Page 308 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 308

Gənc yazarların ədəbiyyat almanaxı

                   Məhəmməd əmiylə sevincək razılaşmışdım. Qanadım olsa, uçardım. Amma o
               dəmir lent qutuları az qala özüm ağırlıqdaydı. Film bitib adamlar dağılandan sonra orda
               qalıb həmin dəmir qutuları Məhəmməd əminin motosikletinə yükləyirdim. Ayrılanda
               Məhəmməd əminin cibimə basdığı dəmir pullar gecələr ağrıyan belimə məlhəm
               olurdu. Ufuldaya-ufuldaya yuxuya gedirdim, yuxuda danışırdım, atamı çağırırdım, anam
               gəlir, saçımı sığallaya-sığallaya ağlayırdı…
                   Məhəmməd əminin gətirdiyi Böyük Vətən müharibəsindən bəhs edən rus
               filmlərinə baxdıqca atam gəlirdi gözümün önünə. Onların orada hansı şəraitdə
               qaldıqlarını, necə savaşdıqlarını gördükcə atamı – mənim uşaqlığımı özüylə cəbhəyə
               aparan Fərhad həkimi hissedilmədən bağışlamağa başlayırdım.
                   Məhəmməd əmi deyirdi ki, bundan sonrakı ömrümü atana borcluyam. Qürurdan
               içim-içimə sığmırdı. Atamla fəxr edirdim. Həmin filmə o qədər həyəcanla baxmışdım
               ki, top-tüfəng səsi qulağımı ağrıtmışdı. Ancaq ağrılara dözürdüm, elə bilirdim, atamın
               adı qulağıma dərman qoyur, məni ovudur. Atam haqda nağıllardan daha da güclənir,
               daha da böyüyürdüm. İşə düzələndən bəri güzəranımız, az da olsa, düzəlmişdi. Yavaş-
               yavaş kənd dükanına olan borclarımızı ödəyirdik. Bilirdim ki, orada atam sevindiyindən
               özüylə apardığı uşaqlığımı qucaqlayıb bağrına basır, doya-doya öpür, sonra səngərdə
               yatırdırdı.
                   “Bizim Cəbiş müəllim”in kəndə gəlişi isə ayrı bir şey oldu mənimçün. Elə bil atam
               cəbhədən qayıdıb gəlmişdi. Zalım oğlu elə bil Cəbiş yox, Fərhad həkimiydi. Bir anlıq
               qaçıb mələfə ekrandakı üzündən öpmək də keçmişdi içimdən. Ancaq eləcə lentləri
               öpdüm. Gördüm ki, Məhəmməd əmi gözlərini silir. Məsələ ondaydı ki, Məhəmməd
               əmi özü də hər dəfə gətirdiyi filmlərə bacadan mənimlə birgə sanki ilk dəfə baxır, sonra
               da siqareti-siqaretə calayırdı.
                   Kəndimizdə bir Səmayə nənə vardı; filmdə əsgərlər bombanı atıb “lajiss” deyən
               kimi, Səmayə nənə başını iki əliylə qucaqlıyıb əyilir, səslər kəsiləndən sonra ehmal-
               ehmal dikəlib yan-yörəyə baxır, yanaşı oturduğu əri Kərim babanın sağ olduğuna əmin
               olandan sonra yenidən seyrə dalırdı. Səmayə nənə ötən müharibənin uşağı olmuşdu,
               əri Kərim babanınsa, bəlkə, min yaşı vardı. Kino qurtarandan sonra mən qutuları
               daşıyanda çəliyinə söykənib üzünü Məhəmməd əmiyə tutub deyir:
                   – Bala, o günlərə qaytardın məni. Döyüş günlərim bir-bir keçdi gözümün
               qabağından.
                   – Hə, dayı, lap yaxşı, – Məhəmməd əmi fikirli-fikirli deyir, – yenə gətirəcəm,
               baxarsız.
                   – Bala, bəri dur, saa bir şey danışacam.
                   – Danış, dayı, danış. Uşaq qutuları yığınca vaxtım var.
                   – O vaxt, müharibədə bizə dərman verirdilər ki, qadın-zad istəməyək. A bala, sənə
               bir şey deyim, gülmə: o dərman indi-indi təsir eləyir mənə…
               308
   303   304   305   306   307   308   309   310   311   312   313