Page 360 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 360

Gənc yazarların ədəbiyyat almanaxı

               yaman işə yaramışdı. Şahsuvar müəllimə elə bir toğlu seçmişdi ki, qonaqlar da razı
               qalmışdılar, Zalovun özü də. Şahsuvarın hörməti birə-min artmışdı rəisin yanında. Son-
               ralar Şahsuvar müəllim rəis keçəndən sonra elə bir əhvalat baş vermişdi ki, el içində
               dillər əzbəri idi. Deyirlər, bir gün Şahsuvar müəllim öz adamları ilə rayon bazarının
               arxasındakı kababxanada nahar edirmiş. Mustafa kişi də bazara heyvan gətiribmiş.
               Heyvanları satandan sonra bir tikə çörək yemək keçib könlündən. Kababxanaya girəndə
               Şahsuvar müəllimi tanıyıb, istəyib, gəlsin, hal-əhval tutsun. Amma Şahsuvar müəllim
               özünü tanımazlığa vurub. Yəqin, ehtiyat edib ki, birdən kişi yenə axmaqlıq edər. Gözünü
               yumub, açar gül ağzını, Allahı yox, vallahı yox. Düzünə qalsa, bu məsələdə Şahsuvar
               müəllimə haqq qazandırmaq da olar. Mustafa kişi mat qalıb bu işə. Oturub, bir-iki şiş
               kabab sifariş verib, yanında da bir çappa tut arağı. Şahsuvar müəllimin çətin zamanları
               imiş. Rayonda oğurluq halları əndazədən çıxıbmış. Bir xeyli vaxt imiş ki, Hacı Mansurun
               yatağından oğurlanan heyvanlardan xəbər çıxmırmış. Nə izi bilinirmiş, nə tozu. Zarafat
               deyil, bir gecədə 50 qoyun yoxa çıxıbmış. Mustafa kişi kababdan bir tikə götürüb, öz-
               özünə mızıldanıb:
                   – Həə! Hajı Mansırın heyvanları dadlı olur! Ay kopoğlunun yovşanı!
                   Bayaqdan ona göz qoyan Şahsuvar müəllimin qulağı alıb bu sözü. Yaxınlaşıb
               Mustafa kişiyə, deyib: “a kişi, danışdığın nədi?” Mustafa kişi bayaqkı sözünü təkrar edib:
                   – Hajı Mansırın, deyirəm, heyvanları yovşan dadı verir ey. Sən Allah, dadına bir
               bax! A bala, Hajı Mansır ağıllı kişidir, Çalda nə qədər yovşanlıq varsa, alıb qatıb özünə...
                   Tezliklə məlum olub ki, Mustafa kişi haqlıdır. Doğrudan da, Hacı Mansurun
               yatağından oğurlanan qoyunların bir qismini bu kafenin yiyəsi alıbmış. Tutublar
               oğruları, basıblar qoduqluğa. Oğru da kim olsa, yaxşıdır? Hacı Mansurun çobanı
               Həvıllah kişi. Hə, olur belə şeylər, insan çiy süd əmib. Bundan sonra Şahsuvar müəllim
               dost olub Mustafa kişi ilə. Saya salıb, salam verib. Deyib, nə işin olsa, gəl.
                   Bir dəfə yenə hansısa yataqdan qoyunlar yoxa çıxıbmış. Şahsuvar müəllim adam
               göndərib, Mustafa kişini gətiriblər. İkisi qoşulub bir-birinə düşüblər bazarın canına.
               Burda da Mustafa kişi işinə yarayıb Şahsuvar müəllimin. Tanıyıb qoyunları. Deyib ki,
               bax bu qoyunlar o sürüdən ola bilər. Şahsuvar müəllim inansa da, yenə soruşub ki,
               hardan bilirsən? Mustafa kişi də deyib ki, bax bu qoyunların yunundakı pıtırğanları
               görürsənmi?! Şahsuvar müəllim də deyib ki, görürəm. Pıtırğan qoyunların qarnının
               altına yapışıb, belləri-böyürləri isə tərtəmizdir. Təkcə o sürünün otladığı yerlərdə
               pıtırğanlar gödək olur. Mustafa kişinin izahı Şahsuvar müəllimin canına yağ kimi yayılıb.
               Hamı da mat qalıb bu cavaba. Şahsuvar müəllimin hörməti, etibarı biz az da artıb
               Mustafa kişiyə. Bax beləcənə Mustafa kişi bundan sonra el arasında sayılıb-seçilən
               adama çevrilib. Kimin əyri bir işi olsa, gəlib Mustafa kişini qoltuqlayıb aparırmış

               360
   355   356   357   358   359   360   361   362   363   364   365