Page 300 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 300

Gənc yazarların ədəbiyyat almanaxı

               çay yatağına, uzandı payız dumanında itib-görünən obalara. Hinduşka hinduşka ilə,
               ördək ördəklə qoşalaşdı, ayaqlarını gətirdilər Nərgiz bacının əlinə ki, bağla, at maşına,
               üzü bazara sarı, ya Allah. Nərgiz bacının bircə xoruza heyfi gəldi, toyuq-cücəni başsız
               qoymaq istəmədi. Həmin gün buğda kisələri oldu yüpyüngül, atılıb çıxdılar İbrahim
               müəllimin qolları arasına ki, sənə görə min yol...
                   Yolboyu İbrahim müəllim buğda kisələrini, hinduşkaları, ördəkləri, toyuq-cücəni
               neçə dəfə satdı, pulunu bölüb-bölüşdürdü, Əlinin papağını Vəlinin başına, Vəlinin
               papağını Əlinin başına qoymaqdan yorulanda yuxu tutdu İbrahim müəllimi. Bir də
               bazarda ayıldı. Satdı nə gətirmişdisə. Hər şeyin pulu düzəldi, bircə pencəkdən savayı.
               İstəmirdi dostlarının qabağına bu nimdaş, mil-mil pencəkdə çıxsın. Yaman köhnəlmişdi
               pencək. Belə olmayan kimi. Bizim coğrafiya müəllimi neçə aydan bəri nə illah edirdi
               pencəyi dəyişə bilmirdi. Cındırı çıxmış mil-mil pencək üzünə salıb dörd əllə sarılmışdı
               İbrahim müəllimə.
                   – Sırğanı sataq, özünə pencək al.
                   Razı olmadı İbrahim müəllim.
                   – Ayıbdı, vallah, ayıbdı.
                   Nərgiz bacı özü dedi, özü eşitdi.
                   Toy günü səhər obaşdan yola çıxdılar. İbrahim müəllim Murada, Məryəmə baxıb
               sevinirdi. Ürəyi atılırdı. Ürəyi çırpınırdı. Pal-paltarlarını özü seçmişdi, qızın saçını
               hörmüşdü, oğlanın əyin-başını sahmana salmışdı. Hələ Nərgiz bacı. Elə bəzənmişdi,
               deyərdin, gün uzunu həyət-bacada eşələnən çoban Əsgərin qızı deyil, indicə şəhərin
               göbəyindən gəlib düşüb boyu alçaq, gözü qorxaq evə.
                   Ta dəniz görünənə qədər İbrahim müəllim yolboyu fikir elədi. Xədicə müəlliməni
               də bir tərəfdən huşundan çıxara bilmirdi. Xədicə müəllimə yadına düşəndə pul da lap
               uzaqlardan ona əl edirdi: burdayam haa-aa... məni itirmisən, dərdimi çək, yaddan
               çıxarma. İbrahim müəllimin day dərd çəkməyə halı yox idi. Elə ki dəniz göründü, elə ki
               uzaqda atılıb-düşən dalğalar göründü, içini qəribə hisslər bürüdü. Ürəyindən keçdi ki,
               o dalğalar bizə görə atılıb-düşür. Sevinir dalğalar. Köhnə dost kimi məni salamlayır.
               Muradın əllərini, Məryəmin hörüklərini salamlayır.
                   Avtobusdan düşəndə şəhər bütün əzəməti ilə İbrahim müəllimin üstünə yeridi.
               İbrahim müəllim istədi qolları uzansın, sinəsi genişlənsin, bu səs-küylü doğma şəhəri
               daşı-divarı ilə, harasa tələsən adamları ilə özünə sıxsın, əzizləsin, oxşasın və daşa-divara,
               adamlara, uzaqda atılıb-düşən dalğalara lap yavaşdan, lap acizanə desin ki, qoymayın
               məni kəndə gedim, qoymayın, qurban olum, sıxılıram orda, darıxıram orda. Demədi.
               Qorxdu, gözləri dolar.


               300
   295   296   297   298   299   300   301   302   303   304   305