir türk imperiyasının yaranışı, mövcudluğu, dünya gücünə çevrilməsi kimi tarixi məqamları bir daha göz önünə gətirməkdir.

I Əhmədin ölümündən sonra Osmanlı tarixinin ən mürəkkəb dövrü başladı; gələcək böyük məğlubiyyətlərin əsası qoyuldu, imperiya, tabeliyində olan əraziləri, hərbi-siyasi gücünü, dünyadakı nüfuz dairələrini itirməyə başladı.

Ancaq bu çöküşün özü 300 ildən çox çəkdi. Xristian dünyası Osmanlını çökdürmək üçün daha 300 il bütün gücünü səfərbər etməli oldu...


Sultan olmaq istəməyən Mustafa

I Əhməd öləndə onun Mahfiruz Xədicə Sultandan olan böyük oğlu Osmanın 13 yaşı var idi. Ona görə də, saray xadimləri I Əhmədin qardaşı Mustafanı hakimiyyətə gətirmək qərarına gəldilər.

Mustafa 15-ci Osmanlı padşahı, 94-cü islam xəlifəsi idi. O, Sultan III Mehmetin Fuldanə Validə Sultandan olan oğlu idi. I Mustafa da o biri şahzadələr kimi yaxşı təhsil, təlim-tərbiyə görmüşdü. Lakin dövlət işlərinə qətiyyən həvəsli deyildi. Osmanlı sarayının əyanları onun bu fikri ilə hesablaşmayıb, Mustafanı məcburən taxta çıxardılar.

Bir müddət sonra Mustafanın doğrudan da, dövlət adamı olmadığı, sultanlığı bacarmadığı açıq-aşkar göründü. O, ən adi saray qaydalarını bilmir, özünü sultan, böyük bir imperiyanın padşahı kimi aparmağı bacarmırdı.

Təbii ki, bütün bunlar yüz illərdən bəri kök atmış Osmanlı elitasını razı sala bilməzdi. Ona görə də Sultan Mustafa cəmi 96 gündən sonra –1618-ci ilin 26 fevralında taxtdan endirildi və 13 yaşlı Osman hökmdar taxta çıxdı.

 

Osmanlının II Osmanı

Sultan II Osman tarixdə daha çox “Gənc Osman” kimi, divan ədəbiyyatında isə “Farisi” təxəllüsü ilə tanınır. O, 16-cı Osmanlı padşahı, 95-ci İslam xəlifəsidir. Osman atası Mehmetin Mahfiruz Sultanla nikahından doğulmuşdu. Mahfiruz Sultan Rum əsilli idi. O, övladına çox yaxşı təlim-tərbiyə vermişdi. Bu təlim-tərbiyənin nəticəsində Osmanda indiyə qədər olan sultanlardan fərqli bir çox müsbət xüsusiyyət formalaşmışdı.

Osman taxta çıxan kimi Şeyxülislam Əsəd Əfəndinin və Pərtəv Paşanın qızları ilə evləndi. Bu hadisə saray daxilində o qədər də xoş qarşılanmadı. Çünki Yavuz Sultan Səlimdən başlayaraq Osmanlı padşahı saraydan kənarda olan heç bir ailə ilə qohum olmurdu. Bu, Osmanın saray əyanları ilə ilk toqquşması idi.

 

Səfəvilər və Polşa Krallığı ilə müharibələr

Sultan II Osman taxta çıxanda Sədrəzəm Xəlil Paşa Səfəvi imperiyasına hərbi səfər eləmişdi. Səfəvilər ilk toqquşmalarda Osmanlını məğlub etdilər, lakin onların yetərincə hərbi gücü yox idi. Üstəlik, Xəlil Paşanın ordusunun bazası daha güclü idi. Döyüşlər isə qızılbaşların özlərinə Kəbə bildikləri Ərdəbil yaxınlığında gedirdi. Səfəvilər Ərdəbilin Osmanlının əlinə keçəcəyindən qorxub, sülh sazişi təklif etdilər. 1618-ci ildə Osmanlı ilə Səfəvilər arasında Sərab sülh müqaviləsi imzalandı.

Osmanlı ilə Polşa Krallığı arasında dostluq münasibətləri var idi. Hətta türklərin uzun illər Avstriya ilə apardığı müharibələr belə bu münasibətləri poza bilməmişdi.

Ona görə də, Polşa Krallığının sərhəddində yerləşən Osmanlı müstəmləkələrinin işinə qarışdığını, Osmanlıya tabe olan bəzi qalaları tutduğunu eşidəndə Sultan və onun yaxın ətrafı çox qəzəbləndi. Sarayda aparılan uzun müzakirələrdən sonra Polşa Krallığına hücum qərarı alındı.

Sultan Osman, 1621-ci ilin aprel ayında Polşaya yürüş etdi. Polyaklar türkləri daha güclü, daha intizamlı orduyla qarşıladılar. Onlar Avstriyadan xeyli kömək almışdılar.

Osmanlı Ordusu sentyabr ayında polyakların tutduğu bir neçə qalanı mühasirəyə aldı. Türk əsgərləri dəfələrlə cəhd etsələr də, heç bir uğur qazana bilməyib, geri çəkilməyə məcbur oldular.

Baş verənlər əsgərlər arasında böyük ruh düşkünlüyü yaratdı. Onların arasında geri çəkilməyin vacib olduğunu deyənlərin sayı gündən-gündən çoxalmağa başladı.

Osmanlı ordusunun uğursuzluğunun bir səbəbi də Osmanın hakimiyyətə gətirilməyindən narazı olan yeniçərilərin bu yürüşdə yaxından iştirak etməmələri idi.

Belə bir vaxtda Polşa Krallığının elçiləri sülh üçün müraciət etdilər. Bu təklif Osmanlı ordusu üçün göydəndüşmə oldu. Osmanlı ilə Polşa Krallığı arasında sülh müqaviləsi bağlandı. Bu müqaviləyə görə Polşa Krallığı və Osmanlı imperiyası bir-birlərinin ərazilərinə hücum etməyəcəklərinə dair müqavilə imzaladılar. Polşalılar əvvəllər olduğu kimi Krım xanına illik 40000 qızıl vergi verəcəkdilər.

 

Yarımçıq qalan islahatlar

Sultan II Osman Polşa yürüşünün uğursuzluğunun səbəbini əsgərlərin ruh düşkünlüyündə görürdü. Ona görə də, o, hərbi islahatlar keçirməyə başladı. Ordu hissələri arasında aparılan xırda bir araşdırmadan sonra məlum oldu ki, Osmanlı ordusunda xeyli müftə maaş alan əsgər var. Onlar yürüşlərdə, təlimlərdə iştirak etmirlər, sadəcə, dövlətin ayırdığı imtiyazlardan yararlanmaq üçün orduya yazılıblar.

Sultan II Osman orduya ayrılan pulu yarıbayarı azaltdı, rüşvətxor zabitləri, yalançı əsgərləri cəzalandıraraq ordudan uzaqlaşdırdı. Bütün bunlar sultanın ordudakı müxaliflərini qızışdırdı, zabitlər arasında onun düşmənlərinin, əleyhdarlarının sayını çoxaltdı.

Sultan Osman Anadolu, Misir və Suriyadan gələn əsgərlərdən təşkil olunmuş yeni ordu qurmaq, sarayın daxilində islahatlar aparmaq, qanunlar qəbul etdirmək istəyirdi. Ordu heyəti bu islahatlara, yenidənqurma cəhdlərinə açıq-aşkar etiraz eləsə də, bir çox səlahiyyəti əlindən alınan dini qurumlar öz mövqelərini tam açıqlamaqdan çəkinirdilər. Bu da səbəbsiz deyildi: sultan ona qarşı çıxan ruhaniləri cəzalandırmaq üçün dini təfriqələrdən istifadə edə, hansısa məzhəbə yaxın olan müxalif din xadimlərini başqa məzhəblərin əli ilə vura bilərdi. Osmanlı tarixində belə hadisələr bir neçə dəfə olmuşdu.

Sultan I Osmanın Hələb, Ərzurum, Şam və Misir bəylərbəyinə məktub yazıb onlardan yeni hərbi qüvvə istəməsi xəbəri yeniçərilərə çatanda onlar arasında böyük narazılıq başlandı və yeniçərilər qarşılarına II Osmanı devirmək məqsədi qoydular.

 

Sultanın ölümünə səbəb olan yeniçəri üsyanı

Sultan Osman əsgər toplamaq üçün Anadoluya getmək istəyirdi. Elə bu vaxt İstanbula yeni üsyan xəbəri gəldi: Maanoğlu Fəxrəddin Livanda qiyam qaldırmışdı.

Sultan Livanda baş verən üsyanı yatırtmaq üçün hərbi yürüşə çıxmaq qərarına gəldi. Sədri-əzəm Dilavər Paşa və Şeyxülislam Mehmet Əsəd Əfəndi böyük imperiyanın sultanının balaca bir üsyanı yatırtmaq üçün şəxsən özünün getməsinin gərəksiz və yersiz hərəkət hesab etdiklərini dedilər və bundan sonra sarayın mühafizəkar əyanları, yeniçərilərlə əlbir olub Sultan II Osmanın saraydan çıxışını, az qala, yasaq elədilər.

Çarəsiz qalan gənc hökmdar həccə gedəcəyini elan elədi. Sədri-əzəm, şeyxülislam, yeniçərilər nə qədər çalışsalar da, Sultan Osmanı fikrindən daşındıra bilmədilər.

Həcc hazırlıqlarının başladığı gecə yeniçərilər Süleymaniyyədə yığıldılar. Onlar saraya girib bəzi dövlət adamlarını öldürdülər. Gecə qiyamını yatırtmaq istəyən sultan onları sakitləşdirməyə çalışsa da, heç bir faydası olmadı.

Yeniçərilər din xadimləri ilə birləşib Osmanı devirdilər və əvəzində Sultan I Mustafanı yenidən taxta çıxardılar.

Qiyamın ilk saatlarında zabitlər Sultan Osmanı öldürmək istəmirdilər. Lakin sonradan qaragüruhun təkidi ilə gənc hökmdar Yeddiqüllə zindanına aparıldı və orda vəhşicəsinə qətlə yetirildi. Sultanın cənazə namazı atasının tikdirdiyi Sultan Əhməd məscidində qılındı, onu həmin məscidin türbəsində dəfn etdilər.

Tarixdə misli-bərabəri görünməyən bir vəhşiliklə taxtdan endirilən Sultan II Osman yetərincə mütərəqqi ideyalar həyata keçirdi. O, taxta çıxan kimi böyük islahatlar aparmış, bir çox strateji əhəmiyyətli sahələrə nəzarəti din xadimlərinin əlindən almışdı.

Osmanın devrilməsi və öldürülməsi vəziyyəti sakitləşdirmədi, əksinə, Anadoluda başqa üsyanların yaranmasına səbəb oldu...

 

Hakimiyyətə IV Murad gətirilir

I Mustafanın bu çətin situasiyadan baş çıxara bilməyəcəyini görən şeyxülislam Yəhya Əfəndi və dövlətin yüksək rütbəli təmsilçiləri onun əvəzinə IV Muradı hakimiyyətə gətirdilər.

Sultan I Mustafa taxtdan endiriləndən sonra 16 il yaşadı. O, 1639-cu ilin yanvar ayında – Topqapı sarayında vəfat etdi. Məzarı Ayasofya məscidinin həyətindədir.

MÖVLUD