Page 170 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 170
Gənc yazarların ədəbiyyat almanaxı
Şəkil
Sən, ey başdaşından boylanan şəkil,
Dünyaya baxmaqdan yorulmadınmı?
Burdan gəlib-keçən haqqa çatmaza,
Dişini sıxmaqdan yorulmadınmı?
Bir gəlib tozunu silənin də, yox.
Sən kimdin, nəçiydin – bundan kimə nə?
Bəlkə, bir istəyin, bəlkə, arzun var,
Utanma, çəkinmə, buyur, de mənə.
Əvvəllər bir qadın görərdim hərdən,
Gəlib dayanardı sənlə üzbəüz.
Deyəsən, heç o da baş çəkmir daha,
Nə dedin, xətrinə dəydi hansı söz?
Bəlkə, o qadın da köçüb dünyadan,
Köçübsə, görəsən, hardan boylanır?
Yəqin, başqa yerdə dəfn eləyiblər,
Yəqin, bir şəkil də ordan boylanır
170