Page 301 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 301

* * *
               Gör nə vaxtdan görüşmürdülər. Gör nə vaxtdan. Uzaq tələbəliyin nə qədər doğma
           adamları var, hamısı gəlmişdi. Bir-birinə qol-qol açılırdılar, bir-birinə qucaq-qucaq
           sığınırdılar. İkicə-üçcə saat keçdimi, qonaq-qara yığışıb getdi, ortalıq qaldı Azərin başının
           dəstəsinə. Arağın şirin, xatirələrin dadlı yerinə çatmışdılar. İbrahim müəllim kəndi də,
           evi də, məktəbi də unutmuşdu. Danışmaqdan doymurdu. Sağlıq deyirdi, xatirə
           danışırdı, tələbəliyin isti, ipisti günlərinin həsrətini məclisə yığışanların hamısına
           yaşadırdı. Sonra İbrahim müəllim mahnı sifariş verdi, hamını ortalığa çağırdı. Hamı ayrı
           oynayırdı, İbrahim müəllim bir ayrı. Qolları özünün deyildi, ayaqları özünün deyildi: toy
           zalının divarları, tavanı, stollar, stullar bizim coğrafiya müəllimin tamaşasına dayan -
           mışdı.
               İbrahim müəllim əvvəl yaylığını çıxarıb üz-gözünün tərini sildi, sonra pencəyini
           çıxarıb stola tərəf tolazlayanda Nərgiz bacı ərinin qulağına pıçıldadı, onu dümsüklədi.
           Qorxurdu əri bu dəfə ayaqqabılarını çıxarar, hinduşkanın, ördəyin, buğdanın pulunu
           aparıb tökər çalğıçıların qabağına ki, “Ay Nərgiz, can Nərgiz...” Kənddəki toylarda iki
           kərə belə olmuşdu. Nərgiz bacının qorxduğu başına gəldi. Yox, gəlmədi. Nərgiz bacı
           görəndə ki, İbrahim müəllimin əli cibinə, ayaqları çalğıçılara sarı gedir, özünü yetirdi,
           tutdu ərinin qolundan, başladı ona lap pəsdən yalvarmağa. İbrahim birdəncə özünə
           gəldi, ayıldı. Elə bildi arvadının ağzından buğda tökülür, arvadı hinduşka kimi
           hökküldəyir, ördək kimi qaqqıldayır. Özünü verdi stola, limonu sıxdı qədəhə, qədəhi
           çəkdi başına. Və onu qucaqlayıb əzizləyən adamları uzanan qollarına, genişlənən
           sinəsinə sıxdı. Sıxıb lap bərkdən, lap ucadan demək istədi ki, qoymayın məni kəndə
           gedim, qoymayın, qurban olum, sıxılıram orda, darıxıram orda.                 Coğrafiya müəlliminin pencəyi
               Demədi. Qorxdu, gözləri dolar.

                                             * * *
               Pəncərədən payız günəşi boylananda kefi duruldu İbrahim müəllimin. Hələ
           kənddən çıxmamış, hələ evinin kandarını adlamamış balalarına söz vermişdi. Söz
           vermişdi ki, sizi gəzməyə aparacam. Şəhəri göstərəcəm sizə, Qız qalasına gedəcəyik,
           zooparka gedəcəyik, karuseldə yellənəcəyik.
               Nərgiz bacı bitdi böyründə:
               – Uşaqları gəzdirək, evə gedəndə Sədərək bazarından sənə pencək alarıq.   Cavid Zeynallı.
               – Deyirsən, pulumuz qalar?
               – Qalar, qalar. Çox bədxərclik eləmə. Bir saat, para saat gəzək, çıxıb gedərik.
               İbrahim müəllim bir arvadına, bir də pencəyinə baxdı. İstədi desin, baş üstə, arvad.
           Demədi. Qorxdu, yalançı çıxar.

                                                                                301
   296   297   298   299   300   301   302   303   304   305   306