Page 372 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 372

Gənc yazarların ədəbiyyat almanaxı

                   Sonra qonşunun təzə nişanlanmış qızından danışacaq mənə. Məlum olacaq ki,
               oturub-durub nişanlısını “Ramkam, Ramkam” deyə əzizləyən qız bunun zəhləsini lap
               töküb: “Mən də axırda  dedim ki, az, səyləmə, ramka çərçivəyə deyirlər”.
                   Bulvar dönərini mədəsi götürməyəcək. Onun mədəsi Bakı mədəsi deyil hələ. Para
               dönəri bir daşın üstünə qoymaq istəyəcək. Mən çımxıracam üstünə, “yerə zibil atma!”
               deyəcəm. O da dodaqlarını büzüb təəccüblə: “Çörəyə niyə zibil deyirsən ki?” – deyəcək
               və mən güləcəm. Vəziyyətdən çıxmaq üçün deyəcəm: “Qoy çantana, aparıb pişiklərə
               verərik”. Güləcək. Bizim zibilliyin pişiklərilə dostlaşıb. Küçə heyvanlarına qayğı
               göstərəcək qədər mərhəmətlidir hələ.
                   Əyləşdiyim oturacağın ətrafına fırlana-fırlana dondurma yeyəcək. Mən də ona
               baxa-baxa düşünəcəm ki, məni unutmayacaq heç vaxt. Mən onu ilk dəfə teatra aparan
               adamam, ilk dəfə gəmiyə mindirən, ilk dəfə Şəhidlər xiyabanını göstərən, ilk dəfə
               Hüseyn Caviddən danışan. Dayaz gölməçədə ayaqqabıların altını necə təmizləməyi
               öyrədən də mənəm. O, məndən mütləq övladlarına danışacaq. Onlardan çox-çox
               qabaqsa anasına, xalalarına. Xalalarından biri – mənim anam adəti üzrə cin atına
               minəcək və hirsli-hirsli: “Təkbaşına nəzirdiz bulvarda?” – deyəcək. Bu da “gədəni
               götürəydiz də özünüzlə!” anlamına gələcək. Yəni iki qızın başı yenə də “tək baş”dı
               oğlansız. O da deyəcək ki, adamyeyən var bulvarda? Xalası da hirslə mənim xalama –
               onun anasına deyəcək ki, sənin qızına dil çatdırmaq olmur, maşallah, rusların içində
               yaman da qız tərbiyə eləmisən. Xalam da qızını danlayacaq. Amma bu danlaqlar onun
               təəssüratlarının kölgəsində dərhal əriyib gedəcək. Bu arvadlar haradan bilsinlər ki, 17
               yaşında ilk dəfə Xəzərin mazutlu sularında üzmək, günəş altda göz qamaşdıran
               dalğaların gəminin burnunda parça-parça olmasının şəklini çəkmək nə deməkdir?!
                   Təzə yay ayaqqabıları barmaqlarını əzəcək. Plastır almaq üçün aptekə girəcəyik.
               “Bu kişi kimdi ee, səsini atıb başına” – deyəcək. Mən televizora tərəf çevriləcəm. “Elxan
               Əhədzadədi, müğənnidi” – deyəcəm. Bu ad ona tanış deyil. Bizimkilərdən bircə Faiq
               Ağayevi tanıyır. “Sən də hamını tanıyırsan eee...” – deyəcək çiyinlərini çəkib.
                   Metroya enib evə qayıdacağıq. O, heç kimə fikir vermədən bütün diqqətini toplayıb
               metro reklamlarını oxuyacaq. Bütün “ə”ləri “e” yazsa da, oxuya bilir ana dilində. Protein
               reklamındakı böyük əzələləriylə qürrələnən oğlana güləcək, “bu da özünü camaata
               göstərir e” – deyəcək, başqa bir posterdəki qızın paltarını bəyənəcək. Mən də onun
               ara-sıra “filan şey nədi?” tipində suallarına cavab verə-verə düşünəcəm ki, ona mütləq:
               “Elə deyil, quzum, mən hər şeyi bilmirəm, hamını tanımıram...” – deməliyəm. Amma
               deməyəcəm. Qoy məni belə tanısın. Əmin olsun ki, bu dünyada bütün suallarına cavab
               ala biləcəyi bir adam var. Ümid yeri olmaq çox məşəqqətlidir əslində. Nümunə olmaq
               372
   367   368   369   370   371   372   373   374   375   376   377